Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:32

Nigar Köçərli: «Pasternakı oxumayıb, amma söz deyir...»


Nigar Köçərli
Nigar Köçərli
«Əli və Nino» Nəşrlər Evinin təsis etdiyi Milli Kitab Mükafatı öz sahiblərini tapdı. Mayın 31-də mükafatın təntənəli təqdimat mərasimi keçirildi. Hər şey arxada qaldı. Mükafatın təsisçisi Nigar Köçərli ilə atüstü müsahibəni sizə təqdim edirik:

- Nigar xanım, təqdimat mərasimi necə keçdi?

- Məncə, çox maraqlı keçdi. Gülməli epizodlar oldu.

QALİBLƏRDƏN BİRİ YATMIŞDI

Məsələn, laureatlardan biri yatmışdı. Ümumiyyətlə, hamı üçün böyük sürpriz oldu. Əvvəlcədən kimin qalib olduğu bilinmirdi. O üzdən də, yatan var idi. Bir də, çalışdıq ki, tədbir rəsmi olmasın. Həm də, hər şeyi necə var eləcə, layihənin qiymətləndirilməsi kimi obyektiv, şəffaf atmosferdə saxlayaq. Üçüncüsü, sizin əməkdaşlarınız da orda idi, şahiddirlər, tədbirə həddindən çox adam gəlmişdi. Biz 150-200 nəfər nəzərdə tutmuşduq. Odur ki, əlavə stullar qoyası olduq. Təqdimatda tanınmış insanlar iştirak edirdi. Hamısına təşəkkür edirəm gəldiklərinə görə. Hamı həyəcanla gözləyirdi nəticələri. Məncə, razı qaldılar.

HƏR ŞEY GÖZLƏNİLMƏZ VƏ MARAQLI İDİ

- Qalib olanlar, sizin özünüzü necə, razı saldımı?

- Bu, çox çətin sualdır. Bu son tədbirə kimi mən obyektivliyi saxlamağa çalışırdım. Sadəcə təşkilatçıydım. İxtiyarım yox idi şərh verməyə. Amma artıq layihə bitdi, sərbəstəm. Məni razı saldı. Təşkilatçı kimi məqsədim o idi ki, həm ekspertlər, həm münsiflər öz işini rahat, obyektiv görsünlər. Buna nail oldum. Münsiflər işlərini yaxşı gördülər. Əlbəttə, bir təşkilatçı kimi onlardan razıyam. Qaldı nəticələrə, bu, onların seçimidir. Mənim üçün də sürpriz idi. Təqdimatdan 2-3 gün əvvəl nəticələr bəlli oldu. Münsiflərdən bəziləri cavablarını gecikdirdilər. Qaraqan ən çox bal topladı. Əksəriyyət ona yaxşı bal vermişdi. Bu da maraqlı tendensiyadır. Münsiflər nəyə görə ayrı-ayrılıqda bu nəticəyə gəliblər? Yəqin gözəl və maraqlı bir roman müəllifi olduğuna görə! Cavandır, əsgəri xidmətdədir, 22 yaşı var və belə böyük bir layihənin qalibidir! Məncə, bu gözlənilməz və maraqlıdır.

PASTERNAKI OXUMAYIB, AMMA...

- Amma yəqin özünüz də oxumusunuz, fərqli fikirləşənlər də var. Qalib əsərin redaktəyə ehtiyacı olduğunu, dil xətasını qabardanlar var...


- Maraqlı diskussiya baş verir. Belə də olmalıdır. Gəlin ortaya çıxaraq Qaraqanı. Ən böyük arzum odur ki, bu əsər oxunsun və müzakirələr başlasın. Əsas odur ki, biz işimizi gözəl, obyektiv görmüşük. Qaldı Qaraqanın əsəri, Əjdər Olun əsəri, fərqi yoxdur, mən istəyirəm ki, əsərlər oxunsun, sonra müzakirələr baş versin. Yəni əsərlər oxunmadan müzakirə olmasın! Ruslar demiş, Pastenakı oxumayıb, amma söz deyir...Gəlin, bu dörd qalibin kitabını oxuyun, sonra danışın. Ola bilsin kiminsə xoşuna gəlməyib, bunsuz olmaz. Mən istəyirəm mükafatın verilməsi ilə hər şey bitməsin, sonra da müzakirələr davam etsin.

QALDI PULLARA…

- Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsinin olmaması, pul mükafatlarının həmən verilməməsi ilə bağlı iradlar da var.

- Nazirliyin nümayəndəsi olmalıydı. Nəyə görə gəlmədiyini bilmirəm. Yəqin ki, səbəbi var idi. Nazirliyə təşəkkürümü bildirirəm - təşkilat dəstəyinə görə. Qaldı pullara, mən hesab etmirəm ki, hamının həyəcan keçirdiyi bir tədbirdə pulu zərfdə həmən təqdim etmək asan bir işdir. Narahatlığa əsas yoxdur. Yazıçılar pul mükafatını bu gün saat 17-dən sonra alacaqlar. Vergi çıxılmadan, nə qədər demişik, o qədər də verəcəyik Hamısı ofisimizə gəlib, qol çəkib pullarını alacaqlar.

HEYKƏL YARI BÖLÜNMƏYƏCƏK!

- Müşahidəçilər mərasimdə narazılığını bildirənlər, verilən heykəlciyi bölmək istəməyənlərin də olduğunu deyirlər...

- Bu da təbiidir. Narazı qalanlar olmalıdır. Kiminsə ambisiyaları daha böyükdür, kimsə qalib gəlmək istəyirdi. Əslində, hamısı qalib olmaq istəyirdi. Qaldı heykələ, nəticələr təqdimatdan 2-3 gün əvvəl bəlli olduğu üçün dördüncü heykəlciyi çatdıra bilmədik. Amma söz vermişik ki, düzəltdirəcəyik.

II MİLLİ KİTAB MÜKAFATI - SÜRPRİZ DƏYİŞİKLİKLƏRLƏ!

- Onda son sualımı verirəm sizə...

- Sevda xanım, çox sağ olun. Mən dünən mərasimdən əvvəl «İşdən sonra» proqramının canlı efirində də dedim, AzadlıqRadiosuna və onun dinləyicilərinə təşəkkürümü bildirirəm, ilk gündən bizi dəstəklədiniz, maraqla izlədiniz və işıqlandırdınız. Həm sizin radioya, həm də ümumilikdə mediaya görə bu layihə maraqlı alındı.

- Elə isə, tamammı-davammı?


- Davamı mütləq olacaq. Sentyabr, ya oktyabr ayında elan verəcəyik. Mütləq dəyişikliklər olacaq, yeniliklər olacaq. Qoy o da sürpriz kimi qalsın. İnşallah, payızda görərsiniz.


Bu mövzuda həmçini oxu
Rasim Qaraca: Bu nə oyunbazlıqdır?..
XS
SM
MD
LG