Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:16

Qubada sürüşmə olub


Qubanın Güləzi kəndində baş verən torpaq sürüşməsi ilə əlaqədar olaraq kənddən keçən avtomobil yolu tamamilə yararsız hala düşüb.

3 ucqar yaşayış məntəqəsinin - Dalaqo, Yuxarı və Aşağı Qalmıq - kəndlərinin yolu bağlanıb. APA-nın xəbərinə görə, əhali dağlıq ərazidə 8-10 kilometrlik yolu piyada getməklə rayon mərkəzinə çıxmaq məcburiyyətində qalıb.

Təqribən 100 hektara yaxın bir sahəni əhatə edən torpaq sürüşməsi ərazidə keçilməz yarğanlar, 1 m enində iri çatlar əmələ gətirib. Sürüşmə prosesi nisbətən səngisə də, əraziyə ağır texnikanın aparılması hələ də mümkün deyil. Güləzi kəndində evi tamamilə uçan iki ailə çadırlarda məskunlaşıb. Evi yararsız hala düşən 8 ailə isə kənddəki başqa mənzillərdə müvəqqəti qalmaq məcburiyyətindədir.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Məmmədovun APA-ya verdiyi məlumata görə, kənddə 10 ev tamamilə uçub, 20-dən artıq evdə isə qəza vəziyyəti yaranıb. Hazırda komissiya sürüşmə zonasında yaşayan ailələrin başqa bir əraziyə köçürülməsi və həmin ailələrin yeni mənzillərlə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Sürüşmə zonasında yaşayan sakinlərin mal-qarası çöldə saxlandığından son günlər canavarların hücumuna məruz qalırlar. Kəndə hücum çəkən canavarlar 10-dək xırda və iri buynuzlu heyvanı məhv edib.
XS
SM
MD
LG