Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:45

Turan Şükürlü "Uzaqlar çağırır"


Hara gedirdi-getsin, rastlaşdığı bütün insanların gözündən ona həmişə kədər baxırdı. Hər yerdə gördüyü bu kədər onu güzgüdə də izləyirdi. Ona görə də, nə güzgüyə baxmaq istəyirdi, nə də insanlara.

Onun avtobusla keçdiyi yolun yanından hər səhər qatar gedirdi. Hara getdiyi bilinməsə də, hər halda, buralardan uzaqlara gedirdi və bu “uzaqlar” hissi qəribə həsəd hissləri doğurub, onu əsir-yesir edirdi.

Bu şəhərdə nəinki iş tapmaq, nəfəs alıb yaşamaq onun üçün müşküllərin müşküllərinə çevrilmişdi.

Avtobusdan düşüb yolu keçdi. Ayaqları kəsmək bilməyən yağışın suyundan cum-culuq islanmışdı. Amma sevinirdi ki, ayaqqabısına üstdən baxanda su buraxdığı sezilmirdi.

İş yerinə (daha doğrusu, iki ildir pulsuz-parasız, ancaq ümidlərlə gedib-gəldiyi, bəlkə də işə düzələcəyi bu şirkətə) çatmışdı. Qapının ağzında dayanana mühafizəçilərdən biri gəlib ədəblə qapını açdı.

İçəri daxil olub liftə mindi. Bu, həyatında mindiyi ilk lüks lift idi. Lift üçüncü mərtəbəyə çatıb dayandı. “Hə, deməli dəhlizə yeni xalçalar da döşəyiblər, divarlara yeni şəkillər, pəncərənin ağzında yeni gül dibçəkləri...

Nə gözəl!” Bu düşüncədəykən nəzərləri küncdən ona yönəlmiş videokamera üzərində dayandı.

“Burada hər yerdə kamera var. Hamı bir-birinə nəzarət edir, hamı bir-birindən xəbər daşıyır. Maraqlı sistemdi...” düşüncələrini siqaret və qəzet qoxusunun hibridindən yaranmış ağır qoxu qarışdırdı.

Deməli, işlədiyi (bəlkə də, nə vaxtsa işləyəcəyi) otağa çatmışdır. Əvvəlcə üzbəüz otaqdakılarla salamlaşdı.

Daha sonra müdirin otağının qapısını döyüb içəri keçdi. Müdir yenə narazı simasıyla öz notbukunda yazmaqla özünü məşğul göstərirdi. Hər zamankı hal.

İşçilərinə, dostlarına , qohumlarına, hamıya çox məşğul olduğunu nümayiş etdirirdi. Əslində yaşadığı ölkədə bu bir dəb idi. Yəni işsizlər ölkəsində özünü “busy man” (məşğul adam) – vaxtı olmayan, işi-gücü başından aşan, önəmli şəxsiyyət olduğunu göstərmək ən böyük hünərdi. Belə ölkədə işi olmaq isə daha böyük hünərdi.

- Salam, Nizami müəllim.

- Salam. – Müdir başını qaldırmadan sözə başladı – Mən sənə tapşırmışdım axı, bax, gör, qəzetlərə bizim barədə hansı tənqidi məqalələr var, nəyi irad tuturlar – onları araşdır. Araşdırdın?

- Bəli, araşdırdım, hansı tarixdə dərc olunduqlarını da sırayla yazdım.

- Yaxşı, nahardan sonra verərsən, baxaram.

Bu dəm qapı tıqqıldadı, müdirin “gəl” sədasından sonra işçilərin cismən yaşlı, ruhən isə ən cavanı Raysa parıldayan gözləriylə otağa daxil oldu. Həmişəki kimi rus dilində yazdığı materialı gətirmişdi. Kimsə bu yazıları dilimizə çevriməliydi. Müdir küt baxışlarıyla Raysaya baxdıqdan sonra, bir qədər fərqli nəzərlərlə perspektiv işçisinə baxıb, dedi:

- Götür bunun yazılarını, Axşama kimi tərcümə edərsən. Sabah sayta yerləşdirərik.

Raysa rus dilində təşəkkür etdikdən sonra çıxıb getdi.

Sonra müdir:

- Ağzına gələni yazıb yenə. Tərcümə prosesində həm də ixtisar et. –deyib, yenə gözlərini notbukuna zillədi.

Raysa bu şəhərdə anadan olmuşdu. Təhsil almış, ailə qurmuş və yetmiş ildir ki, burada yaşayırdı. Amma əziyyət çəkib buranın dilində yazmaz və danışmazdı.
İşçilər öz aralarında ana dilində danışanda maraqla dinləyərdi. Çox yaxşı, firavan bir həyatla təmin olunmuşdu bu şəhərdə.

Perspektiv əməkdaş telefon zənginə görə tərcüməni yarımçıq qoyur aparata tərəf sarı getməli oldu. Müdirin gözləri nəsə oxumaqla məşğul olsa da, qulaqları kimin zəng etdiyini öyrənmək təlaşında idi. Telefonun dəstəyini götürdü.

- Salam, xanım.

- Salam.

- Mən kor və əlillər cəmiyyətindənəm, müdirinizlə danışmaq istəyirəm.

- Bir dəqiqə.

Müdir nəhayət ki, baxışlarını qaldırıb ondan soruşdu:

- Kimdi?

- Kor və əlillər cəmiyyətindəndi.

Tərs-tərs baxan müdir telefonun dəstəyini onun əlindən hirslə aldı.

O isə yerində oturub ürəyinin artan döyüntülərinin sıxıntısıyla tərcüməyə davam etməyə çalışdı.

Beş dəqiqə sonra telefon dialoqu müdirin “mümkün deyil” qışqırtısı ilə və dəstəyi yerə çırpması ilə bitdi. Bu isə yeni iradların başlanacağının işarəsiydi.
- Neçə dəfə demişəm –belə adamlar üçün mən yoxam! Sən ayının əmisisən, yoxsa bizim? Bu axmaq şair təbiətini dəyiş. Yoxsa heç nə eldə edə bilməyəcəksən həyatda. Bəlkə yaxşı yaşamaq istəmirsən?

Müdir bu alovlu nitqindən sonra nahara getdi.

Günahkar-günahkar yerində oturub, ora –bura baxır, dağı arana, aranı dağa daşıyırdı. Nəhayət baxışları divardakı saata ilişdi. Saat 13.00-du.

İndi Türkiyədə saat 11.00, Rusiyada isə 12.00.

“Başqa məkanda, başqa vaxtda yaşayanlardan olmaq istərdim...”- deyə öz-özünə düşündü.

Telefon yenə zəng çaldı. Qorxa-qorxa gedib dəstəyi götürdü.

Xüsusi ədayla danışan bir amerikalı idi. Dediklərindən belə məlum oldu ki, “Forbes” jurnalının əməkdaşıdır. Bu jurnalda şirkətin reklamı yerləşdirilməsi məsələsi ilə bağlı məsəlləri həll etmək üçün, axşam saat 17.00 - də bura - yəni şirkətə məsləkdaşları ilə birgə gələcəkdi. Nahardan sonra gələcək qonaq barədə müdirə məlumat verdi.

- Gəlsinlər də. Onsuz da bütün maliyyə məsələləri həll olunub. 80 min dollardan ötrü avropalılar, amerikalılar ayaqqabılarımızdan öpməyə də razıdırlar. – deyən müdir hırıldayaraq boyunda böyük kreslosuna çökdü və son zamanlar çəkməyə başladığı bahalı siqaretindən birini yandırdı.

Qonaqlar bir saat gecikdikdən sonra –saat 18.00-da gəlib çıxdılar. Müdirin ən “etibarlı” işçisindən başqa hamı evə getməyə tələsirdi.

Şirkətin qapısından çıxanda kompüter şüasının və otaqdakı siqaret tüstüsündən qızarmış gözləri ətrafı dumanlı görürdü. Soyuq da ilan kimi bütün bədəninə sarılmışdı.
Hər səhər şirkətin yanına gəlib, burada axşama kimi dayanan, heydən düşmüş insanların – qucağında uşağı olan qadınların, şikəstə kişilərin məzlum baxışlarının müşayiəti ilə yolu keçib dayanacaqda dayandı.

Bəzən onların baxışlarından utanırdı, özünü günahkar sayırdı. Bu şirkətdəkilər də “başqaları” hesab olunanlar kimi şəhərin “gözə görünməz sakinləri”ni görməzdilər. O hələ bu “sakinləri” gördüyünə görə, hələ “başqaları”dan birinə çevrilməmişdi və bu çevrilmə prosesi çox ləng gedirdi. Bu ləngimənin səbəbi də daxilindəki qütblərin çarpışması idi. İkisindən birini seçməliydi. Ya da getməliydi...

Başını bir müddət aşağı saldı, sonra üzünü çevirib küləyin dalğalandırdığı bayrağa baxdıqca baxdı. “Kimin vətənisən sən?” çarəsizliyin yükü altında dizləri titrəyərək, pıçıldadı.

Avtobusa mindi. Avtobus getdikcə bayraqdan uzaqlaşırdı. O da avtobusda – ayrıca olaraq – bayraqdan uzaqlaşdıqca uzaqlaşırdı...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG