Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:06

Daha bir neçə kənd suya qərq oldu


Sabirabad
Sabirabad
Kürqırağı ərazilərdə vəziyyət hələ də gərgin olaraq qalır. Mayın 19-u səhər saatlarında Sabirabad rayonunun Çığırğan kəndi istiqamətində bəndin 40 metr məsafədə dağılması vəziyyəti bir qədər çətinləşdirib. Bəndin dağılması nəticəsində qonşu Azadkənd və Həşimxanlı kəndləri su altında qalıb. Çığırğan kəndinə su girməsə də sakinləri tamamilə köçürüblər. Hazırda ərazidəki bütün texnika və canlı qüvvə yaxınlıqdakı digər üç kəndin-Cəngən, Muğangəncəli və Çiçəkli kəndlərinin qorunmasına cəlb edilib. Hadisə yerində olan rəsmilər bildiriblər ki, adı çəkilən kəndləri Kür daşqınlarından qoruyan bənd dağılsa, su qonşu Salyan rayonunun mərkəzinə qədər gedib çıxa bilər.

DƏMİRYOLU DAĞIDILIB Kİ, SU ÇÖLLÜYƏ AXSIN

Dövlət Dəmir Yolu İdarəsindən AzadlıqRadiosuna verilən məlumata görə, yaranmış gərginliyi azaltmaq və digər yaşayış məntəqələrinin su altında qalmaması üçün həmin ərazidən keçən dəmiryol xətti dağıdılıb və suyun istiqaməti yaşayış məntəqələri olmayan çöllüyə, əkin sahələrinə yönəldilib.

Hadisə yerində olan Cəngən kənd sakini Mahir Qəhrəmanovun dediyinə görə, texnika ilə yanaşı bənd bərkitmə işlərinə qonşu kəndlərin sakinləri, Salyan rayon polisi cəlb edilib.

Adamlar mayın 18-dən kəndləri tərk etməkdədirlər.

«Deyirlər ki, bu kəndlərə suyun girməsinin qarşısı necə olursa-olsun alınmalıdır, yoxsa su Salyana qədər gedib çıxacaq. Bizim kəndə deyilməyib ki evləri tərk edin, amma adamlar özləri çıxmaqdadır, bənd bərkidilən istiqamətdə Həşimxanlı kəndi tamamilə boşaldılıb, bizim Cəngən kəndində adamların yarısı mal-qaranı götürüb kəndi tərk edib,
Fövqəladə Hallar Nazirliyi tərəfindən bizə xəbərdarlıq olmayıb. Amma adamları daşımaq üçün avtobuslar və digər maşınlar hazır dayanıb».

KƏNDLƏR YENƏ BOŞALIR

Muğangəncəli kənd sakini İbrahim Əkbərov da kəndlərin tamamilə boşaldığını deyir. Onun sözlərinə görə, ötən gün Muğangəncəli kəndi istiqamətində bəndin dağılmasının qarşısı alınsa da, təhlükə hələ də qalmaqdadır.

«Muğangəncəlidə iki yerdən bəndin dağılma təhlükəsi var idi, amma qarşısı alındı. Bəndi nə qədər bərkitsələr də iki kənddə təhlükə sovuşmayıb. Digər yerlərdən fərqli olaraq bu kəndlər düz bəndin dibindədir, bənd dağılsa sürətli su axını evləri dərhal yuyub aparacaq».

SUYUN SƏVİYYƏSİ HƏLƏ Kİ, DÜŞMÜR

Su və Meliorasiya ASC-nin rəhbəri Əhməd Əhmədzadə son vəziyyətlə bağlı açıqlamasında vəziyyətin gərgin olaraq qaldığını deyib. Cənab Əhmədzadə bildirib ki, onlar suyun istiqamətini çöllük ərazilərlə dənizə doğru axıtmaqla gərginliyi azaltmaq fikrindədirlər. Əhməd Əhmədzadə təhlükənin yarandığı Sarısu gölündə suyun mayın 19-da beş santimetr aşağı düşdüyünü bildirib.

Kür çayında isə suyun səviyyəsi, əksinə, artmaqda davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, mayın 19-da Kür çayının müxtəlif məntəqələrində suyun səviyyəsində 3 santimetrdən 15 santimetrə qədər artım müşahidə olub.
Asif Verdiyev Kür çayında suyun səviyyəsinin hələ artmaqda davam edəcəyini deyir.

«Çaylarda yüksək sululuq davam edir və yaxın günlərdə də artımı gözlənilir».

BİR NEÇƏ GÜN ƏVVƏL EVLƏRİNƏ DÖNƏNLƏR YENİDƏN QAÇAQAÇDADIRLAR

Kür çayı Bayramlı qəsəbəsi yaxınlığında bəndi dağıdandan sonra təhlükə ilə üzləşdikləri üçün evlərini tərk edən Sarxanbəyli, Moranlı və digər kəndlərin sakinləri bir neçə gün əvvəl təhlükənin sovuşduğunu düşünüb evlərinə qayıtdıqlarını deyir. Amma onların sözlərinə görə, Azadkənd istiqamətində dəmiryolunun dağıdılması və suyun istiqamətinin Muğan çöllüyünə yönəldilməsi kənd sakinlərini yenidən narahat edib. Sarxanbəyli kənd sakini Güloğlan İsmayılovun dediyinə görə, onlara kəndi tərk etmək barədə xəbərdarlıq olunmayıb, sadəcə adamlar özbaşına kəndləri tərk etməkdədirlər.

Su altında qalan kəndlərin sakinləri Şirvan şəhərindəki çadır düşərgəsinə yerləşdirilməkdədir.
XS
SM
MD
LG