Yaşımız boyu gözümüzün qabağından çoxlu adam gəlib keçir.
İlk baxışdan bizə unudulmaz görünən adamların çoxunu özümüz də bilmədən çox tez unuduruq.
Gördüklərimizin yaxşıları da olur, yamanları da.
Gözəlləri də, gözəl olmayanları da. Bəyəndiklərimiz də olur, bəyənmədiklərim də. Sevdiklərimiz də, sevmədiklərimiz də.
Hələ-hələ unuda bilməyəcəyimizi düşündüyümüz kimsələri haçaq unutduğumuzu belə sezmədiyimiz çağlar olur. Eələcə, özümüz də bilmədən unuduruq qurtarıb gedir.
Gözləməyə-gözləməyə unutmadıqlarımız da olur. Sevdiyimizə görə? Ola bilər. Bəyəndiyimizə görə? Bu da olası işdi. Bəs bunlar olmasa necə?
Qabaqlar həyətimizə bir xlorsatan qadın gələrdi. Ucaboy, nazikbədən, qarayanız bir qadın idi. Hər əlində on litrlik bidon Sumqayıtdan xlor gətirib satırdı. Hərdən bidon yerinə torbada üst-üstə qoyulmuş üçkiloluq balonlarda gətirirdi xloru.
Qadın hər səhər bizim sovet dönəmindən qalma “Leninqrad proyekti” evlərin arasındakı balaca meydançada dayanar, dörd bir yandakı balkonlara göz gəzdirər, sıxıla-sıxıla səslənərdi: “Xlor var, xlor!”
Həyətə başqa xlorsatanlar da gəlirdi. Ancaq onlar gəldi - gedərilər idi. Onlardan hələ-hələ xlor alan olmurdu. Onlar eləcə, yolüstü kimi gəlir, ucadan “xlor var!” qışqırığı ilə həyəti dolanıb gedirdilər.
O qadınsa nəyə görə, bilmirəm, bircə bizim həyətə gəlir, gətirdiyi xloru da nə sata bilsə bizim həyətdə satırdı. Yoldaşım “gəldi - gedər” adlandırdıqlarından xlor almır, mənə də onlardan xlor almamağı tapşırırdı. “Onların satdığı təmiz xlor olmur”- deyirdi.
Hərdən xlor almağa o özü gedirdi, hərdən - əlində işi olanda - məni göndərirdi. Hərdən də görürdün pəncərəni açıb, dördüncü qatdan üzüaşağı çağırır: “Ay xlorsatan, bizə bir litr (ya iki, üç litr) xlor gətir!”
Aradan az keçmiş qapı astaca döyülürdü. Nəsə iş görən yoldaşım belədə qapıya məni göndərirdi. Qapını açırdım. Qadın yerə qoyduğu bidonu göstərərək çıkinə-çəkinə, sıxıla-sıxıla deyirdi:
- Gətirmişəm.
Əlimdəki kola, ya fanta butulkasını, ya da üç kiloluq balonu dinməzcə ona uzadırdım. İş butulkalıq olanda o özü ilə gətirdiyi qıfı butulkanın ağzına keçirib bidondan xlor tökürdü. Balona qalanda, elə-eləcə. Sonra da aldığımız xlorun dəyəri olaraq verdiyimiz qəpik-quruşu alır, çox böyük qazanc yiyəsi olmuş kimi dönə-dönə “Sağ olun” deyib gedirdi.
Bir gün o özü ilə on üç-on dörd yaşlı oğlunu da gətirmişdi. O gün xloru bizə oğlan gətirdi. Onun çəkinə-çəkinə döydüyü qapını mən açdım. O da anası kimi qapı ağzına qoyduğu bidonu göstərərək:
- Gətirmişəm, - dedi.
Verdiyim balonu asta-asta doldurub, dikəldi. Ondan neçənci sinifdə oxuduğunu soruşdum. Oğlan gözləmədiyi sorudan çaşan kimi oldu. Bir az duruxub, dilləndi:
- Altıncı sinifdə.
- Dərsə niyə getmirsən?
- Anama kömək eləyirəm.
- Dərsdən qalanda müəllimlər bir söz demir?
Bayaqdan ürəksiz danışan oğlan, nədənsə, ola bilsin, mənim qayğılı yanaşmamdan ürəkləndi:
- Düz - əməlli dərs keçirlər, danışalar da.
- Sən çalış yaxşı oğlan ol, hər gün dərsə get, yaxşı oxu.
Oğlanın qırışığı açıldı, gülümsündü:
- Baş üstə!
Yanvar ayı idi. Bakıda hələ-hələ görünməyən güclü qar yağmışdı. Dünən yağan qar bizim kimi qar görməmişlərinə necə sevinc gətirmişdisə, hər yer buz bağladığından bu gün də eləcə qorxu gətirmişdi - buzlu yollarda yıxılmaq qorxusu.
İşə gedirdim. Blokdan yenicə çıxmışdım. Onu beş-on metr aralıdakı meydançada duran gördüm. O da məni gördü, yanındakı torbadan üçkiloluq balon çıxarıb, mənə sarı gəldi. Hava şaxtalı – sazaqlı, o isə köhnə, nazik paltardaydı. Soyuqdan büzüşmüşdü. Yaxınlaşıb dolu xlor balonunu mənə uzatdı:
- Nolar, bu balonu mənnən alın, çıxım gedim evimə, donuram.
Onun balon tutan arıq əlləri, üzü, dodaqları soyuqdan gömgöy göyərmişdi. Yalvarıcı baxışlarla baxıb dururdu. Bəlkə də, yoxluq üzündən özümdən asılı olmadan:
- İşə gedirəm, - dedim.
O isə gileyli-gileyli dilləndi:
- Zavodda bizə pul vermirlər, “pul yoxdu”deyirlər, əmək haqqı yerinə xlor verirlər. – Bir az durdu, köks ötürüb dedi: - Xlor satıb, çörəkpulu qazanırıq, bala başı saxlayırıq.
Əlimi cibimə salıb, yol pulundan başqa olan pulumu ona uzatdım:
- Aparın evə.
Axşam işdən qayıdanda yoldaşım məni acıqlı qarşıladı:
- O xloru niyə almısan?
- İndiyəcən niyə almışıq?
- İndiyəcən olmayanda almışıq, indi ola-ola.
- Soyuqdan donurdu, qabağımı kəsdi, yazığım gəldi, aldım.
Bununla onun qadın ürəyinin yumşalacağını, beləliklə, məndən əl çəkəcəyini düşünürdüm, ancaq tərsinə oldu; o, bir az da artıq acıqlandı:
- Niyə “mersedes”li - pullu kişilərin qabağını kəsmir, sənin qabağını kəsir? Özümüz hamıdan yoxsuluq, hamıya yazığın gəlir. Hamı da səni aldadır. Allahın xlorsatanı da!
- Yaxşı də, - mən də acıqlandım, - çox böyük iş olub, bir balon xlordu, işlədəcəksən...
- İşlədəcəksən, - məni yamsıladı, - srağagün almışam, bir də on gündən sonra alacaqdım. Özümüz çörəkpulu tapmırıq, başqalarına yazığın gəlir – məni yandıran budu! Adlı-sanlı jurnalistsən, dolanışığımıza, ev-eşiyimizə bax, gör nə gündə yaşayırıq! Sənin nə vecinə, evə gələnlərdən mən utanıram. – Birdən o dayandı, üzümə acıqlı-acıqlı baxıb soruşdu: - Sən bilirsən qonşular ondan nə danışırlar?
Tutuldum, bir cür oldum: “Görəsən, onun nə pis işi var, qonşular onunla bağlı nə bilirlər?” – ürəyimdən keçirdim. Sonra da az qala qorxa-qorxa soruşdum:
- Nə danışırlar?
O, böyük bir gizlinin üstünü açırmış kimi dedi:
- Deyirlər, əri işləmir, ərini, uşaqlarını - bütün ailəni o dolandırır. Hələ üstəlik Sumqayıtda ev də tikdirir.
Eşitdiklərimdən xeyli yüngülləşdim.
- Burda pis nə var, - dedim, - nə boyda çətinliklə, özü də halal yolla ailəsini dolandırır.
- Dolandırır, dolandırır! Hamı ailəsini dolandırır, bircə səndən başqa.
- Mən jurnalistəm, xlorsatan deyiləm. Nəyi bacarıram, onu da eləyirəm.
Bizim ayaqüstü dialoqumuz burda bitdi - ən azı bir günlük küsülülüyə nədən olacaq dialoqumuz.
“İşsizlik, işsizlik,- düşünürdüm,- işsizlik kişiləri kişilikdən salır. Kişilər kişilikdən düşdükcə, Ölkə ölür. Yeraltı, yerüstü var-yatırla bir belə zəngin ölkədə işsizlik olmamalıdır. Olur, özü də necə! Görünür, kimlərəsə belə gərəkdir...”
O çağdan bir neçə ay keçmişdi. Arada xlorsatan qadın görünməz oldu. Üç gün, beş gün...bir həftə sonra onun indiyədək durduğu yerdə uzun, arıq bir qocanın durduğunu gördük. Elə bil bu qocanı o qadının yerinə göndərmişdilər: bu da o qadın kimi utana-utana, sıxıla-sıxıla səslənirdi: “Xlor var, xlor!”
Qoca, qadınla bir yerdə - bir zavodda işləyirmiş, üstəlik də qonşu olublar.
- Zəmanənin üzü qara olsun, - deyirdi qoca, - ailənin bütün yükünü – ağırlığını o çəkirdi. Hey deyirdi : “Bu uşaqları bir yerə çıxara bilsəydim, dərdim olmazdı”. Dərd bir deyil, beş deyil. Ürək dözmür. Gecə yatıb, durmayıb. Rəhmətlik çox yaxşı qadın idi, gözəl ürəyi vardı. Qardaşını Qarabağda ermənilər öldürmüşdü. Oturub - durub qardaşından danışırdı. “Məni ən çox yandıran,- deyirdi,- qardaşımın öz torpağımızda, qapımızın ağzındaca öldürülməyidi”.
O qadın təki o qoca da xlora su qatmır. İndi hamı xloru ondan alır.
- Nə yaxşı, bizdə hələ bu cür düzgün adamlar var! – qonşular deyirlər.