Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Adamyeyən qızlar ölkəsi...


Elnur Astanbəyli.

"Adamyeyənlər ölkəsi"

Deyir, qulaq gündə bir söz eşitməsə kar olar. Bir müddət əvvəl dostlardan birindən indi haqqında sizə danışacağım kitab barədə eşidəndə «yox bir, hamam!» dedim, sonra aldım baxdım. Dostumda günah yoxdu, kitab doğrudan da heyrətamiz idi!

Nəysə, çox tərifləməyim, mətləbə keçirəm.

Deməli, 2005-ci ildə «Şərq-Qərb» nəşriyyatı «Azərbaycan Xalq Ədəbiyyatı» seriyasından əsatirlər, əfsanə və rəvayətlər kitabı nəşr olunub və üstəlik, kitabxanalara pulsuz «hədiyyə edilib».

«Pulsuz hədiyyə» – hər halda kitabın titr səhifəsində belə yazılıb; kitabı nəşrə hazırlayanlar Allah qoymasa, filoloqlardır, «pulsuz hədiyyə»nin nə demək olduğunu özlərindən soruşub bilmək maraqlı olardı. Bəlkə «pullu hədiyyə» deyə bir şey də var, bizim xəbərimiz yoxdur.

Nə isə, mövzu bu deyil. Əsl həngamə kitabın növbəti səhifələrində baş verir. Öncə gəlin kitabdan sitatlarla tanış olaq, bundan sonra sözümüzün canını anlamaq sizə elə də çətin görünməyəcək.

Beləliklə, hazır olun, əlinizin altında ürək dərmanı, əsəbsakitləşdirici preparatlar saxlayın, getdik.

«Qədimdə bir arvad vardı, Şərəbanı adında.

Bir yol gecə bu Şərəbanı həyətdə su qızdırıb çimirmiş. Şərəbanı çiməndə gözünə nəsə görünür, qorxur qaçır evə. Qapıya çatar-çatmaz başına canavar donu düşür. Bu arvad olur qurd, düşür şəhərin canına.

Yeməyə bir şey tapmır, qayıdıb gəlir evə. Əri, uşaqları yatmışdı. Gəlir xırda uşağının çeçələ barmağını yeyir, görür ki, çox şirindi. Gedir yeddi para kənd gəzir, əlinə bir şey keçmir. Gəlir xırda uşağını təmiz yeyir (səh.184).»

«Keçmiş zamanda bir kişinin yeddi qızı, bir oğlu varmış. Qızların hamısı ərə gedir. Axırıncı qız isə əjdaha olur. Əjdaha qız nə qədər adam, heyvan görürsə yeməyə başlayır. Axırda əlacları kəsilir, qızın qardaşı ilə qonşularından bir kişi onu arabaya qoyub uzaq bir yerə atırlar. Qız bir kəndə gəlir, bir kişinin evində böyüyür. Sonra qız evdəki uşaqları, arvadı, kişini yeyir” (səh. 144).»

«Qız böyüyən kimi ata-anasını yeyir. Qardaşlarının üçünü yeyir, axırda bir ev qalır, bir də özü (səh. 145).»

«Qız qardaşının dalını qaşımaq bəhanəsilə kürəyinin ətini qoparıb yeyir” (səh. 146).»

«Bir kişinin bir oğlu, bir də qızı varmış. Qız özünü çox yüngül aparırmış, gəlib-gedənə göz-qaş atırmış. Bir neçə vaxt keçir, kişi ölür. Bu qız başlayır adam yeməyə. Yeyir, yeyir, axırda kənddə adam qalmır. Oğlan görür bacısı bunu da yeyəcək, evdən baş götürüb qaçır… (səh. 185).»

«Oğlan bacısına deyir:
- Neylək indi də məni ye, ancaq ayaqlarımdan başla (səh. 186).»

Onu deyim ki, bu cür nümunələr kitabda yetərincədir, yuxarıda oxuduqlarınız isə haqqında danışılan nəşr barədə sizdə tam təsəvvür yaradıb məncə. İndi gəlin düşünək: kütləvi oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitab kimə və nəyə lazımdır?

Sadalanan və sadalanmayan daha neçə məlum mətn parçaları olsa-olsa, folklor araşdırıcıları, mifoloqlar üçün tədqiqat obyekti ola bilər, bunu geniş oxucu auditoriyasına çıxarmaq hansı məntiqə sığır? Mən hələ həmin kitabların azyaşlı və yeniyetmə oxucuların əlinə düşəcəyini demirəm.

Başqa vaxt Qərbin qorxulu filmlərinin uşaqların psixologiyasınav vurduğu zərbələr haqqında uzun-uzadı nitqlər irad edirik, bəs onda bu kitab nədir? Oradakı parçaları siz hansısa Horllivud filmində görmüsünüzmü, allah xətrinə, deyin?

Hollivud Hollivuddu, orada ananın uşağın barmaqlarını necə ləzzətlə yediyi haqqında oxusalar, şoka düşərlər.

Hər şeyin adını mif, əfsanə, əsatir qoyub kütləvi nəşr etmək olar deyə bir qanun yoxdur.

Nə vaxtadək bu ölkədə elmi və kütləvi nəşrlərin sərhədi aydın olmayacaq? Digər tərəfdən, bəhs olunan nəşri oxuyanlar sonradan bizim xalqın mentaliteti, folklor təfəkkürü haqqında nə fikirləşərlər?

Bəyənmədiyimiz, burunladığımız Avropa mifologiyası (yunan, Roma, alman və s.) ilə müqayisə edənlərin barəmizdə nə düşünə biləcəkləri aydındır: «Bu xalqın ilkinliyində adamyeyənlikdən başqa doğru-dürüst bir şey dayanmır».

Elə isə hansı məntiqlə bəyənmirik Avropanı?

Hansı məntiqlə düşüncə, təfəkkür, həyat tərzini lağ obyektinə çeviririk Avropanın? Bu barədə sözügedən kitab tərtibçilərinin, naşirlərinin yaxşı-yaxşı fikirləşməsini istəyirik.

Üstəlik, istəyirik başdan ayağı istənilən manyakın, vampirin özünü belə heyrətləndirə biləcək mətinlərdən ibarət bu kitabı kütləvi nəşr etməyin, kitabxanalara, o cümlədən, məktəb kitabxanalarına pulsuz paylamağın nə qədər doğru olduğunu açıqlasınlar.

P.S. Oxuculara aydınlıq üçün xatırladım ki, yuxarıda barəsində danışılan kitabın tərtibçiləri kimi Arif Acaloğlu, Cəlal Bəydilli, redaktoru olaraq isə İsrafil Abbaslı göstərilib. Təəssüf ki, onlardan hər hansı ilə əlaqə saxlamaq mümkün olmadı, bununla belə, onlardan yazıda qoyulan suallara aydınlıq gətirmələrinə həqiqətən böyük ehtiyac var. Buyursunlar…

www.kultaz.com
XS
SM
MD
LG