Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Üzeyir bəyin indiyəcən nəşrdən kənarda qalan əsərləri üzə çıxdı (davamı)


Əvvəlini burda oxu

ƏSKİ QAYDALAR HƏLƏ GÜCLÜDÜR

Bu ünvanilə “Kaspi” qəzetəsində Qazax uyezdi qaymaqamı (naçalniki) Arnoldun Qazax uyezdinin bilxüsus müsəlman əhalisi əleyhinə olan sui rəftarını və pis hərəkatını meydana çıxaran “Qazaxlı” imzası ilə bir məqalə dərc olunubdur.

Tərcüməsi ati üzrədir:

“Bu ilin yaz fəslində Qazax uyezdi naçalniki cənab Arnold ixtiyari-fövqündə iş gördüyü səbəbə və sair günahı üzrə Gəncə quberniya idarəsi tərəfindən təhti-mühakiməyə verilib məmuriyyətindən bərtərəf edilmiş idi.

Və bu qərar Canişini-Qafqazın təhti-mütaliəsinə təqdim olunmuş idi.

Namestnik məclisi quberniya idarəsinin bu qərarı həqq olduğunu təsdiq etdi. Cənab Arnold bu işdən xəbərdar olaraq məhəllə pristavlarının köməyi ilə, guya Qazax uyezdi əhalisi tərəfindən seçilmiş 8-10 nəfər şəxsdən (onların ikisi müsəlman, mabəqisi erməni idilər) bir “deputatsiya” təşkil edib iyul ayının axırında göndərdilər Tiflisə, namestnik müavini Sultan Krım Kirayın nəzdinə ki Arnoldun iş bilən və nəfili uyezd hakimi olduğu səbəbə məmuriyyətində qalmasını təmənna etsinlər. Bu yalançı “deputatsiya”nın təmənnası qəbul edilib cənab Arnold öz məhalində qalmışsa da genə təhti- mühakiməyə verilmiş idi.

Bu vaqiədən iki həftə keçmiş əhali yaylaqdan qışlağa övdət etdikdə Arnold tərəfindən təşkil edilmiş yalançı vəkillər xüsusunda ittila hasil edib mərqumlardan artıq narazı oldular və öz aralarından vəkillər intixab etdilər.

Vəkillər isə namestnik cənablarına Arnold cəm etdiyi “deputatsiya”nın yalançı və saxta olduğunu elan edən bir teleqraf çəkdilər. Bu teleqraf necə oldu- namestnik cənablarına çatdı ya çatmadı – bunu biz bilmiyoruz.

Fəqət cənab Arnold təhti-mühakimədə olub da öz küçük xanlığını dolandırmaqda davam edib düşməni ilə keyfi istəyən qayda üzrə rəftar ediyordu. Cəmaəti müxtəlif bəhanələrə səbəb üzrə həbs ediyordu.

Yaxud təəbəsi vasitəsilə həbs etdirirdi. Müsəlmanlardan silahı alıb gözlərinin qabağında ermənilərə paylıyordu. Müxtəlif əşxasdan əsilsiz şikayət edilməklə qanuna, nizama baxmayıb binəvaların mal və pulunu zəbt etdirib şakilərə verdirirdi.

Və bu təriq ilə iki millətin arasına xüsumət salırdı. Allah bilir ki, axırda nə ola bilərdi.

Yaxşı ki, əhalinin bəyləri və hörmətli ağsaqqalları, əqilləri sayəsində bu iki millətin arasında sülhün davamı üçün mümkün mərtəbə sərfi-məsai etdilər və edəcəklər də bilaxir müsəlman əhalisinin pişrovları işin intəhası fəna olacağını dərpiş mülahizə edərək bu sentyabrın axırında Gəncəyə getdilər.

Və Arnold ixrac edilməyən surətdə müsəlman və erməni arasında bilaşəkk müsadimə vüqua gələcəyini general qubernatora bəyan etdilər.

General qubernator dəxi əhali vəkilləri bəyanının həqq olmasını təsdiq edib Arnoldun bərtərəf edilməsini namestnikdən iltimas etdi.

Canişin tərəfindən riza verildi binaənileyh uyezdi öz müavininə təslim edib naçalniklik üçün “Növisinaq” uyezdinə getmək əmrini Arnolda elan etdilər.

Uyezdin təsliminə şüru olundu. Lakin pul və əsləhə təslimi meydana çıxar-çıxmaz da cənab Arnold qəflətən itdi. İş dəxi yarımçıq qaldı.

Diyordular ki, Arnold Tiflisə və Üçkilsəyə gedib sahibi-nüfuz ermənilərə yalvarıyordu ki, bəlkə onların vasitəsilə payladığı adamlardan xəzinəyə mütaliq tüfəngləri geri ala bilsin.

Bunun yalan-doğru olduğunu bilmiyorum. Fəqət Qazax uyezdinə təyin edilmiş kapitan Mitkiyeviç Qazağa varid olub uyezd təslimini naçalnikin müavinindən qəbul edəndən bir beş-altı gün keçmiş cənab Arnold meydana çıxır və Qazax uyezdi naçalnikliyində təkrar qalmasını bəyan ediyor.

Əhalinin əksəri-müsəlmanlar işin bu surətindən dilgir və mütənəffir olub, böylə qərarın fəsxini tələb edərək namestnikə haman gün bir teleqraf çəkdilər və bunun bədində Arnoldun Qazax uyezdindən ixrac edilməsini qraf Vorontsov Daşkovun bilavasitə özündən tələb etmək üçün 200 nəfər adam Tiflisə mütəvəccihən rəvan oldu.

Noyabrın 18-də vəkillər namestnik ilə görüşüb Arnoldun murdar işlərini bir-bir bəyan etdilər. Və Arnold kimi şəxsin rəftar və hərəkətindən naşi iki millət arasında müsadimat vaqe olacağına işarə edərək mərqumun ixrac və təbidini tələb etdilər.

Cənab namestnik Arnoldun bilatəxir təbidi və bu işi təhqiq və təftiş üçün bir bitərəf məmur təyin edilməsi xüsusunda hökm verdi. Və uyezdə də qayda və nizam bərpa olunmasını deputatlardan təmənni etdikdə onlar dəxi əməl edəcəklərini vəd etdilər.

Qarelər görüyorlar ki, bu 5-6 ayın zərfində əhalinin nisfi-əzimədə quberniya idarəsi də, Gəncə general-qubernatoru da Qazax uyezd naçalniki Arnoldu məmuriyyətdən kənar etməyə çalışıyorlarsa da, bu işdə kəsbi-müvəffəqiyyət edəmiyorlar.

Ənvai təriq ilə, yaxud qəvi bir bərtərəfdarın sayəsində Arnold bu vaxtadək öz yerindən ayrılmıyordu. Arnoldun işi təhqiq edilincə sair uyezdə keçmək istəməməyi bizə məlumdur.

Özü böylə işlərdə olmuş və onun işi istədiyi surətə salan təcrübəli bir adamdır. Lakin hökuməti-əaliyə bu gün bir əmr verib sabah onu fəsx etməkdə nə dəstavüzü olduğu bizə mütləqa məlum deyildir.

Altı-yeddi il bundan əqdəm cənab Arnold Borçalı uyezd naçalnikliyində olan zaman dəxi təhti-mühakiməyə verilmişdi. İyirmiyədək işdə ittiham ediliyordu ki, təhqiq, təftişi iki-üç il imtida çəkdi.

Bilaxər Arnold dövlət xəzinəsinə gəlib istintaq aylarına məhsubən 7-8 min manat məvacib aldı. Guya təqsirsiz adam imiş. Şimdi dəxi təkrar 7-8 min almaq fikrində deyilmiş cənab Arnold?

Mütərcim: Üzeyir

“Həyat” qəzeti, 29 noyabr 1905, №109
mabəqi-qalıq, qalanı
şaki-şikayətçi
dərpiş-nəzərdə saxlama
qarelər-oxucular
əali-böyük adamlar

Sonunu burda oxu
XS
SM
MD
LG