Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:43

Ayı da istismar edəcəklər


İnsan Ayda, 20 iyul 1969
İnsan Ayda, 20 iyul 1969
NASA-nın direktoru Maykl Qriffin Marsda və Ayda oturaq bir sivilizasiya yaratmağın mümkün olduğunu bildirmişdi.

Yaponiya Kosmik Agentliyinin rəhbəri Keyci Taçikava isə deyib ki, artıq Aya sadəcə səyahət edilə bilən yer kimi baxmaq olmaz, Ayı insanla məskunlaşdırmaq, hətta kommersiya baxımından istismar etmək olar.

Bu arada NASA 2037-ci ilə qədər Marsa insan göndərməklə bağlı planını təsdiqləyib.

Bir sözlə, bir neçə onillik fasilədən sonra dünya ölkələri yenidən kosmik fəzaya xüsusi diqqət göstərməyə başlayırlar.

Hindistanda keçirilən Beynəlxalq Astronavtika Konqresində bir neçə min alim və kosmos üzrə mütəxəssis iştirak edib. Onlar kosmik fəzanın qlobal tədqiqi strategiyasını müzakirə ediblər. Bu qənaətə gəliblər ki, bu sahədə beynəlxalq əməkdaşlıq çox zəruridir.

Britaniyanın kosmosdan bəhs edə nüfuzlu «Flayt» jurnalının eksperti Rob Koppinqer deyir ki, belə əməkdaşlıq hədsiz dərəcədə əhəmiyyətli olar:

«Bu sahədə elmi məlumatların mübadiləsi böyük fayda verər. İdeya belədir ki, hamı əməkdaşlıq edir və hamı da bundan faydalanır. Nəticədə dövlətlər az pul xərcləyib, çox şeyə nail ola bilərlər».

60-70-ci illərdə Aya insan çıxarmaq ABŞ-ın məşhur «Appolon» proqramının ən son məqsədi idi. İndi isə Ay Marsı və kosmosun daha dərin qatlarını tədqiq etmək üçün yalnız bir pillədir. Ancaq görəsən, insanın Aydan daha uzağa getməsi nə dərəcədə mümkündür? Heç şübhəsiz, bu işdə böyük çətinliklər var. Məsələn, məlumdur ki, kosmik fəzada insan orqanizmi kalsium itkisinə məruz qalır. Bu, o deməkdir ki, kosmik səyahət nə qədər uzun davam edirsə, kosmonavtın sümükləri bir o qədər yumşalır.

Koppinqer yazır ki, uzun kosmik səyahətdən qayıdan 35 yaşlı kosmonavtın sümükləri 60-70 yaşlı insanın sümükləri qədər kövrək olar. Hazırda mövcud reaktiv raket mühərrikləri ilə Marsa getmək 6 ay çəkər. Nüvə mühərrikləri ilə isə bu müddət 6 həftəyədək qısala bilər. Bir sözlə, çox şey texnologiyanın inkişafından asılı olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG