Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Gənc bloqçuların vəkilləri kassasiya şikayəti verməyə hazırlaşır


Gənc bloqçular Emin Milli və Adnan Hacızadənin vəkilləri Bakı Apellyasiya Məhkəməsinin gənclərlə bağlı çıxardığı hökmü alıblar. Bunu «Media forum» saytına E.Millinin vəkili Elton Quliyev deyib.

Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hökmündən Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər: «Qanuna görə, apellyasiya hökmündən yuxarı instansiyaya şikayət etmək üçün 3 ay vaxtımız var. Amma biz çalışacağıq ki, bir necə həftəyə bu işi yekunlaşdıraq».

E.Quliyevin sözlərinə görə, bloqcular hələ də Bakı İstintaq Təcridxanasında saxlanırlar. Onların cəzaçəkmə müəssisəsinə nə vaxt köçürüləcəyi haqda məlumat yoxdur.

E.Milli və A.Hacızadə 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Gənclər qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli biliniblər.

Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə E.Milli 2 il 6 ay, A.Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi martın 10-da birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.
XS
SM
MD
LG