Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:59

Müxalifətçilər Əli Əhmədovun ittihamlarına cavab verdilər


İsa Qəmbər
- Bu ərköyün Əliyevlər rejimi təkcə Azərbaycan xalqını təngə gətirməyib. Bu rejimdən artıq beynəlxalq birlik də təngə gəlib. Əslində «Vaşinqton Post»da Əliyevlərin Dubay mülkləri ilə bağlı çıxan yazı da bu təngə gəlməyin, narazılığın göstəricisidir. Təbii ki, bütün bunlar hakimiyyəti ciddi şəkildə narahat edir…

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu fikirləri hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədovun partiyanın saytına verdiyi müsahibəni şərh edərkən dilə gətirib.

Əli Əhmədov həmin müsahibəsində deyib ki, bəzi müxalifət partiyaları ölkədən kənarda fəaliyyət göstərən və ölkənin daxili işlərinə müdaxilə etmək fürsəti güdən qüvvələrlə əlaqə yaradırlar. Hakim partiyanın sədr müavininin fikrincə, onlar ölkənin daxili işlərinə qarışmaq niyyəti güdən xarici qüvvələrin maraqlarına oynamaqla Azərbaycanın milli və dövlətçilik maraqlarının əksinə fəaliyyət göstərmiş olurlar.

HƏDƏFDƏ HAKİMİYYƏTDİR, YOXSA ÖLKƏNİN MİLLİ MARAQLARI?

Müsavat Partiyasının başqanı İsa Qəmbərin fikrincə isə, hakim partiya ümumi ittihamlardan əl çəkib, konkret göstərməlidir ki, söhbət hansı ölkədən və hansı partiyalardan gedir. İsa Qəmbər deyir ki, əslində, hakimiyyət ona qarşı səslənən tənqidlərin mahiyyətini təhrif edir:

- Belə təbliğat aparılır ki, guya hakimiyyət milli məsələlərdə möhkəm dayandığı üçün belə
Əvəz Temirxan
tənqidlərlə üzləşir.

MÜXALİFƏT HAKİMİYYƏTİN VƏKİLİMİ OLMALIDIR?

Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxanın fikrincə isə, bununla hakim partiya onlara demək istəyir ki, siz bizə yox, bizi tənqid edən beynəlxalq birliyə müxalifətçilik edin. Bu isə artıq hakimiyyətə birbaşa vəkillik etmək olardı:

- Tutaq ki, Qarabağ məsələsində mövqeyini bəyənmədiyim bir ölkənin hansısa qurumu hakimiyyəti haqlı olaraq tənqid edirsə, biz onlara deyə bilmərik ki, siz tənqid etməyin. Əslində, bizim mövqe belədir. Qarabağ məsələsində kim Azərbaycanın maraqlarına qarşı çıxırsa, biz onunla razılaşmırıq. Ancaq hakimiyyət seçki saxtakarlıqlarına görə tənqid olunursa, biz onları müdafiə edirik.

HAKİMİYYƏT MÜXALİFƏTDƏN YOX, ÖZÜNDƏN KÜSMƏLİDİR

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı isə deyir ki, hakimiyyəti nə millətin, nə də dövlətin maraqları narahat edir. Əks halda onlar başa düşməlidirlər ki, Qərbə inteqrasiyanı dayandırmaq,
Fuad Qəhrəmanlı
ölkəni orta əsrlər ənənəsinə sürükləmək elə millətin, dövlətin maraqlarına zərbə vurmaqdır:

- Əgər korrupsiya əməllərinə görə, insan haqlarının pozulmasına görə hakimiyyət təzyiqlərlə üzləşirsə, o zaman özlərindən küsməlidirlər ki, niyə bu əməllərini davam etdirirlər? Özlərini də, ölkənin maraqlarını da zərbə altına atmış olurlar.

Əslində, son vaxtlar həm müxalifətə, həm də Qərb təşkilatlarına qarşı tənqidi fikirlər Azərbaycan rəsmilərinin dilindən tez-tez eşidilir. Prezident İlham Əliyev martın 20-si Novruz şənliklərində demişdi ki, Azərbaycanın yersiz məsləhətlərə ehtiyacı yoxdur. Azərbaycanın daxili işlərinə qarışmaq istəyənlər çoxdan anlamalıdırlar ki, bu əbəs bir işdir.

Azərbaycan müxalifəti isə düşünür ki, bir xalqın haqqını almaq, insan haqlarını pozmaq heç vaxt daxili iş sayıla bilməz.
XS
SM
MD
LG