Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:56

Elçibəyin evini borca görə satdılar


«Yeni Müsavat»:

Elçibəyin evini borca görə satdılar

Eks-prezident Əbülfəz Elçibəyin evi borca görə satılıb. Bu barədə Elçibəyin köməkçisi olmuş hərəkat üzvlərindən Ülvi Həkimov məlumat verib. Ü.Həkimovun dediyinə görə, Bakının Yasamal rayonu ərazisində, Talıblı küçəsində yerləşən mənzil sabiq prezidentin ailə üzvlərinin bankdan götürdüyü krediti qaytara bilməmələri səbəbindən cəmi 80 min manata satılıb. Ü.Həkimov məlumatı Elçibəyin qardaşı Almurad Əliyevdən aldığını bildirib.
Ü.Həkimov deyib ki, bu fakt Azərbaycanda məmurların xaricdə və ölkədə saysız-hesabsız dəbdəbəli mülklərə sahib olduğu vaxtda kifayət qədər ibrətamiz və acınacaqlı görünür: «Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın lideri, prezident olmuş şəxsin ailə üzvlərinin nə dərəcədə ehtiyac içində yaşaması, məcbur olub onun evini satması bu gün ölkənin sərvətlərinin talan edilməsi fonunda olduqca ağrılıdır».

«Azərbaycan»:

2009-cu ilin 18 mart referendumu öz mütərəqqi mahiyyətini bir daha təsdiqlədi

Tarixi təcrübə göstərir ki, hansısa siyasi qüvvənin irəli sürdüyü təklifin ümumxalq referendumunda real dəstək alması onun konkret zaman intervalında həyata keçirdiyi siyasətin mütərəqqi mahiyyətindən əhəmiyyətli dərəcədə asılı olur. Çoxluğun maraq və mənafeyini siyasətində ehtiva edən, rasional siyasət yeridərək cəlbedici proqram və ideyalarla silahlanan komandanın uğur qazanması isə labüd prosesə çevrilir. Son referendumda rasional siyasətin - ümumxalq mənafeyinə xidmət edən siyasi, hüquqi, sosial-iqtisadi və humanitar islahatların davamlılığının təmin edilməsi zərurəti mütləq çoxluğun qətiyyətli mövqeyi, yekun qənaəti kimi özünü göstərmişdir. Həm də ona görə ki, ötən beş ildə xalqa layiqli xidmət, vətəndaşa həssas münasibət məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini, başlıca ideya istiqamətini təşkil etmişdir.
2009-cu ilin 18 mart referendumu göstərmişdir ki, son illərin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlı daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa qətiyyən alternativ görmür.

«Azadlıq»:


İnkişaf edən ölkədə 700 min ac olmur

Azərbaycan hökuməti 2009-cu ilin yekunlarıyla bağlı parlamentə hesabat təqdim edib. Ölkənin müxalifət düşərgəsinə mesaj olan sözügedən hesabatı qarşı tərəfin necə qəbul etdiyini öyrənmək istədik. AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, baş nazir quru rəqəmlərlə, reallığı əks etdirməyən, əksəriyyəti pripiska xarakterli faktlar sadalamaqla hökumətin hesabatını təqdim etməyə çalışıb. ALP sədr əvəzi Əvəz Temirxanın məsələyə münasibəti isə çox konkret oldu:
«Vəziyyət yaxşıdırsa, niyə BMT 700 min nəfərə yaxın aclıq çəkən azərbaycanlıya ərzaq yardımı etmək proqramını həyata keçirməyi planlaşdırır?»
Müsahibimizin fikrincə, inkişaf edən ölkədə 700 min nəfər ac olmur.

«Yeni Azərbaycan»:

İnsan hüquqlarının «müdafiəçisi» ABŞ-ın pərdəarxası fəaliyyətinə baxış

Yüksək iqtisadi inkişafa malik ölkəmiz bu gün demokratik prinsiplərin inkişafına, o cümlədən, bu prinsiplərə sədaqətinə görə də postsovet məkanında öncül sırada dayanır. Təəssüf ki, bu cür yüksəliş, demokratik prinsiplərə sədaqət, o cümlədən, insan hüquq və azadlıqlarının qorunması, Azərbaycan hakimiyyətinin bu yöndə apardığı islahatlar bəzi xarici qüvvələri «razı» salmır.
Maraqlıdır, hər il əsassız bəyanatlarla, hesabatlarla ölkələrə təzyiq etmək istəyən ABŞ-ın özündə insan haqları məsələsi hansı dərəcədə qorunur? Yaxşı olardı ki, Dövlət Departamenti İraqdakı Əbu Qreyb həbsxanasında cinayətləri və işgəncə faktlarını yaxşı araşdırsın, orada «demokratiya» adı altında edilən cinayətlərin üstü açılsın və bütün cinayətkarları cəzalandırsın. Bundan başqa, Əfqanıstandakı Baqram və ABŞ Administrasiyasının vədlərinə baxmayaraq, hələ də qapadılmayan Quantanamo həbsxanasında işgəncələrə niyə münasibət bildirilmir? Burada insanlarla adicə davranış qaydalarına riayət olunmur. Onlara cinsi təcavüzlər edilir. Bu ölkənin keçmiş prezidenti Corc Buşun baş siyasi strateqi sayılan Karl Roufun bu günlərdə təqdimatı keçirilən «Cəsarət və nəticələr» adlı kitabında ABŞ istintaq orqanlarının müttəhimlərə verdiyi amansız işgəncə faktları açıqlanıb, terrorçuluqda şübhəli bilinən şəxslərə işgəncə verildiyi etiraf edilib. Hətta müəllif bu faktlarla qürur duymaqdan belə çəkinməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG