Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:30

Azərbaycanda alimin qiyməti – 90 manat


Azərbaycan Milli Elmlər Akademiyasının binası
Azərbaycan Milli Elmlər Akademiyasının binası
«12 manat işıq pulu, 2 manat qaz pulu, 6 manat da su ilə telefon pulu, 20 manat ancaq kommunal xərclərə gedir»

Gənc alim Mahir Şükürlü deyir ki, nə qədər qənaət etsə də, 90 manat maaşının ən azı 20 manatını kommunal xərclərə ödəyir:

BİR TİKƏ ÇÖRƏK AXTARANIN ALİMLİYİ...

«Təkcə bir adamın yeməyi üçün gündə ən azı 5 manat lazımdır. Ailəli adama bir aya 90 manat necə çata bilər».

Ona görə də gənc alim ali məktəblərə hazırlaşan uşaqlara əlavə dərs keçir. Elmdə kəşflər eləmək, oturub yaradıcılıqla məşğul olmaq Mahirin də arzusudur. Ancaq iqtisadi sıxıntı içində arzusu elə arzu olaraq qalır. Çünki o əlavə pul qazanmaq haqqında daha çox fikirləşdiyindən yaradıcılıq haqqında fikirləşə bilmir:

«Axtarışların özü xərclər tələb edir. Belə də deyirlər ki, elm fədakarlar hesabına inkişaf edir. Buna ciddi yanaşmıram. Bir tikə çörək axtaran adam heç vaxt elmi həqiqət axtarmaz»

BÜDCƏDƏN TƏHSİLƏ AYRILAN PUL 76 MİLYON AZALIB

Azərbaycanın bu ilki dövlət büdcəsində təhsil xərclərinə 1 milyard 276 milyon manat ayrılıb. 2009-cu ilin büdcəsində isə bu rəqəm 1 milyard 353 milyon manat idi. Yəni, ötən illə müqayisədə təhsil xərcləri 76 milyon azaldılıb. Elm xərclərinə büdcədən ayrılan vəsait isə 98,2 milyon manatdır.

İqtisadçı Məhəmməd Talıblı deyir ki, bu ilki büdcə layihəsində sosial sahələrə ayrılan vəsaitlərin azaldılması qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına, büdcənin bütün sektorlarına təsir etdiyini göstərir. Onun fikrincə, sosial sahələrdə azalmalar təhsil, elm, səhiyyə sahələrində maliyyə çatışmazlığına, vəsaitin azalmasına gətirib çıxaracaq:

«Bunun daha ciddi fəsadları isə bir neçə ildən sonra baş verə bilər. İnsan inkişafı indeksinə təsir edən adambaşına düşən ümumdaxili məhsul, təhsil səviyyəsi, orta ömür müddətinə bu çox ciddi təsir göstərəcək. İndiki azalmaların bir neçə ildən sonra təhsil və səhiyyə sisteminə ciddi zərbələr vurduğunu görə bilərik».

Təhsil xərclərinə ayrılan vəsaitin azlığı büdcə müzakirələri zamanı deputatların da narazılığına səbəb olmuşdu. Millət vəkili Rəbiyyət Aslanova deyib ki, imkanlar azdır, bu məhdud imkanlar şəraitində elmi inkişafdan danışmaq mümkün deyil:

«Mən deməzdim ki, Azərbaycan elminə ayrılan vəsait bizi qane edir. Ancaq hələ ki, olanımız budur. Xüsusilə Elmin İnkişaf Fondunun yaradılması bizi sevindirir. Əvvəl heç o da yox idi. Dünyada elmin inkişafı üçün vacib olan texnologiyaların qiyməti çox yüksəkdir. Elmlər Akademiyasının 40-dan çox institutu var. Bu institutların hər birinin böyük laboratoriyalara, müasir avadanlıqlara ehtiyacı var. Əgər bütün bunların hamısı üçün 1,9 milyon manat ayrılıbsa, biz hansı yeniliklərdən, hansı kəşflərdən danış bilərik?»

HÖKUMƏT İSTƏSƏ...

... elmin, təhsilin inkişafına pul ayıra bilər. Bunu iqtisadçı ekspertlər deyir. Araşdırmalardan məlum olub ki, Bakıda inşa olunan Heydər Əliyev Mərkəzinin təkcə özülünün inşasına dövlət büdcəsindən son üç ildə üst-üstə 140 milyon vəsait ayrılıb. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, bu pul digər büdcə xərcləri ilə müqayisədə çox böyükdür:

«2007, 2008 və 2009-cu illər ərzində Heydər Əliyev Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən 140 milyon manat vəsait ayrılıb. Birinci il 20 milyon, ikinci il 70 milyon, üçün il isə 50 milyona qədər vəsait ayrılıb. Bütövlükdə götürəndə bu, dövlət büdcəsindən ayrılmış Azərbaycanın bir illik elm xərclərindən 1,5 dəfə çoxdur. Ölkənin elm xərcləri 2010-cu il layihəsində cəmi 98,2 milyon manat nəzərdə tutulub. Bu o deməkdir ki, biz elm xərclərini ən azı 2,5 dəfə artıra bilərdik».

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov isə dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsaitin səmərəli xərclənmədiyini bildirib. O deyib ki, «elmin inkişafına ayrılan büdcə vəsaitini səmərəli istifadə olunmasını təmin etməyə ciddi ehtiyac var. Bunun üçün elmin idarə edilməsində, Mili Elmlər Akademiyasının bir sıra strukturlarında ciddi islahatlar aparılmalıdır».
Əli Əhmədovun fikrincə, indiki şəraitdə elmə ayrılan pulu üç dəfə də artırsan, heç bir nəticəsi olmayacaq.

Millət vəkil Fəzail Ağamalı isə çıxış yolu kimi elm və təhsil sahəsində islahatlar aparılmasını təklif edib:

«Elm və təhsil birləşdirilsin. Digər ölkələrdə olduğu kimi elmin idarəçiliyi təhsil sisteminə verilsin, institutları universitetlərə verilsin. Universitetlər vasitəsi ilə onlar maliyyələşə bilərlər. Çünki universitetlərin dövlətdən başqa öz imkanları var. Başqa tərəfdən, elm müəssisələrində çalışan adamların elmi, intellekti, dünya görüşü daha üstündür. Onlar da öz töhfələrini verə bilərlər. Olsun Elm və Təhsil Nazirliyi. Düşünürəm ki, vəziyyətdən çıxış yolu bu ola bilər».

İqtisadçılar isə deyir ki, elmə ayrılan xərclərin azaldılması tədqiqatların aparılmaması, bu sahənin inkişafının dondurulmasına gətirib çıxara bilər.

Hal-hazırda Azərbaycanda 10 minə yaxın alim var.

XS
SM
MD
LG