Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:36

İranda azərbaycanlı fəalın başına gələnlər...


Abdulla Səduqi
«Günahım budur ki, türkəm. Türkçülüyümlə fəxr edirəm. Türk olmaq hamımıza bu ölkədə yasaqdır».

Təbriz həbsxanasında ölüm aclığına başlayan milli fəal, jurnalist Abdulla Səduqi belə deyir. O, girov müqabilində həbsdən azad edilib. Ancaq 22 ittihamla. Həm də məhkəməyə qədər. Ailəsi onun məhkəməyə qədər azadlıqda qalması üçün 20 milyon tümən dəyərində olan evlərinin sənədini girov qoymalı olub.

Abdulla Səduqini bu ilin yanvar ayında İranın kəşfiyyat orqanları həbs etmişdi:

EYNƏN TERRORİSTLƏR KİMİ TUTDULAR MƏNİ

«Təbrizdə xiyabanda tutuldum. Eynən terroristlər kimi tutdular məni. Dedim axı mən nə iş görmüşəm, Pentaqona bomba-filan qoymamışam, mən bir yazıçıyam. Çox vəhşicəsinə davrandılar, gözlərimi bağlayıb apardılar, 22 gün
ETTELAAT-da saxladılar. 22 gündə mənə ittiham verilmədi, sonra məni Təbrizin zindanına apardılar. 52 gün zindanda qaldım».

Abdulla Səduqi Təbrizdə nəşr olunan «Qol» qəzetinin yazarıdır. Təbrizin «Traxtorsazi» futbol klubunun icazəli afişalarını Azərbaycan dilində nəşr etdiyi və həmin afişalarda şüarlar yazdığı üçün həbs olunduğunu deyir.

Səduqiyə qarşı 22 ittiham irəli sürülüb. Bu ittihamlar arasında separatçılıq, hakimiyyət əleyhinə təbliğat da var. Milli fəal ittihamları qəbul etmir:

«Gəldilər evdən kitablarımı, əlyazmalarımı apardılar. Sonradan başladılar ittihamlar irəli sürməyə ki, Azərbaycan üçün təbliğat aparırsan, şüarlarını yayırsan və sair».

A.Səduqi deyir ki, Təbriz həbsxanasında milli fəallara və müxtəlif ittihamlarla ora düşən insanlara münasibət o dərəcədə qeyri-insanidir ki, jurnalist gördüklərindən göz yaşı tökürmüş:

FİKİRLƏŞİRDİM Kİ, YƏQİN BURA AXİRƏTDİR

«Durum çox ağırdır. İnşaallah, yazacağam oranın durumundan. Tək mənim üçün yox, orda saxlanan bütün insanlar əziyyət çəkirlər. Orda o qədər təqsirsiz insanlar var…Orda saxlanılanların 60 faizi günahsızdır. İnsan hüquqlarına riayət olunmur. Mən orda öz dərdimi buraxmışdım, gecə-gündüz ağlayırdım ki, belə bir şey nə vaxt olacaq ki, bizim xalqımız gün görsün. Nəzarətçiləri məcbur edirlər ki, insanları günahsız yerə döysünlər, incitsinlər. Məni isə qətldə, ağır cinayətdə təqsirləndirilənlərlə bir kameraya salmışdılar. Fikirləşirdim ki, yəqin bura axirətdir. Burdan o tərəfi yoxdur».

Milli fəal qanunsuz yerə saxlandığını əsas gətirərək həbsinin bir ayının tamamında aclığa başlayıb. Azadlığa buraxılmasına 4 gün qalmış isə bu aksiyanı daha sərt formada davam etdirmək qərarına gəlib. Su içməkdən də imtina edib:

«Məktubumda da belə yazmışdım ki, ETTELAAT əməkdaşlarının mənə hörmətsizliklərinə, o cümlədən, mənə və milli fəallara ədalətsiz yanaşılmasına etiraz edirəm. Ədalətlə davranmasanız, mən bu aksiyanı davam etdirəcəm».

Səduqi həbsdən azad olunandan sonra aclığı dayandırıb. Ancaq deyir ki, yaxın vaxtlarda ona qurulacaq məhkəmə barəsində cəza təyin etsə, həm yenidən ölüm aclığına başlayacaq, həm də başqa sərt addımlar atacaq:

LAP ÖLÜM ÇIXSIN EŞİYƏ

«Bir daha zindana düşsəm, bütün bədənimdə, geyimlərimdə «mən türkəm» yazacağam, yazacağam ki, «günahım ancaq türkçülüyümdür». Mənim üçün Azərbaycan bir məqsəddir. Mən öz istəyimi dilimlə, kağızımla, bədənimdəki yazılarımla göstərəcəyəm. Vursunlar, öldürsünlər, lap ölüm çıxsın eşiyə. Hər şeydən keçməyə hazıram. Mən bunun üçün and içmişəm, dustaq olanda da yazmışam divarlardan, ilqarımı qanımla ödəməyə hazıram. Nəinki mən, bütün Azərbaycan fəalları buna hazırdır. Gələcək bizimdir».
XS
SM
MD
LG