Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:57

Aslan Giziroğlu "QƏLƏM, ZİYA VƏ ZİNDAN" (Hekayə)


Adamın tükünü ürpəşdirən cırıltılı səs eşidildi, ardınca isə taqqıltı və kilid səsi eşidildi.

Bu artıq neçə illərdir ki, ömür sürən köhnə Zindanın səsi idi. Bu qoca Zindan neçe-neçə mərd igidlər, neçə-neçə namərdləri almışdı öz ağuşuna.

Bu dəfə isə o, qollarını açıb Qələmi öz qoynuna alıb, qollarını bağlayıb, barmaqlarını bir-birinə bərk-bərk keçirmişdi və eşidilən bu səslər də həmin bu baş verənlərin səsidi.

Bir qədər vahiməli, bir qədər də qorxulu səs idi bu səs. Bu səs çox ümidlər sındırmışdı, daşa vurub şüşə tək çilik-çilik etmişdi arzuları, neçə-neçə istəkləri gömmüşdü öz qaranlıq və dərin sinəsində.

...Qaranlıq Zindana yenicə düşmüş Qələm o yan bu yana vargəl edirdi. Kənardan çox əsəbi görünürdü, hətta o haddə çatmışdı ki, mürəkkəbi cismində qaynamağa başlamışdı, vərəq olsa idi, indi çoxdan tökmüşdü öz mürəkkəbindən həmin vərəğə və yalnız o zaman sakitləşə bilərdi. İndi bu qaranlıqda hardan tapasan vərəği.

Qələm bir müddət Zindan içində beləcə var gəl etməyə davam etdi .O, elə bilirdi ki, bu qoca Zindanda təkdir, amma birdən onun gözü qaranlıq Zindanın küncündə zəif işığa sataşdı.

Zindan tamam qaranlıq olsa da, bir küncündən işartı gəlirdi və indi Qələm anlamışdı ki, o, bu Zindanda heç də tək deyil.Və indi bunu anlayandan sonra o, hərəkətini dayandırıb Zindanın ortasında sakitcə dayanda işığa tərəf baxıb nəsə fikrə getdi.

Onun ayaqlarının tappıltı səsi də kəsildi artıq və bununla da qaranlıq Zindan tamamilə ölü bir sükuta qərq oldu.

Zindanda bir müddət beləcə səssizlik hökm sürdü.Aradan xeyli vaxt ötdü. Qələm birdən- birə dillənərək aradakı sükutu pozdu.

- Deyəsən mən sizi tanıyıram. Elə bilki hardasa görmüşəm sizi.

- Bəlkə də.

- Dəqiq yadıma düşmür, amma eybi yox, xatırlayaram... Cinayət işlədə biləcək birisinə oxşamirsiniz qətiyyən. Savadlı və alicənab birisinə oxşayırsınız əksinə.

Elə buna görə mənə tanış gəlirsiniz bəlkə də. Bilmək olar sizi niyə salıblar Zindana? - Qələm verdiyi sualın cavabını gözləmədən nitqinə davam etdi, - Cinayətkar deyilsiniz düşünürəm.

Onsuz da bizim məmləkətdə özbaşnalıqdı, kimi istədilər onu da tutub salırlar bu alçaq Zindana. Qanun işləmək istəmir.

Nəzarət eləmirlər bu Qanunun işinə. O da istədiyini eliyir.Əlini qoyub cibinə işləmək istəmir. Yəqin elə onun ucbatından düşmüsən bura.

- Sən səhv eliyirsən oglum, adını da bilmirəm...
- Adım Qələmdi.
-...lap yaxşı, Qələm, sən Qanunu düzgün ittiham eləmirsən. Məgər dogrumudur onu bu qədər fəaliyyətsizlikdə günahlandırmaq. Əsla düzgün deyil.Bilirsən niyə?

Çünki Qanun lazım olan yerdə lap yaxşı işləyir. Özü də necə lazımdı elə, canla-başla. Harda sərf eliyir orda da işləyir.

-İşləməyinə işliyir, ona da işləmək demək olarsa. Axı niyə bu Qanun hamıya eyni münasibətlə yanaşmır, hamıya eyni gözlə, kor olmuş gözləri ilə, baxmır.

Bəziləri üçün maneə, sədd olur, bəzilərininsə çirkin əməllərinə göz yumur, o anda kor olur, görəndə də işləmək istəmir, işləmir. Bəs bu ədalətdimi?

- Oğlum, başa düşürəm, cavansan, çılğınsan. Düz deyirsən, hardasa haqlısan, amma ...

- Nə amması, cənab.Axı bunun nə amması ola bilər ki?

- Bilirsən, Qanun heç də məsum birisi deyil. Mən bunu demək istəmədim.Hələ onun işini bir qıraga qoysaq, onun özündə, bilirsən nə qədər boşlugu var?!

- Belə baxanda onun bu gündə olmağının günahı özündə deyil. Onu bu günə başqaları salıb.Amma bu onun işləməməsi üçün səbəb ola bilməz. Qanun bu halda da öz xidməti vəzifələrini yerinə yetirə bilər. Amma bunu etmir-deyib susdu Qələm.

Qaranlıq Zindana ani bir sükut çökdü. Dərhalsa, yaranan bu sükut pozuldu. Sükutu pozan Ziyanın səsi idi. O, dərindən köksünü ötürüb sözə başladı:

- Hər şey göründüyü kimi deyil. Mən yenə də deyirən, bu Qanun heç də günahsız biri deyil, amma günahın hamısını Qanunun boynuna atmag da düzgün deyil.

Bilirsən, Qanun belədir ki, nə iş görürsə, görsün üzdədi, işi də göz qabağındadı. Əsas günahkar isə şərəfsiz, heysiyyatsız Rüşvətdədir.Bax o, öz işini altdan-altdan görür.İmkan vermir ki, bu Qanun öz işini görsün, harda ki, Qanun işləmək istiyir, burnunu soxur ora, qoymur yaziq Qanunu əməlli-başlı işləməyə.

Sonra da deyirlər ki. Qanun öz vəzifəsinin öhdəsindən gələ bilmir.Nə etsin ki, Rüşvət qoymur onu əl-qol açmağa, rahat işləməyə.İndi özün cavab ver, səncə kimdir günahkar, biçarə Qanun ya riyakar Rüşvət.

Qələm qarşısındakının söylədiyi kəlmələrə cavab verməyə çətinlik çəkdi. Ona görə də heç bir şey söyləmədi. Ziya isə nitqinə bir qədər fasilə verdikdən sonra davam elədi:
- Eh biz gərək günahı özümüzdə axtaraq. Biz ki, Vicdanın, Namusun qədrini bilmədik, onları incitdik, onlarsa, baş götürüb getdilər bu məmləlkətdən.

Onlar geri dönməyincə, Ədalət də bizdən üz döndərməyə davam edəcək. Bizə yalnız onlar kömək edə bilər.Onları geri qaytara bilsək, hər şey öz yoluna düşər.İndi isə öz cəzamızdı, onu da çəkirik.

Ziya sözlərini bitirib, yenidən dərindən bir ah çəkdi, sonra da susdu. Bu sözlərdən sonra Qələm də bir söz deyə bilmədi və susmağı daha üstün tutdu və ölümcül sükutu geri qaytardı.

Uzun müddət heç biri dillənmədi. Qələm gözlərini yumub hərəkətsiz durduğu yerdəcə dayandı. Deyəsən, o, dərin bir fikir dəryasına baş vurmuşdu. Beləcə xeyli müddət dayandı.

Səssizliksə, öz işi ilə məşğul olmaqda idi. Bir müddət keçdi və Qələm gözlərini açdı. Bir qədər rahatlamışdı, artıq nə əsəbi idi, nə də ki mürəkkəbi qaynayırdı.

İndi o daha çox təmkinli görünürdü və bu təmkinlə də o, Ziyaya tərəf bir neçə addım atdı. Zindanın daş döşəməsində atılan addımlar səs çıxardı və bu səs Zindanda olan sükutu qovub ordan çıxardı. Ziyandan dört-beş addım aralıda durub,

- Xatırladım, hə xatırladım-, dedi.
- Nəyi xatırladın?

- Xatırladım siz Ziyasınız. Elədirmi?
- Hə elədir.Mən Ziyayam.

- Sizinlə bir yerdə olamğıma şad olduğumun bildirmək istərdim. Təəssüf ki, deyə bilmirəm. İnanmıram ki, kiməsi burada olmaq sevindirsin. Amma sizi görmək, sizinlə söhbət etmək mənim üçün çox böyük şərəfdir.Əmin ola bilərsiniz ki, burdan çıxan kimi sizin haqqınızda yazacam...

Qəflətən ətrafı möhkəm uğultu səsi bürüdü. Bu qoca Zindan idi, Qələmin dediklərinə gülürdü. Bu naməlum səs birdən zəiflədi və yeni səs eşidildi:

-Yəni sən güman edirsən ki, burdan istədiyin zaman çıxa bilərsən? Yanılırsan cavan oğlan, çox yanılırsan.

Qələm öz təmkinini pozmadan cavab verdi:

- Onu bilmək olmaz. Hələ bəlkə sənin barəndə də yazdım azadlıqda.

Qoca Zindan gülümsündü və bir qədər sonra sakitləşdi. Qələm yenidən Ziyaya müraciət etdi:
- Doğurdan ,cənab, bəs siz bura nəyə görə düşmüsünüz? Bayaq soruşdum cavab vermədiniz.
- Bəs sən özündə heç demədin niyə burdasan. Bəlkə birinci sən açıqlayasan, görək səni nə üstündə salıblar Zindana?

- Bəli, cənab. Mən bura peşəmə görə düşmüşəm.

- Demək sənin peşən qadağan olunmuş peşədir. Görəsən nədir o qadsağan olunmuş peşə?

- Bilirsiz, mən yazıram. Bayaq sizə dedim axı sizin haqqınızda yazacam. Mənim peşəm yazmaqdır, reallığı, doğru olanı, həqiqəti yazmaqdır. Görünür, həqiqəti yazdığıma görə salınmışam bura. Həqiqətin yazılması, onun aşkar olunması, deyəsən, kimlərəsə sərf etmir. Yəqin mürəkkəbim bəzilərin yoluna axıb onlara mane olurmuş, yəqin, bax elə ona görə də mən indi burdayam.

Birdən Zindan yenə dilə gəlib dilləndi:

- Sən səhv edirsən, cavan. Sənin burda olmağında kənar səbəb axtarmağa çalışma. Ən böyük günahkar sənin özünsən. Bilirsən sənin bəlan nədir. Sən həqiqiəti görüb yaza bilirsən, amma bir həqiqiqəti görə bilmirsən.

Bilmirdin ki, həqiqəti yaza-yaza sən yaman çox mürəkkəb buraxırsan və bilmirdin ki, bu mürəkkəb o səviyyəyə çatacaq ki, sən bu mürəkkəbin içində boğulacaqsan.

Artıq sən bu mürəkkəbin içində boğulursan, oğlum.Amma nə yazıq ki, sən hələ də bunu anlamırsan.Sənə yazığım gəlir, yazığım.

Zindan sözünü bitirsə də, Qələm ona heç bir cavab vermədi. Deyəsən, o, bu sözlər barəsində düşünürdü. Görəsən, Zindan haqlı idi? Beləcə bu dar və qaranlıq otağa yenidən sükut çökdü, heç kim danışmırdı. Elə bil ki, sükut da bu vəziyyəti bayaqdan bəri gözləyirdi və indi ortaya çıxıb bütün otağı bürümüşdü. Sükut yenicə yerini rahatlamaq istəmişdi ki, Ziya onu Zindandan qovdu:

- Hə oğlum, çox da üzülmə. Sənin günahın yoxdu.

Ziya Qələmə tərəf gəlib əlini onun çiyninə qoydu.

- Bilirsən, mənim də bura düşməyimə səbəb peşəm olub.Mən Ziyayam və mənim işim həqiqəti işıqlandırmaq, haqq olanı açıb göstərməkdir. Mən həm də xalqın yoluna işıq salmalıyam.

Hər şeyi aydınlatmalıyam.Aydınlıqda hər şey olduğu kimi görünür.Yəqin bu da kimlərəsə, sərf eləmir.Yəqin kimlərsə, qaranlıq istəyir.Axı qaranlıqda heç nə görünmür, ona görə də onlar qaranlıq istəyir.Məni də elə ona görə bura salıblar, işıq salmayım deyə.

Qoca Zindan bu dəfə də söhbətə qarışdı və kinayə ilə gülüb dilləndi:

- Bəlkə, yaxşı düşünəsən, cənab.Səncə bu xalqın sənə ehtiyacı varmı həqiqətən. Bəlkə heç bu xalq işıqlıq, aydınlıq istəmir. Bəlkə, bu xalq həqiqəti bilir, amma gözləri ilə görmək istəmir. Bəlkə, elə bu xalqın da bu həqiqətdə payı var, ona görə də istəmirlər bu həqiqətin aydınlığını. Bilirsən, cənab sən xalqın yolunu işıqlandırmaq istəmisən bəlkə də, amma nahaq, bu xalqın gözü işığa öyrənməyib.

Qamaşdırır işıq bu xalqın gözünü. Bunu başa düşürsən? Ona görə də axır-əvvəl sındırırlar bu işığı. Sən bunu başa düşməlisən, ancaq o zaman bilərsən niyə burda olduğunu.

Hələliksə, düşün bu sənə hər şeyi anlamağa kömək edər.

Ziya gülümsündü.Ancaq bu çox sərt və acı bir gülümsəmə oldu.

Deyəsən artıq hər şey aydın idi. Bunu həm yaşlı Ziya, həm də gənc Qələm anlayırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG