Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 22:44

SÜRÜCÜNÜN VƏZİFƏLƏRİ


Dövlət Yol Polisi "Yol hərəkəti haqqında" qanundan bu çıxarışı sürücülərin bilməsini zəruri sayır:

I. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü:

1. sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır;

2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin I-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır;

3. yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir;

4. yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir;

5. hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir;

6. konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təhciz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir;

7. dayanaraq qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalları verən operativ nəqliyyat vasitəsinə üstün keçid hüququ verməlidir;

8. istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir;

9. yolda su və ya palçıq olduqda, nəqliyyat vasitəsini idarə edərkən, onların piyadalara, binalara və başqa nəqliyyat vasitələrinə sıçramamasına çalışmalıdır;

10. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir;

11. yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal - ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur;

12. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən saö əlindəki üfüqi vəziyyətdə olan jezllə və ya onların nəqliyyat vasitələrindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs siqnalı ilə ona verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır;

13. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir;

14. nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən keçməlidir;

15. təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımalıdır.

II. Bu maddə ilə müəyyən edilmiş sənədlər özündə olmayan nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

III. Mexaniki nəqliyyat vasitələri:

1. təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə;

2. yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, eləcə də qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməlidir.

Qeyd:

1. bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məqsədlər üçün nəqliyyat vasitəsinin təqdim edilməsi tələbi diplomatik korpusa və digər şəxslərə məxsus nəqliyyat vasitələrinə şamil edilmir;

2. nəqliyyat vasitəsindən istifadə etmiş şəxslər sürücünün tələbi ilə yol getmə müddətini, gedilmiş məsafəni, özünün soyadını, vəzifəsini, xidməti vəsiqəsinin nömrəsini, işlədiyi təşkilatın adını göstərməklə arayış verməli və ya yol vərəqəsində qeyd aparmalıdırlar, tibb işçiləri isə sürücüyə müəyyən edilmiş nümunədə arayış verməlidirlər;

3. nəqliyyat vasitəsinin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşına təqdim edilməsi ilə əlaqədar xərclər nəqliyyat vasitəsi sahibinin tələbi ilə müəyyən edilmiş qaydada həmin orqanlar tərəfindən ödənilir.

IV. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı:

1. nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir;

2. zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır;

3. başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir;

4. hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir;

5. əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkd razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

V. Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə:

1. nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun hərəkəti zamanı qapıları açmaq;

2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, sükan arxasında telefonla danışmaq;

3. hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək;

4. nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq və s. varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət qadağandır.

VI. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü Beynəlxalq yol hərəkətində iştirak etdikdə:

1. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır;

2. nəqliyyat vasitəsində onu qeydə almış dövlətin dövlət qeydiyyat nişanı və fərqlənmə nişanı olmalıdır.

XS
SM
MD
LG