Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:13

YOL POLİSİ: nələr olar, nələr olmaz?


Yol Patrul Xidməti haqqında təlimatdan çıxarış

YOL POLİSİ ƏMƏKDAŞININ ƏSAS VƏZİFƏLƏRİ
  • yol hərəkətinə nəzarət etmək və yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması hallarının qarşısını almaq;
  • yol hərəkətini tənzimləmək;
  • yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə təxirəsalınmaz tədbirləri həyata keçirmək;
  • yol-nəqliyyat qəzaları yerində zərər çəkmiş şəxslərə ilk tibbi yardım göstərmək;
  • ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək;
  • xüsusi təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, bu cür nəqliyyat vasitələrini, habelə avtomobil karvanlarını müəyyən edilmiş qaydada müşayiət etmək;
  • yol hərəkəti iştirakçılarına onların hüquqlarının təmin olunmasında yardım etmək, avtomobil yollarında hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi yeri və səbəbləri barədə məlumat vermək;
  • ətraf mühitin mühafizəsi tədbirlərində iştirak etmək;
  • yol hərəkəti təhlükəsizliyi qaydalarını pozan şəxsləri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb etmək;
  • inzibati məsuliyyətə cəlb olunmuş şəxslərin uçotunu aparmaq.
  • nəqliyyat vasitələrinin sürüjüləri tərəfindən qeydiyyat qaydalarına əməl olunmasına nəzarət etmək;
  • yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək;
  • küçə-yol şəbəkəsinin texniki tənzimləmə vasitələrinin vəziyyətinə və onların saz halda saxlanılmasına, avtomobil yollarında və küçələrdə təmir-tikinti işlərinin aparılmasında müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət etmək;
  • yol şəraiti hərəkət üçün ciddi təhlükə yaratdıqda, fövqəladə və digər hallarda yol hərəkətini müvafiq qaydada müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək;
  • qanunvericiliklə nəzərdə tutulan hallarda nəqliyyat vasitələrinin istismarını qadağan etmək;
  • küçə və yollarda sahibsiz qalan və hərəkətə maneçilik törədən nəqliyyat vasitələrini duracağa göndərmək;
  • nəqliyyat vasitələrindən kommersiya məqsədi ilə istifadə edildikdə lisenziya və ya yol (marşrut) vərəqələrinin olmasına nəzarət etmək.

YOL POLİSİ XİDMƏTİ GİZLİ APARA BİLƏRMİ?

Yol polisi xidməti aşağıdakı qaydalarda aparır:
  • əməliyyat-xidməti nəqliyyat vasitələrində (avtomobil, motosiklet və vertolyotlarda);
  • piyada;
  • stasionar postlarda;
  • gizli.

EVAKUATORDAN NƏ ZAMAN İSTİFADƏ EDƏ BİLƏR?

  • sürücülər dayanma və durma qaydalarını pozmaqla saxladıqları nəqliyyat vasitələrini tərk etdikləri halda yol polisi müfəttişi nəqliyyat vasitəsinin duracağa göndərilməsi barədə qərar qəbul edir;
  • müfəttiş radio rabitəsi vasitəsilə qayda pozuntusu barədə növbətçi hissəyə məlumat verir və həmin yerə evakuator çağırır;
  • müfəttiş nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsini (Təlimata 15 saylı əlavə) doldurur;
  • müfəttiş bütün imkanlardan istifadə edərək bu haqda nəqliyyat vasitəsinin sahibini məlumatlandırmalıdır.
  • göndəriş vərəqəsinin surəti əsasında evakuatorun heyəti nəqliyyat vasitəsini göstərilən duracağa aparır;
  • duracağa gətirilmiş nəqliyyat vasitəsi onun qulluqçularına Aktla (Təlimata 16 saylı əlavə) təhvil verilir;
  • duracağın qulluqçuları nəqliyyat vasitəsini DYP orqanının aktda edilmiş qeydi əsasında, onun duracağa gətirilməsi və orada saxlanılması haqqı nəqliyyat vasitəsinin sahibi tərəfindən ödənildikdən dərhal sonra qaytarırlar.


SPİRTLİ İÇƏNİN CİHAZI - ALKOTESTER

Alkotester yol polisi müfəttişləri tərəfindən nəqliyyat vasitəsi sürücüsünün alkoqol maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilir.

Yol polisi içkili sürücüyə özünü təqdim etməyə bilər.

Müayinənin nəticəsi yol polisi müfəttişi tərəfindən müayinə olunan şəxsə bildirilir. Yalnız müayinə olunan şəxs öz sərxoşluğunu etiraf edərək müayinənin nəticəsilə razı olduqda, müfəttiş bu halı qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirir.

Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır.

Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar biruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. Sürücü tibbi müayinəyə aparılarkən tibbi müayinəyə göndərmə protokolu tərtib olunur.

Yol-patrul xidmətində istifadə olunan nəzarət-ölçü cihazları dövlət standartlaşdırma orqanları tərəfindən yoxlanılmalı və tətbiqinə icazə verən şəhadətnaməsi olmalıdır. Yoxlanılmamış, habelə yoxlama müddəti keçmiş nəzarət ölçü cihazlarının xidmətdə istifadəsi yolverilməzdir.

YOL POLİSİ MAŞINI HANSI HALDA SAXLAYA BİLƏR?
  • sürücü yol hərəkəti qaydalarını pozduqda;
  • hərəkətin xarakteri sürücünün nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olmasına şübhə doğurduqda (sərxoşluq,yorğunluq) və s;
  • nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayət törədilməsində şübhə olması barədə məlumat olduqda;
  • nəqliyyat vasitəsinin texniki vəziyyətinin normalara uyğunsuzluğu müəyyən edildikdə, banının hissələrinin zədələri olduqda və daşınan yük dağıldıqda və ya hərəkət üçün təhlükə yaratdıqda;
  • nəqliyyat vasitəsinin ön şüşəsində müvafiq texniki baxış talonu olmadıqda;
  • nəqliyyat vasitələrini idarə edən şəxslərin sənədlərini yoxlamaq məqsədilə stasionar postda xidmət apardıqda;
  • xüsusi tədbirlər keçirildikdə (yaxalama və s.) .

Müfəttiş nəqliyyat vasitəsinin dayanması barədə tələbi fitlə, jezllə işarə verməklə və ya səsgücləndirici cihazla edir. Bu tələb elə edilməlidir ki, sürücü nəqliyyat vasitəsini saxlayarkən digər hərəkət iştirakçılarına maneə yaratmasın.

Nəqliyyat vasitəsinin dayanma və durma qadağan edilən yerlərdə saxlanılmasına icazə verilmir, şəhər kənarında saxlanılan nəqliyyat vasitəsi yolun çiynində dayandırılmalıdır.

GECƏ VAXTI POLİS MAŞINI NECƏ SAXLAMALIDIR?
Gecə vaxtı nəqliyyat vasitəsi yalnız stasionar postlarda, habelə ondan kənarda yol polisi naryadının tərkibində iki müfəttiş olduqda saxlanıla bilər.

Ekipajda iki müfəttiş olduqda sükan arxasında olmayan müfəttiş keşik avtomobilindən düşür və saxlanılmış nəqliyyat vasitəsinin arxasından keçərək sürücüyə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmasının səbəbini bildirməklə ondan aşağıdakı sənədlərin təqdim olunmasını tələb edir:

  • sürücülük vəsiqəsini;
  • sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada alındıqda, onu əvəz edən müvəqqəti icazə vərəqəsini;
  • fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməni;
  • nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
  • nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə, xüsusi razılıq (lisenziya) və ya yol vərəqəsini;
  • daşınan yüklərə dair sənədləri;
  • nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə;
  • sərnişin daşınmaya cəlb olunmuş nəqliyyat vasitələri üçün marşrut vərəqəsini ;
  • təhlükəli və iri qabaritli yük daşınmasının hərəkət marşrutu və qəza vərəqəsi, belə daşımaya ijazə şəhadətnaməsi (sürüjü və nəqliyyat vasitəsi) və s.

YOL POLİSİ SƏNƏDİ GÖTÜRÜB ÖZ MAŞININA GİRMƏMƏLİDİR
Müfəttiş vacib halda sürücüdən saxlanılmış nəqliyyat vasitəsinin mühərrikinin söndürülməsini və onun nəqliyyat vasitəsindən çıxmasını tələb edir, sürücü ilə danışıqları və sənədələşməni bir qayda olaraq yol çiynində (səkidə) aparır. Bu zaman nəqliyyat vasitəsinə söykənmək (onun üzərində və içərisində yazı yazmaq, ayağını ayaqaltıya və ya bamperə qoymaq və s.) yolverilməzdir. Müfəttiş yalnız əlverişsiz hava şəraitində (külək, yağmur) sənədləşməni keşik avtomobilinin içərisində aparır. İstənilən halda hərəkət iştirakçısının qayda pozuntusunun sənədləşdirilməsi məqsədilə keşik nəqliyyat vasitəsinə mindirilməsi qadağandır.

POLİS HƏMİŞƏ TƏQİB EDƏ BİLMƏZ
Nəqliyyat vasiətəsinin sürücüsü müfəttişin dayanma tələbini yerinə yetirmədikdə, müfəttiş qonşu keşik marşrutu və postda xidmət aparan yol polisi naryadına bu barədə məlumat verir ki, onlar nəqliyyat vasitəsinin saxlanılması üçün əlavə tədbirlər görsünlər. Özü isə pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi və dövlət qeydiyyat nişanı göstərilməklə yuxarı vəzifəli şəxsə yazılı raport verir.

Dayanmaq barədə yol polisi müfəttişinin tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsini təqib etməyə, yalnız sürücü və onunla olan sərnişin tərəfindən cinayətin törədilməsinə və ya cinayət törədilməsində şübhəli olması haqqında dəqiq məlumat olduqda icazə verilir.

Nəqliyyat vasitəsinin təqib olunması zamanı yol polisi müfəttişi tərəfindən aşağıdakı tələblər yerinə yetirilir:

  • təqib olunan nəqliyyat vasitəsini daim görmə dairəsində saxlayır;
  • təqib olunanın bütün hərəkətlərini əvvəlcədən qiymətləndirir, onun gizlənməsinə imkan vermir;
  • bacarıq və ehtiyatla manevr edir;
  • təqib olunanın yaxalanması üçün ən qısa marşrut seçir;
  • təqib olunan nəqliyyat vasitəsinin sərnişinlərinin hərəkətlərinə diqqət yetirir ( atılan əşya, salonda yerdəyişmə və sair);
  • növbətçi hissəni təqib marşrutu barədə daim məlumatladırır, nəqliyyat vasitəsinin yaxalanması üçün əlavə qüvvə ayrılması üçün müraciət edir;
  • təqib olunan nəqliyyat vasitəsinə arxadan yaxınlaşaraq, səsgücləndirici vasitəsilə nəqliyyatın yol kənarında saxlanılmasını tələb edir.

Təqib zamanı yol polisi müfəttişi özünün və hərəkətin digər iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə aşğıdakıları yerinə yetirməyə borcludur:
  • təqib vaxtı xüsusi səs və sayrışan işıq siqnallarını işlək vəziyyətdə saxlamalıdır;
  • hərəkətin digər iştirakçılarına qarşı xüsusi diqqətli olmalıdır;
  • manevr etməzdən əvvəl onun təhlükəsizliliyinə tam əmin olmalıdır;
  • yol ayrıclarında və dəmiryol keçidlərində ötmə qaydalarını pozmamalıdır;
  • təqib olunana ehtiyyatla yanaşmalıdır;
  • təqib təhlükəli olduqda və ya onun bir nəticə verməməsi aydın olduqda təqibi dayandırmalıdır ( növbətçi müfəttişin razılığı əsasında, onunla rabitə olmadıqda - bu qərarı müfəttiş özü qəbul edir).

MAŞINI NƏ VAXT SÜRÜCÜDƏN ALIRLAR?

Keşik marşrutu və postunda xidmət aparan yol polisi müfəttişi aşağıdakı hallarda dayandırılmış nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırır və mühafizə olunan duracağa göndərir:

  • nəqliyyat vasitəsini idarə edən şəxsdə və ya onunla birgə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi olmadıqda;
  • nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda, saxta və ya qeyri standart olduqda;
  • nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi onu idarə edən şəxs tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
  • nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə;
  • nəqliyyat vasitəsi alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunduqda və onunla gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda.
Müfəttiş aşağıdakı hallarda hərəkət iştirakçılarını nizami hissənin və ya daxili işlər orqanının növbətçi hissələrinə gətirir:
  • qanun pozuntusuna görə yerində inzibati təsir tədbirlərini tətbiq və ya yol nəqliyyat hadisəsi üzrə sənədləşməni tərtib etmək mümkün olmadıqda;
  • nəqliyyat vasitəsini idarə edən şəxsin şəxsiyyətini müəyyənləşdirmək məqsədilə;
  • daşınan yükün sənədləri olmadıqda və sənədlərin saxtalığına şübhə yarandıqda;
  • nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət və ya yol nəqliyyat hadisəsi törətməsində şübhə yarandıqda;
  • piyadalar, mal-qara ötürənlər, at arabalarını sürənlər yol nəqliyyat hadisəsinin baş verməsində günahkar olduqda, habelə qayda pozuntusu törədilməsilə əlaqədar şəxsiyyətlərini müəyyən edən sənədi təqdim etmədikdə və ya yerində cəriməni ödəməkdən imtina etdikdə.

ÜÇ SAATLIQ MÖHLƏT

Nəqliyyat vasitəsinin saxlanma səbəbini üç saat ərzində yerində aradan qaldırmaq mümkün olduqda müfəttiş nəqliyyat vasitəsini yanında saxlayır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən, mübahisəli hallar araşdırıldıqdan və pozuntuya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılan nəqliyyat vasitəsini müfəttiş sahibinə qaytarır.

Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılma səbəbi yerində aradan qaldırılmadıqda müfəttiş nəqliyyat vasitəsini mühafizə olunan duracağa gətirir (göndərir).

YOL POLİSİ TƏKCƏ POLİS DEYİL
Svetofor nizamlanmasında nasazlıq yarandıqda və ya onun iş rejimi pozulduqda müfəttiş dərhal növbətçi hissəyə məlumat verir və çatışmamazlıqların aradan qaldırılmasına qədər olan müddət ərzində hərəkətin əllə nizamlanması üçün tədbir görür.

Avtomobil yolunda və ona bitişik ərazidə yanğın baş verdikdə müfəttiş dərhal növbətçi hissəyə məlumat verərək yanğının söndürülməsi üçün imkanı daxilində tədbir görür, nəqliyyat vasitələrinin yanğın yerindən kənarlaşdırılmasını və yanğınsöndürən avtomobillərin hadisə yerinə maneəsiz gəlişini təmin edir.

Müfəttiş hadisə yerində tibb işçiləri olmadıqda, müfəttiş xəsarət alan şəxslərə ilk tibbi yardım göstərir.

Müfəttiş hadisə yerinə təcili yardım avtomobili çağırmaq mümkün olmadıqda xəsarət alanı xidməti və ya başqa nəqliyyat vasitəsilə tibb müəssisəsinə çatdırır.

Müfəttişin yolda məcburi dayanmış nəqliyyat vasitəsi sürücülərinə dayanmanın səbəblərinin aradan qaldırılmasında kömək etməsi məcburidir. O, digər hərəkət iştirakçılarını da yardım göstərilməsinə cəlb edə bilər. Ümumi istifadədə olan nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən dayandıqda onun sərnişinlərini müfəttiş eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələri ilə yola salmalıdır.

Müfəttiş yolu keçmək istəyən qocalara, əlillərə və uşaqlara köməklik göstərməlidir. Uşaqların tədris ocaqlarına və geriyə hərəkəti zamanı müfəttiş yolun qəza təhlükəli sahələrində olmalı, onların təhlükəsizliyini təmin etməlidir.

YOL POLİSİ YALNIZ "SİZ"LƏ DANIŞMALIDIR
Müfəttiş hərəkətin digər iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etməli, onlarla ünsiyyətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməməlidir. O, hərəkət iştirakçılarına "siz", "cənab (xanım) sürücü (piyada və s.)" və "vətəndaş" deyərək müraciət edir.

Müfəttiş nəqliyyat vasitəsini saxladıqdan sonra sürücüyə yaxınlaşır, özünü təqdim edir və aşağıdakı hallarda onun nəqliyyat vasitəsindən çıxmasını tələb edir:
  • nəqliyyat vasitəsinin nasazlığının və yükün daşınma qaydaları pozuntularının aradan qaldırılması məqsədilə;
  • sürücünün alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına kifayət qədər şübhə olduqda;
  • sürücü və sərnişinlərdən birinin yol nəqliyyat hadisəsi və ya cinayət törətməsi barədə məlumat olduqda;
  • müfəttişin saxlanılmış nəqliyyat vasitəsinin yanında durması onun həyatı üçün təhlükəlidirsə və ya hərəkətə maneə törədirsə.

Müfəttiş Polisin Post-Patrul Xidmətinin Nizamnaməsinə müvafiq olaraq, aşağıdakı qaydada özünü hərəkət iştirakçılarına təqdim etməlidir:

  • sağ əlini papağına dayayaraq hərbi təzim qaydasında vəzifəsini, rütbəsini, soyadını deyir və əlini aşağı salaraq nəqliyyat vasitəsinin dayandırılma səbəbini qısa və aydın şəkildə izah edir.

Müfəttiş özünü sərxoş halda olan hərəkət iştirakçılarına təqdim etməyə bilər. Nəqliyyat vasitəsinin sürücüsü onu qaçırmaqda və ya yol nəqliyyat hadisəsi törətməkdə, habelə sərxoş vəziyyətdə olmaqda şübhəli olduqda saxlamanın əsas səbəbini müfəttiş ona bildirməyə bilər.

Müfəttiş göstərişlərini qısa və aydın tərzdə ifadə edərək onların ikili mənada başa düşülməsinə yol verməməlidir. O, hərəkət iştirakçısına hərəkətlərinə görə izahat verməsinə imkan yaratmalı, lakin uzun müddətli danışıqların qarşısını almalıdır. Hərəkət iştirakçısı müfəttişin göstərişlərini yüksək həssaslıqla qəbul edirsə və əsəbiləşirsə ona sakitləşmək üçün vaxt verilməlidir və bundan sonra yol hərəkəti qaydası pozuntusunun məzmunu və onun "Yol hərəkəti haqqında" Qanunun hansı maddəsində nəzərdə tutulduğu bildirilməlidir.

Müfəttiş şəxsi hisslərə qapanaraq narazılıq bildirən və qanun pozuntusu halı ilə razılaşmayan yol hərəkəti iştirakçısı barəsində qəbul edilən inzibati cəzanı ağırlaşdırmamalıdır. Mübahisə yarandıqda müfəttiş öz vəzifəsi, rütbəsi və soyadını təkrarən bildirməli, habelə inzibati məsuliyyətə cəlb etmək haqqında qərardan şikayət verilməsi qaydasını izah etməlidir. Qanun pozuntusu barədə iradların valideynlərə uşaqlarının yanında bildirilməsi qadağandır.

Müfəttiş azyaşlı yol hərəkəti iştirakçılarına onların yol vermiş olduqları pozuntuların gələcəkdə yol verilməzliyini qısa və inandırıcı şəkildə izah etməlidir.

Qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı müfəttişin qanuni tələblərini icra etməkdən imtina edirsə, müfəttiş bu barədə rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədilə növbətçi hissəyə məlumat verir.

Müfəttişin yol hərəkəti iştirakçılarından hər hansı bir hədiyyə qəbul etməsi qadağandır.


ƏCNƏBİLƏR VƏ YOL POLİSİ
Yol hərəkəti qaydalarını pozan diplomatik immunitetə malik olmayan əjnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər qanunvericilik ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Yol-patrul xidmətini yerinə yetirən müfəttiş diplomatik immunitetə malik olan əcnəbilərin yol hərəkəti qaydalarını pozmasını aşkar etdikdə o, nəqliyyat vasitəsini saxlayır və əcnəbinin şəxsiyyətini təsdiq edən sənədini yoxlayır.

Diplomatik (konsul) vərəqələri, diplomatik pasportları, habelə xidməti vəsiqələrində onların diplomatik imtiyazları olmaları barədə qeyd olan əjnəbilər diplomatik immunitetə malikdir.

Diplomatik immunitetə malik olan əcnəbinin törətdiyi inzibati pozuntuya görə müfəttiş müəyyən olunmuş qaydada inzibati xətaya dair protokol tərtib edir.Bu halda şəxsin sənədi alınmır.

Müfəttiş nəqliyyat vasitəsinin diplomatik immunitetə malik olan əcnəbi tərəfindən sərxoş vəziyyətdə idarə edilməsindən şübhələndikdə, ona müayinədən keçməyi təklif edir. Əcnəbi buna etiraz etdikdə müfəttiş onu nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırır və bu barədə növbətçi hissəyə məlumat verir. Daha sonra o, inzibati protokol tərtib edərək əcnəbinin tibbi müayinədən yayınmasını qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirir.

Müfəttiş nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırdığı diplomatik immunitetə malik olan əcnəbiyə, mənsub olduğu dövlətin respublikamızdakı nümayəndəliyinə məlumat verməsi üçün telefon danışığı aparmağa imkan yaratmalıdır.

Müfəttiş, diplomatik immunitetə malik olan əcnəbinin razılığı əsasında, sürücülük vəsiqəsi olan və əcnəbi ilə eyni nəqliyyat vasitəsində hərəkət edən şəxsə saxlanılmış nəqliyyat vasitəsini idarə etməyə icazə verməlidir.

Diplomatik immunitetə malik olan əjnəbilərin xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılması, istismarının qadağan edilməsi və ya yol hərəkətində iştirakdan kənarlaşdırılması qadağandır.

Sürücüsü yol hərəkətində iştirakdan kanarlaşdırılmış nəqliyyat vasitəsi müvafiq xarici dövlətin respublikadakı səfirliyinin (konsulluğunun) nümayəndəsinə təhvil verilir.

Diplomatik immunitetə malik olan əjnəbilərin xidməti və şəxsi nəqliyyat vasitələri evakuatorla müvəqqəti saxlanılması üçün duracağa aparıla bilməz. Belə nəqliyyat vasitəsi hərəkətə maneə törətdiyi hallarda onların yerini evakuatorla dəyişmək olar.

Diplomatik immunitetə malik olan əjnəbilərin xidməti və şəxsi nəqliyyat vasitələrindən təcili tibbi yardım göstərmək, habelə təbii fəlakət yerlərinə getmək, həmçinin zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün istifadə oluna bilməz.

Yol polisi müfəttişi keşik marşrutu və postunda əcnəbinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi barədə növbətçi hissəyə məlumat verir və müəyyən edilmiş qaydada hərəkət edir.

Yol nəqliyyat hadisəsi diplomatik immuniteti olan əcnəbinin iştirakı ilə baş verdikdə (o bədən xəsarəti almamışdırsa) müfəttiş ona hadisənin sənədləşdirilməsində iştirak etməsini təklif edir. Əcnəbi bu təkliflə razılaşmadıqda, müfəttiş onun barəsində lazımi məlumatı alaraq hadisə yerini tərk etməsinə icazə verir və sənədləşməni hal şahidlərinin iştirakı ilə aparır.
XS
SM
MD
LG