Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:55

Düdənginskinin videolenti tapılıb!


Nəsiman Yaqublu
AzadlıqRadiosunun bu gün canlı efirdə olan «Can Bakı» proqramında iki mövzuda müzakirələr oldu.

Birinci mövzu - Sovetlər dönəmində Avropada yaşayan azərbaycanlı mühacirlərin həyat və fəaliyyətini əks etdirən son Bakı sərgisi hansı sürprizlər yaşatdı? Qonaq tarixçi alim Nəsiman Yaqublu.

İkinci mövzu—Bakının ticarət mərkəzlərində istehlakçılar nədə aldadılır? Qonaq İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova.

Nəsiman Yaqublu fevralın 4-də Bakıda gerçəkləşdiilən keçmiş Sovetlər dönəmində Avropada yaşayan Azərbaycanlı mühacirlərin həyat və fəaliyyətini əks etdirən birgünlük sərgi haqqında geniş danışdı. «Bu sahədə çox işlər görülməlidir. Bu görülən işlərin bir hissəsidir, amma mühüm hissəsidir»- deyən tarixçi alim indiyədək fərdi təşəbbüslərlə həyata keçirilən işin ilk dəfə sistemli şəkildə gerçəkləşdirildiyini vurğuladı. Bu işə dəstək vermiş Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi.

DÜDƏNGİNSKİNİN VİDEOLENTİ TAPILIB!

Nəsiman bəy indiyədək görülən işlərin mətbuat sahəsini —mühacirlərin şəxsi yazışmalarını, nəşr etdirdiyi kitabları əhatə etdiyini söylədi: «Amma böyük bir sahə az araşdırılılıb. Məsələn, onların videogörüntülərinin və audio səslərinin toplanılıb gətirilməsi. Bizə nə qədər maraqlıdır Ceyhun Hacıbəylinin səsini dinləmək və ya M,Ə.Rəsulzadənin videolentinə baxmaq. Biz Ə.Fətəlibəyli Düdənginskinin video görüntüsünü tapıb gətirdik.1943-cü ildə Berlində keçirilən Milli Azərbaycan qurultayındakı çıxışını. Maraqlıdır ki, orada əyləşənlərin hamısı tarixi şəxsiyyətlərdir. Biz onların da görüntülərini gətirdik. Vaxtilə Gəncə üsyanının qəhrəmanı olan Cahangir bəy Kazımbəylinin video görüntüsü də var onların içində. Bu adam iki həftə Gəncədə sovet hökumətini yıxıb, Cümhuriyyətin qanunlarını bərpa edib, üçrəngli bayrağımızı dalğalandırıb. Ona az qala 70 ildən sonra «baxmaq» nə qədər maraqlıdır».

TƏK ADAM YOX, ARAŞDIRICILAR QRUPU İŞLƏMƏLİDİR!

Artıq bu sahədə yeni bir izə düşdüyünü deyən Nəsiman Yaqublu Nyu-Yorkda SSRİ-ni Öyrənmə İnstitutunun Arxivində çox zəngin materiallar olduğunu bildirdi:

«Bu institut əvvəllər Almaniyada Münhen şəhərində yerləşirdi. Amerikalılar yaratmışdılar. Məqsədi Sovetlərə qarşı ideoloji və psixoloji müharibə idi. Sovetlər dağılandan sonra institut işini bitirdi, arxivi Nyu-Yorka köçdü».

Amma burda da bir problem olduğunu söyləyən qonağımız arxivdə araşdırma aparan adamın mühacirət tarixini yaxşı bilməsini xüsusi vurğuladı:

«Gərək, tutalım, Məcid Musazadəni üzdən tanıyasan ki, videolentdə də görəndə onu müəyyənləşdirə biləsən».

Bu işdə tək adamın deyil, xüsusi tədqiqatçılar qrupunun gərək olduğunu söyləyən Nəsiman Yaqublu , «bu çox vacib sahədir, bu bizim milli-mənəvi dəyərlərimizdir., müstəqillik uğrunda mübarizə aparan şəxsiyyətlərimizin canlı salnaməsidir, bunları toplayıb gələcək nəsillərə çatdırmaq borcumuzdur» deməyi də unutmadı.

Nəsiman Yaqublu sərginin niyə cəmi bir gün keçirilməsinin səbəbinə də toxundu:

«Maddi problemlərlə bağlı idi. Hər hansı bir təşkilat bizə yardımçı olsa, onu bir ay da sərgiləyə bilərik. Layihədə onun ancaq təqdimatı nəzərdə tutulmuşdu, sərgilənməsi yox».

200-Ə QƏDƏR ORİJİNAL SƏNƏD GƏTİRDİK

Gətirilən arxiv materiallarının 71 illik dövrü, üç ölkəni –Türkiyə, Almaniya və Polşanı əhatə etdiyini söyləyən N.Yaqublu bu sərhədin gələcəkdə Fransaya, hətta Argentinaya qədər uzanacağını bildirdi:

«Hələlik 200-ə qədər orijinal sənəd gətirdik. O dövrdə mühacirlərin nəşr etdirdiyi qəzet və jurnalların xeyli hissəsi artıq bizdədir. Çox maraqlı bir sənəd də əldə etdik. Azərbaycan legionerlərinin buraxdığı «Azərbaycan» qəzetinin bütün saylarını gətirdik—100-ə qədər nömrə. 1942-ci ildən 44-cü ilə qədər çıxıb. Almaniyadan Potsdam arxivinə sifariş verdik, Frankfurtdan aldıq. O qəzetin bizdə cəmi bir sayı vardı...Daha bir maraqlı sənəd. Bayaq dediyim—SSRİ-ni Öyrənmə İnstitutunun nəşr etdiyi «Dərgi» jurnalının, o həm türkcə, həm də müəyyən nömrələri rusca çıxırdı, bütün saylarını gətirdik. Bu bizdə heç yox idi».

Gətirilən sənədlərin içində bir istiqamətin də şəxsi yazışmalar olduğunu bildirən Nəsiman Yaqublu onların bəzilərini də sadaladı: «Məsələn, Polşadan M.Ə.Rəsulzadənin Polşa Xarici İşlər Nazirliyi ilə yazışmalarını—16 məktub gətirdik Ə.B.Topçubaşovun iki məktubu, Cümhuriyyət dövründə Daxili İşlər Naziri işləmiş Mustafa Vəkilovun iki məktubu artıq bizdədir. Çox maraqlı məktublardır. Ceyhun Hacıbəylinin Fətəlibəyliyə yazdığı 6 məktub da həmçinin gətirdiyimiz sənədlər arasındadır. Bundan başqa çoxlu kitablar gətirdik. Almas İldırımın, M.Ə.Rəsulzadənin, Mirzə Balanın, Yurdsevərin və s. Məsələn, mənə çox maraqlı oldu Əmin Abid Gültəkinin 1948-ci ildə Türkiyədə çıxan «Buzlu cəhənnəm» kitabını görmək. Üstündə üçrəngli bayrağımızın əksi olan gözəl bir kitabdır...».

Nəsiman Yaqublu bütün sənədlərin Milli Arxiv İdarəsinə veriləcəyini bildirdi: «Mən arzu edərdim ki, bu irsdən faydalansınlar, bu irsə üz tutsunlar».

YA NƏZARƏT ETMƏLİYİK, YA DA ONLARI VƏTƏNDƏ DƏFN ETMƏLİYİK!

Nəsiman bəy mühacirət fəallarının övladlarının, nəvə-nəticələrinin gücü ilə diaspor işini gücləndirməyin mümkünlüyünə də diqqət çəkdi:

«Son illərdə köç edən azərbaycanlılardansa, illərdir o ölkələrdə yaşayanların gücündən yararlanmaq olar» .

İkinci bir problemin mühacirlərin məzarlarının saxlanılması olduğunu deyən N.Yaqublu bir çoxlarının qəbirlərinin bu üzdən itdiyini diqqətə çatdırdı:

«Məsələn, Fətəlibəylinin məzarı 2011-ci ilə qədər saxlanılacaq».

Bu məsələnin təkcə Almaniyada yox, başqa ölkələrdə də aktual olduğunu söyləyən qonağımız «ya dövlət səviyyəsində müqavilə imzalayıb, onların məzarlarını nəzarətə götürməliyik, ya da, onları gətirib Vətəndə dəfn etməliyik» dedi.

Sonda Nəsiman bəy bu sənədləri əldə etməkdə köməklik göstərəm şəxslərin adlarını sadaladı və onlara sonsuz təşəkkürlərini çatdırdı: «Dostlar olmasaydı, mən bu işləri görə bilməzdim».

Nəsiman Yaqublu AzadlıqRadiosu ilə bağlı, onun ilk baş redaktoru, arxivi, ən fəal işçiləri barədə maraqlı fikirlər də söylədi. Odur ki, hamınıza verilişi dinləməyi məsləhət görürəm.

İradə Cavadova
İkinci mövzumuz belə adlanırdı - Bakının ticarət mərkəzlərində istehlakçılar nədə aldadılır? Qonağımız İnsan Hüquqları üzrə Maarifləndirmə İB-nin sədri İradə Cavadova oldu.

İradə xanım artıq bir neçə ildir bu sahədə vaxtaşırı monitorinqlər keçirdiklərini bildirdi. «Səbəbi gələn şikayətlərdir» söyləyən İradə xanım Bakıda istehlakçı hüquqlarının hər zaman pozulduğunu bildirdi. Bəzi insanların bunun fərqinə vardığını, bəzilərinin isə əhəmiyyət vermədiyini deyən müsahibimiz «Elə biz də bazarlarda, dükanlarda, mərkəzlərdə belə halların şahidi oluruq. Ancaq vaxtımız, həvəsimiz olmur ki, bunun üstündə mübahisə açaq».

YAĞIN ÇƏKİSİNİ DÜZ YAZMIRLAR


İradə xanım son zamanlar ən çox qablaşdırılmış yağların satışında istehlakçı hüquqlarının pozulduğunu müşahidə etdiyini dedi: «Təbii ki, hər bir istehlakçı yağı qutu ilə almır. Ancaq bütöv alanlar da olur. Qutu ilə aldığımız zaman isə onun kilosunun üstündə yazılanla uyğun gəlmədiyi üzə çıxır».

Monitorinqlər göstərib ki, yeni açılan marketlərdə bu məsələyə daha diqqətlə yanaşırlar. Ancaq illərdir çalışan marketlər fərqli mövqe sərgiləyirlər: «Mən hətta bir marketdə mübahisə elədim ki, siz düzgün hərəkət etmirsiniz, ya bilərəkdən edirsiniz, ya da tərəziniz düzgün deyil. Onlar çox pis vəziyyətdə qalmışdılar. Bu hələ bir tərəfi. Axı, orda kolbasa məmulatları var, pendirlər var, kəsilib satılan məhsullar var. Demək, istehlakçı total şəkildə aldadılır».

Qablaşdırılmış məhsulların satışında da nöqsanlar olduğunu deyən İradə xanım, bir çox alıcıların yaş səbəbindən gözləri zəif gördüyündən aldandıqlarını söylədi: «O məhsulların üstündə hərflər çox kiçik yazıldığından, solmuş vəziyyətdə olduğundan, köhnə tarixli malları istehlakçılar almağa məcbur qalırlar».

İradə xanım bir məsələyə də diqqəti çəkdi: «Adətən, marketə yeni gələn mallar arxaya yığılır, köhnələr isə önə. Halbuki vaxtı keçməyə az qalmış mallar ucuzlaşdırılmalıdır. Xarici ölkələrdəki bu təcrübəni bizdə də tətbiq etmək gərəkdir. Müddət bitibsə, o məhsullar yığışdırılmalıdır».

BAZARLARDA TƏRƏZİLƏR DÜZ İŞLƏMİR

Monitorinq qrupu Bakı bazarlarında da çəkidə aldatmalar müşahidə edib: «Tərəzilər elektron deyil. Hətta Yaşıl bazarda bir xanıma bir kilo yerinə yarım kilo alma satmışdılar. İstehlakçı bilməlidir ki, bazarlarda nəzarətçilər var. Ona müraciət etsələr, çəkini kontrol edə bilər. Ancaq heç bir bazarda belə bir elana rast gəlməzsiniz ki, aldadıldığınız zaman nəzarətçiyə müraciət edə bilərsiniz. Özü də, satıcılar bu nəzarətçilərdən çəkinirlər. Demək, cərimə olunmaqdan qorxurlar. Təəssüf ki, alıcılar da öz hüquqlarını bilmirlər».

İradə xanım Bakı bazarlarında, xüsusən də Yaşıl bazarda gigiyenik qaydalara əməl olunmadığını da bildirdi: «Göy-göyərtinin satılan piştaxtalarda natəmizlik baş alıb gedir. Göyərtilər yerə düşür, natəmiz suyla yuyulur və s. Müdiriyyət şərt qoymalıdır, onlar paketlənib satılmaldır».

İradə xanım ölkədə köhnə, xarab olmuş malların ekspertizasını keçirəcək laboratoriyanın olmamasını da ürək ağrısı ilə vurğuladı: «Ancaq belə müstəqil laboratoriyalar çox olmalıdır və insanlar istədiyi ərzağı öz hesabına yoxlatmaq imkanı əldə etməlidir».

ÇÖRƏKLƏR KEYFİYYƏTSİZDİR

Sonda şəhərdə satılan çörəklərin keyfiyyətinə də toxunan İ.Cavadova həmin çörəklərin bir gündən artıq qaldıqda keyfiyyətlərini dəyişdiyini söylədi: «Halbuku yaxşı undan, yaxşı şəraitdə bişmiş çörək 3 gün təzə qala bilər».

Yol qırağında bişən çörəklərin gigiyenik tələblər qorunmadan hazırlandığını deyən qonağımız bu işi dövlət nəzarəti olan zavodların görməli olduğunu da diqqətə çatdırdı.

«İqtisadi İnkişaf Nazirliyi bu sahəyə nəzarət edirmi?» - sualını İ.Cavadova belə cavabladı: «Mən hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi bu işə daha ciddi yanaşmalıdır. Çörəklə bağlı bəzi reydlər aparılmışdı. Amma hansı cəza sanksiyaları verildiyi mətbuata bildirilmədi. İnsanlar bu əməllərinə görə onları hansı cəza gözlədiyini bilməlidirlər».
XS
SM
MD
LG