Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

Demokratik prinsipiallıq müqayisəsi


Bir gün Çin tarixi Lyu Syaobonu öz ölkəsinin Vatslav Haveli, yaxud Aleksandr Soljenitsini kimi şərəfləndirəcək
Bir gün Çin tarixi Lyu Syaobonu öz ölkəsinin Vatslav Haveli, yaxud Aleksandr Soljenitsini kimi şərəfləndirəcək
Fevralın 9-da «Weekly Standard» dərgisi Çində azad söz uğrunda mübarizə apardığına görə həbsə atılmış Lyu Syaobonun məhkəməsi barədə əhatəli məqalə dərc edib. Müəllif Kelli Karri yazır ki, vaxtilə çex dissident hərəkatının əsasını qoyduğu Xartiya 77 ideyasını təkrarlayan çinli dissident Lyu Syaobo Xartiya-08 sənədini hazırlamaqla Çin Kommunist Partiyasının birpartiyalı hakimiyyətini sual altına qoymuşdur və buna görə də yerli hakimiyyətin qəzəbinə tuş gəlmişdir.

Syaobonun məhkəməsi Kafka stilli totalitarlığın təcəssümüdür. Məhkəmə qısa, bağlı qapılar arxasında, birtərəfli və nəticəsi Çin rejiminin ən yuxarı eşalonlarında əvvəlcədən müəyyənləşdirildiyi qaydada keçirilib. Müəllif onu da qeyd edir ki, ABŞ-ın bu həbsə reaksiyası çox yumşaq 24 dekabr bəyanatı ilə məhdudlaşıb. Lyu Çinin ən görkəmli siyasi dissidenti olsa da, dövlət katibi Klinton, yaxud prezident Obama bu həbsə - qeyri-zorakı fəaliyyətə görə indiyədək verilmiş ən ağır cəzaya (11 illik həbs cəzası) münasibət bildirməyiblər.

Müəllif Çin demokratiyasının ağrılarını təsvir etmək üçün Lyu Syaobonun məhkəmədə etdiyi çıxışdan parçalara xüsusi yer verir. Syaobo, bu imkan sonradan ona verilməsə də, məhəkəmədə oxumaq üçün bir bəyanat hazırlamışdı. Bu bəyanatda Syaobo onun təqibində iştirak edənlərə belə öz hörmətini izhar edir, onların ötən illər ərzində həbsxana şəraitini yaxşılaşdırdıqlarını qeyd edir (Syaobo 20 il əvvəl də eyni rejim tərəfindən həbs olunub), buna görə onlara təşəkkür edir. Bütün bunlara rəğmən Syaobo onun təqibçilərinin iştirakçıları olduqları sistemi kəskin tənqid edir:

NİFRƏTİ SEVGİ İLƏ ZƏRƏRSİZLƏŞDİRƏ BİLƏCƏYƏM

«Mən azadlığımı əlimdən alan rejimə demək istəyirəm ki, 20 il əvvəl «2 iyun aclıq deklarasiyasında» bəyan etdiyim fikrimdə qalıram: Mənim düşmənim yoxdur, nifrətim də yoxdur. Çünki nifrət insan ağlını və şüurunu aşındırır. Düşmənçilik mentaliteti millətin ruhunu zəhərləyə bilər, qəddar ölüm-dirim mübarizəsinə gətirib çıxarar, cəmiyyətin tolerantlıq və humanistliyini dağıdar və millətin azadlıq və demokratiyaya doğru irəliləyişini əngəlləyə bilər. Buna görə də ümid edirəm ki, öz şəxsi kinimin fövqündə dayana biləcəyəm və dövlətin inkişafı, cəmiyyətdə dəyişiklikləri başa düşməyim mənə bu işdə kömək edəcək. Ümid edirəm ki, rejimin düşmənçiliyini ən yaxşı niyyətimlə qarşılaya biləcəyəm və nifrəti sevgi ilə zərərsizləşdirə biləcəyəm.

Mənim siyasi dünyagörüşüm aşağıdakı prinsiplərə və şəxsi təcrübəyə əsaslanır: Mənim dərin inamım var ki, Çində siyasi inkişaf heç vaxt dayanmayacaq; Çində gələcəkdə azadlığın bərqərar olacağına dair optimistəm, çünki insanın azadlıq istəyini heç bir qüvvə boğa bilməz. Çin nə vaxtsa insan hüquqlarının ali olduğu, qanun aliliyinin hökm sürdüyü bir ölkəyə çevriləcək. Mən həmçinin ümidlə gözləyirəm ki, bu tərəqqi məhkəmənin gedişində də öz əksini tapacaq və ümid edirəm ki, bu məhkəmə tarixin sınağından çıxa biləcək bir hökm verəcək.

ƏGƏR MƏNİ ƏZİB KÜLƏ DÖNDƏRSƏLƏR, MƏN SƏNİ KÜLÜMLƏ QUCAQLAYACAĞAM

Əgər məndən soruşsalar ki, son iyirmi il ərzində həyatımın ən xoş hissəsi nədən ibarət olub, mən həyat yoldaşım Lyu Sianın mənə olan fədakar məhəbbətini qeyd edərdim. O, bu gün bu məhkəmə salonunda ola bilməsə də, ona səslənib demək istəyirəm: Əzizim, mən sənin dönməz məhəbbətindən arxayınam. İllərcə mənim qeyri-azad həyatımda bizim məhəbbətimizdə xarici mühitin üstümüzə atdığı acılar mövcud olub, ancaq bütün bunlar təsirsiz ötüşüb. Mən gözlə görünən bir zindana məhkum edilirəm, sən isə gözəgörünməz bir zindanda məni gözləyirsən. Sənin məhəbbətin həbsxana divarlarını,barmaqlıqlarını dəlib keçən bir işıq şüasıdır ki, mənim bütün vücuduma təsir edir, həbsxana odamı isindirir və mənə öz daxili sakitliyimi saxlamağa imkan verir. Bu, elə bir nəhəng və parlaq şüadır ki, mənim hər həbsxana dəqiqəmi mənalı edir.

Lakin mənim sənə olan məhəbbətim o dərəcədə günahkarlıq hissi və peşmançılıqla yüklənib ki, mənim addımlarımı belə ağırlaşdırır. Mən vəhşi təbiətdə qərar tutmuş sərt bir daşam; tüğyan edən tufanlara duruş gətirəsi oluram və hamının toxunmağa qorxduğu qədər soyuğam. Ancaq mənim məhəbbətim də sərtdir, itidir və hər bir maneəni aşıb keçə bilər. Əgər məni əzib külə döndərsələr, mən səni külümlə qucaqlayacağam.

Sənin məhəbbətinlə mən qarşıdan gələn məhkəməni sakit qarşılayacağam; öz seçimimdən peşiman olmadan sabaha ümidlə baxacağam. Mən ümidlə o günü gözləyirəm ki, mənim ölkəmdə ifadə azadlığı olsun, bütün vətəndaşların çıxışlarına eyni hörmətlə yanaşılsın, müxtəlif dəyərlər, ideallar, əqidələr, siyasi baxışlar...həm bir-biri ilə rəqabət apara bilsinlər, həm də dinc şəkildə bir-biri ilə yanaşı mövcud ola bilsinlər. O günü gözləyirəm ki, çoxluq və azlığın fikirləri eyni təminatlarla qorunsun, xüsusən hakimiyyətdəkilərin fikirlərindən fərqlənən siyasi baxışlar hörmətlə qarşılansın və qorunsun, bütün siyasi fikirlər açıq-aydın ortaya qoyulsun və insanların seçim imkanı olsun, insanlar öz siyasi baxışlarını təqiblərdən çəkinməyərək ifadə edə bilsinlər, fərqli fikirə görə heç kim siyasi təqibə məruz qalmasın. Ümid edirəm ki, Çinin hərfi mənada inkiviziyasının sonuncu qurbanı olacağam və bundan sonra bir daha heç kim dediyi sözə görə həbs olunmayacaq.

SÖZ AZADLIĞINI BOĞMAQ İNSANLIĞI BOĞMAQ DEMƏKDİR

Söz azadlığı insan haqlarının, insanlıq mənbəyinin təməlidir və həqiqətin anasıdır. Söz azadlığını boğmaq insan haqlarını tapdalamaq, insanlığı boğmaq və həqiqəti əzmək deməkdir.

Mən öz konstitusion hüquqlarıma əsaslanıb söz azadlığı hüququmdan yararlandığıma və Çin vətəndaşı kimi öz ictimai vəzifəmi yerinə yetirdiyimə görə peşman deyiləm. Buna görə ittiham edilsəm də, şikayətim olmayacaq. Çox sağ ol!».

Syaobonun çıxışından bu parşanı oxuculara təqdim edən müəllif dərhal sonra bu qeydi də edir: Lyunun ifadə azadlığını bu cür əhatəli şəkildə müdafiə etməsinə baxanda onu prezident Barak Obamanın Şanxayda etdiyi qəribə çıxışla müqayisə etmək az qala ağrılı olur. Onda Obma demişdi: «Mən senzuranın olmamasının böyük tərəfdarlarındanam». Müəllif davam edir: «Ya da Lyunun bu müdafiəsini prezident Obamanın bu təhqiredici şərhi ilə yanaşı qoyun: «Müxtəlif ölkələrin müxtəlif ənənələri var».

MƏCBURİ OXU MATERİALI

Yekunda qeyd edilir ki, bir gün Çin tarixi Lyu Syaobonu öz ölkəsinin Vatslav Haveli, yaxud Aleksandr Soljenitsini kimi şərəfləndirəcək. İndi isə yaxşı olardı ki, ABŞ və digər azad dövlətlər Lyunun narahatçılıqlarına heç olmasa mütəmadi olaraq Çin diktatorlarının xətrinə dəyməmək üçün göstərdikləri qədər sayğı göstərsinlər. Başlanğıc üçün Lyunun bu çıxışını ABŞ-ın Çin siyasəti istiqamətində işləyən bütün dövlət məmurları üçün, xüsusilə də ABŞ-ı prinsiplər məsələsində güzəştə çağırıb Pekinlə əməkdaşlıq fasadını qorumaq istəyənlər üçün məcburi oxu materialı etmək lazımdır.
XS
SM
MD
LG