Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

"Həmid Herisçinin onluğa düşməməsi böyük ədalətsizlikdir"


“Burada böyük ədalətsizlik var. Məncə, Həmid Herisçinin ilk onluğa düşməməsi böyük xəyal qırıqlığı yaratdı. Onluğa düşən yazıçılar heç də Həmiddən daha istedadlı deyil”.

Bunu Azad Yazarlar Ocağının təmsilçisi, şair Rasim Qaraca AzadlıqRadiosunun “İşdən sonra” verilişində Milli Kitab Mükafatı müsabiqəsinin növbəti seçim mərhələsinin nəticələrinin açıqlanmasına – ilk onluğun elan edilməsinə münasibət bildirərkən deyib.

- Azərbaycanda ikili ədəbiyyat anlayışı var. Bunlardan biri - dünya ədəbiyyatından qopan lokal – necə deyərlər “öz yağımızda bişən” ədəbiyyatdır. Azərbaycanda ədəbi prosesdə belə yazarlar üstünlük təşkil edir. Müasir dünya ədəbiyyatı ilə bağlı olan, Azərbaycana yeni düşüncə gətirən ədəbiyyatın nümayəndələri isə azlıqdadır. Bu azlığın ən görkəmli nümayəndəsi Həmid Herisçidir, amma o da onluqdan kənarda qaldı. Mən əminəm ki, müsabiqənin münsiflər heyətində onu başa düşəcək səviyyə yoxdur. Oradakıların heç birində. Onlar köhnə düşüncəli adamlardı. Köhnə üslubda yazanların onluğa düşməsi də bunun nəticəsidir. Kim ki iddia edir ki, Həmiddən daha yaxşı yazıçıyam, mən onun yerinə utanıram.

Həmid Herisçi
Amma “İşdən sonra” verilişinə telefonla qatılan Həmid Herisçi müsabiqə təşkilatçılarını tənqid etməyib və onluğa düşən həmkarlarını təbrik edib.

- Mən azad insanam və əsər yazanda da heç bir mükafat gözləmirəm. Heç vaxt şan-şöhrətə can atmamışam. Mən yolu başqalarına açmağıma sevinirəm. Bu mənim üçün xoşdu. Başqalarının uğuruna sevinirəm. Onluğa düşənlərin də çoxunun əsərini oxumuşam və onları dəyərli yazar sayıram. Onluqdakıların hamısını təbrik edirəm. Mənim yaradıcılığımın qiymətini veriblər və mən də öz əsərlərimin dəyərini bilirəm. Əsas odur ki, insan özü özünə ədalətli qiymət versin. Azərbaycanda kitab müsabiqələrinin olmasına sevinirəm. Biz onluğa düşməsək belə, bu müsabiqə ictimai müzakirələrə yol açırsa, bunun özü də çox faydalıdır.

İyirmiliyə düşsə də, onluqdan kənarda qalan yazıçı Taleh Şahsuvarlı da müsabiqə təşkilatçılarına uğurlar arzulayıb.

- İyirmiliyə düşən əsərlərin hamısını oxumamışam. Amma bəzi əsərləri oxumuşam. İlkin seleksiya prosesini kifayət qədər yaxşı seçim kimi qiymətləndirirdim. Həmin nəticələrdən razı idim. Bu günki nəticələrdən də kifayət qədər razıyam. Baxmayaraq ki iyirmilikdən onluğa düşməyən yazıçılar düşənlərdən daha parlaq görünür. Aralarında xalq yazıçısı da var. Mən sonadək bu müsabiqəni müdafiə etmək fikrindəyəm. Yazıçıdan tələb edilən böyüklükdür. Qalibin əlini sıxmaqdır. Mən də ilk onluğa düşənləri təbrik edirəm. Bu müsabiqə ədəbiyyat sahəsində yeni rəqabət imkanları yaradır. Sadəcə düşünürəm ki, müsabiqə təşkilatçıları bəzi təşkilati yanlışlıqlara yol veriblər. Hədəf auditoriya düzgün müəyyənləşdirilməyib. Məsələn, gənc və yaşlı yazarlar, Azərbaycan və rusca yazan yazarlar, hekayə və roman yazan yazarlar “bir zənbilə” salınıb. Format o qədər böyükdür ki, mən əvvəlcədən də demişdim ki, bu, 3-4 romanın sonda haqlarının pozulması ilə nəticələ bilər.
XS
SM
MD
LG