Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:15

Orduda özbaşınalıq yoxsa böyük pullar üstündə dava?


- Bu kimi hadisələri siyasiləşdirməyə ehtiyac yoxdur. Bu kimi hadisələr baş verib və bundan sonra da baş verəcək. Bu xarakterlə bağlı məsələdir. Azərbaycanda da xarakter orduda formalaşmır, cəmiyyətdə formalaşır. Baxçada, orta məktəbdə formalaşır…

Bu fikirləri Müdafiə Nazirliyinin «Azərbaycan ordusu» qəzetinin redaktor müavini İbrahim Rüstəmov yanvarın 28-də N saylı hərbi hissədə altı hərbçinin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən olayı dəyərləndirərkən deyib.

İbrahim Rüstəmov
İbrahim Rüstəmov qeyd edir ki, bəzi jurnalistlər indi yazır ki, əgər həmin olay sivil cəmiyyətlərdə olsaydı, Müdafiə naziri çoxdan istefa verməliydi.

MÜDAFİƏ NAZİRİ İSTEFA VERMƏLİDİRMİ?


Ancaq redaktor müavini deyir ki, oxşar olaylara dünyanın istənilən sivil ölkəsinin ordusunda rast gəlmək olur və buna görə heç kim istefa vermir. Onun fikrincə, əgər bir əsgər təhqir edilib, incidilibsə belə, bu onun əlinə silah götürüb qarşısındakıları güllələməyə haqq vermir. İbrahim Rüstəmov deyir ki, gərək həmin əsgər baş verənlərlə bağlı şikayət edəydi:

- Əgər bir əsgər hüququnun pozulmasına əmindirsə və buna ətrafdakıları da inandıra bilərsə, o öz hüquqlarını bərpa edə bilər. Mən bunu 20 illik xidmətim əsasında deyirəm. Heç bir zabit istəməz ki, onun əsgəri əlinə silah götürüb intiqam alsın.

KOMANDİRLƏRDƏN ŞİKAYƏTİN BİR XEYRİ OLACAQMI?

Oğlunun orduda baş verən özbaşınalıqlarla bağlı şikayət etdiyinə görə, həbs edildiyini deyən
İldırım Məmmədov
«Hürriyyət» qəzetinin baş redaktoru Süleyman Məmmədlinin sözlərinə görə isə, əsgərin şikayət etməsi yalnız onun problemlərini artıra bilər:

- Şikayət edən əsgərlərin 4-nü mənim oğluma qatıb həbs ediblər. Həmin uşaqlar mənim oğlumun da üzünə durmamışdılar. Bu Daşkəsəndəki əsgər də görür ki, şikayət edəni tuturlar, ona görə də gözü qorxur.

BÖYÜK PULLAR ÜSTÜNDƏ DAVA?

N saylı hərbi hissədə baş verən olaydan artıq bir həftə keçsə də, hər gün bu məsələ ətrafında yeni-yeni versiyalar eşidilməkdədir. Hərbi Araşdırmalar və Təhqiqatlar Mərkəzinin rəhbəri İldırım Məmmədov deyir ki, həmin olayı sırf məişət zəminində dəyərləndirmək düzgün deyil. Bunun terror, təxribat olduğu da istisna edilməməlidir.

İldırım Məmmədov yada salır ki, ilkin açıqlamada silahların əsgərlərə təmizlənmək üçün verildiyi bildirilir.
Üzeyir Cəfərov
Halbuki, orduda olmuş şəxs bilir ki, silahların təmizlənməsi zamanı döyüş güllələri paylanılmır:

- Mən hesab edirəm ki, bu əvvəlcədən hazırlanmış bir məsələdir. Buna məişət məsələsi kimi baxmaq olmaz. Bəlkə də bunun təxribat, terror olduğu da istisna edilməməlidir. Təsəvvür edin, Azərbaycan büdcəsinin az qala 4-də biri silahlı qüvvələrin payına düşür. Bu böyük pullar üstündə dava da ola bilər.

İldırım Məmmədov deyir ki, «Əl-Qaidə» və bir sıra terrorçu təşkilatlar Azərbaycan ordusuna poliqon kimi baxır. Vəziyyətin təhlili zamanı bu məsələlər də nəzərdən qaçırılmamalıdır.

Hərbi jurnalist Üzeyir Cəfərov isə baş verən olayla bağlı Müdafiə Nazirliyi rəsmilərinin fikirləri ilə razılaşmır. Onun fikrincə, heç kim baş verən olayı siyasiləşdirmir. Cəfərov buna xarici kəşfiyyat orqanlarının təxribat əməlləri kimi baxılmasını da düzgün saymır:

- Hərbi hissə komandirinin müavinini, mayoru tutublar, bir də bir leytenantı. İndi deyirlər ki, mayorun nizamnamədən kənar hərəkətləri olub. Bəs bu hərbi hissədə heç yoxlama olmamışdı? Onda bu məsələlər niyə üzə çıxmırdı? İndi deyirlər ki, bu Səfər Əbiyevə qarşıdır. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Səfər Əbiyevi İlham Əliyev işdən çıxara bilər. Yüz Üzeyirin sözü ilə İlham Əliyev Səfər Əbiyevi işdən çıxarası deyil.

Üzeyir Cəfərov deyir ki, orduda əsgərlərin təhqiri, işgəncə və korrupsiya halları getdikcə artmaqdadır. Əgər bu hadisə obyektiv araşdırılmasa, yeni-yeni faciələr qaçılmaz olacaq.

MÖVZU İLƏ BAĞLI FİKİRLƏRİNİZİ BURADA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG