Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:09

Parlamentdə ordu söhbəti


«Mart ayında dirəndi ki, çalış məni başqa bir rotaya dəyişdir. Burada vəziyyətim yaxşı deyil. İncidirdilər onu. Görün nə vəziyyətə çatdırıblar ki, əsgərliyi başa vurmağa 37 gün qalmış həyatından bezib belə iş görüb».

Bu, 2009-cu ildə Seyfəli poliqonunda 4 hərbçini güllələmiş və sonradan ömürlük həbs cəzasına məhkum olunmuş keçmiş əsgər Orxan Səfərovun atası Tofiq Səfərovun dedikləri idi. O, oğlunun vaxtında başqa hissəyə keçirilməsini xahiş etsə də, komandirinin buna imkan vermədiyini və sonucun bədbəxtliklə nəticələndiyini deyir.

BU MƏSƏLƏ PARLAMENTDƏ MÜZAKİRƏ OLUNMALIDIR


Parlamentin yaz sessiyasının ilk iclasında – fevralın 1-də isə bəzi millət vəkilləri Azərbaycan ordusunda baş verən son hadisədən narahatçılıqlarını bildirdilər. Deputat Qüdrət Həsənquliyev Daşkəsəndə yerləşən hərbi hissədə 6 nəfərin ölümü ilə nəticələnən hadisədən söz salıb dedi ki, bu məsələ parlamentdə müzakirə olunmalıdır.
Qüdrət Həsənquliyev
Əgər Milli Məclisin istənilən nazirliyin rəhbərini hesabat üçün dəvət etmək səlahiyyəti varsa. niyə bu səlahiyyətdən istifadə olunmur.

Deputat İltizam Əkbərli isə bu hadisənin cəmiyyəti narahat etdiyini deyib sözügedən hərbi hissəyə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvlərindən ibarət komissiya göndərməyi təklif etdi. Məsələnin uzandığını görən Təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri, vitse-spiker Ziyafət Əsgərov söhbətə qarışıb dedi ki, ciddi istintaq gedir və digər tədbirlər görüləcək.

Amma mövzu bununla da qapanmadı. Hakim partiyanın belə məqamlarda ən fəal deputatlarından biri - YAP icra katibinin müavini Siyavuş Novruzov işə qarışmalı oldu. Cənab Novruzov dedi ki, ordu da cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə isə gündə yüzlərlə cinayət hadisəsi baş verir:

ONLAR ALİ BAŞ KOMANDAN QARŞISINDA HESABATLIDIRLAR

«Cəmiyyətin bir hissəsi olduğu üçün orduda da müəyyən hallarda belə hadisələrə təsadüf olunur. Bu baxımdan bilirsiniz ki, artıq Hərbi Prokurorluq tərəfindən istintaq işi başlanıb və qısa müddət ərzində də nəticələr göstəriləcək. Hər dəfə belə hallar olanda Milli Məclisdə oturub Müdafiə Nazirliyinin yaxud hüquq-mühafizə orqanlarının hesabatını dinləməyə ehtiyac yoxdur. Onlar ali baş komandan qarşısında hesabatlıdırlar və mütəmadi olaraq hesabatlarını verirlər».

Siyavuş Novruzov
Milli Məclisdə hüquq-mühafizə orqanlarının, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinin hesabat, izahat, açıqlama verməsi tələbi və təklifi bəzi deputatlar tərəfindən dəfələrlə səslənib. Təkcə 2009-cu il ərzində xüsusi ilə Müdafiə nazirinin parlamentə çağırılması məsələsi bir neçə dəfə səslənib. Ancaq hər dəfə də bu istək təxminən Siyavuş Novruzovun fikirlərinə oxşar əsaslarla cavablandırılıb.

Mütəmadi olaraq belə tələblərlə çıxış edənlərdən biri - deputat İqbal Ağazadə isə deyir ki, 6 nəfərin ölümü ilə nəticələnən hadisəni cəmiyyət hadisəsi, yaxud məişət məsələsi kimi dəyərləndirmək olmaz, bu ciddi məsələdir. Və onlar məhz belə hadisələrin qarşısını almaq üçün güc strukturları rəhbərlərini Məclisdə görmək istəyirdilər:

NORMAL DÖVLƏTLƏRDƏ MÜDAFİƏ NAZİRLİYİ VƏ ONUN SƏLAHİYYƏTLİ QURUMLARI İSTEFAYA GEDİR


«Belə hallar normal dövlətlərdə ikinci dəfə baş verəndə Müdafiə Nazirliyi və onun səlahiyyətli qurumları istefaya gedir. Çox təəssüflər olsun ki, Müdafiə Nazirliyinin rəhbərliyində nə belə cəsarət olmadı, nə də konkret adam cəzalandırılmır. Bu cür hadisələri adətən ölən adamın psixi durumu ilə əlaqələndirib günahı da onun üzərinə qoyurlar. Əgər cinayət varsa, onu törədən şərait birinci amildir. Bu amil də Azərbaycan ordusunda araşdırılmalıdır».

İqbal Ağazadə
İqbal Ağazadənin fikrincə, hökumətin mart ayında gözlənilən hesabatı zamanı Müdafiə naziri də parlamentə gəlib bir sıra məsələlərlə yanaşı, 2009-cu ildə Seyfəlidə əsgərin bir neçə nəfəri güllələməsi, Müşfiqabad qəsəbəsi yaxınlığındakı hərbi hissədə əsgərlərin kütləvi zəhərlənməsi və nəhayət, son hadisə barədə izahat verməlidir. Deputat deyir ki, bundan başqa, onun Müdafiə nazirinə ancaq qapalı iclasda verilməsi münasib olan bəzi vacib sualları da var.

Yanvarın 28-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 2 əsgər avtomat silahdan atəş açarıq 4 hərbçini qətlə yetirib, ikisini isə yaralayıblar. Müdafiə Nazirliyinin məlumatına görə, sonra həmin əsgərlər özlərini də güllələyib öldürüblər.

Amma buna baxmayaraq, yaz sessiyasının ilk iclasında bu hadisə də Müdafiə Nazirliyi rəhbərliyinin
Ələkbər Məmmədov
Milli Məclisdə ordudakı vəziyyətə aydınlıq gətirməsi üçün yetərli sayılmadı.

ORDUYA İCTİMAİ NƏZARƏT YOXDUR


Hərbi ekspert Ələkbər Məmmədov isə deyir ki, son hadisə də onu göstərir ki, orduya ictimai nəzarət yoxdur. Əgər parlament istədiyi vaxt Müdafiə Nazirliyinin rəhbərliyini Məclisə dəvət edib izahat ala bilsəydi, hərbi hissələrin qapıları valideynlərin, medianın, QHT nümayəndələrinin üzünə açıq olsaydı, silahlı qüvvələrdə belə təəssüf doğurucu hadisələr üçün münbit şərait yaranmazdı:

«Bu gün Azərbaycan ordusunda elə bir vəziyyət yaranıb ki, əsgər dərdini deməyə adam tapmır. Əgər Daşkəsəndəki hərbi hissədə hər hansı jurnalist, QHT üzvü, müstəqil deputat olsaydı, o əsgərlər ona dərdini desəydi, vaxtında nəsə bir tədbir görülərdi. Bu da indiki acı nəticənin qarşısını alardı».

Ələkbər Məmmədovun sözlərinə görə, nə qədər ki, Müdafiə Nazirliyi məxfiliyi bəhanə gətirib qapıları hamının üzünə bağlayıb, indikindən də acınacaqlı hadisələr baş verəcək.

MÖVZU İLƏ BAĞLI FİKİRLƏRİNİZİ BURADA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG