Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:15

Gəncədə 150-dən çox sakinin qazı kəsilib


Gəncədə 65 min 267 qaz abonenti var
Gəncədə 65 min 267 qaz abonenti var
Gəncədə 150-dən çox sakinin mavi yanacağı kəsilib. Evlərini qaz sobası ilə qızdırdıqlarını deyən Qəzənfər Əliyev küçəsinin sakinləri 5 gündür ki, öz dilləri ilə desək «soyuqdan donurlar». Sakin İsaq Əliyev deyir ki, istifadə etdikləri qazın pulunu hər ay ödəyir, amma yenə qazsız qalıb:

«KİM PUL ÖDƏMİR, GETSİN ONUN QAZINI KƏSSİN»

- Nəzarətçi gəlib yoxlayır, guya yığım yoxdur. Yaxşı yığımın sakinlərə nə dəxli var? Kim pul ödəmir, getsin onun qazını kəssin. Dünən gəlib baxıblar, gözləriylə görüblər nəticəsi yoxdur. Məhkəmənin qərarı olmasa, prezidentin qərarı var kəsə bilməzlər. Burda pul ödəyənlərin nə günahı var? Yuxarı küçə Əli Məmmədovdur ondan yuxarı qaz çıxmır. Qazda təzyiq yoxdur. Nəzarətçi deyib ki, yığım yoxdur deyə təzyiqi azaldıblar.

- Soyuqlar düşəndən bir həftə olar ki, qaz kəsilib. Uşaqlar soyuqdan məktəbə gedə, dərslərini hazırlaya bilmirlər. Çox soyuq olur evlər.

Sakinlər qazın kəsilməsinin əsl səbəbini bilmirlər. Deyirlər ki, Gəncə şəhər Qaz İstismarı İdarəsinin işçiləri gəlib gah ödənişin aşağı olduğuna görə qazı kəsdiklərini, gah da təzyiqin olmadığını deyirlər:

- 4-5 gündür qaz yoxdur. Dünən qazpulu yığan gəlib deyir pulunuzu vermirsiniz ona görə kəsmişik.

«ÜŞÜYÜRÜK, SOYUQDUR EVLƏR»

- Siz ödəyirsiz?

- Hə, hər ay.

- Üşüyürük, soyuqdur evlər. Şikayət eləmişik, baxan yoxdur. Başqa küçələrdə yanır, bizdə yanmır. İstanbul küçəsində yanır, bu biri küçədə yanır, bizdə yox.

- Neçə müddətdir elə qazsız qalmışıq, gəlirlər, baxırlar, gedirlər. Pulunu vaxtlı- vaxtında ödəyirik. Evdə bir balaca istilik yoxdur, bürünüb, «plitka»nı qucaqlayıb otururuq. Deməkdən də yorulmuşuq.

Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəis müavini Şubay Nəsibov deyir ki, problemdən xəbəri var və idarənin digər işçiləri sakinlərə düzgün məlumat verməyiblər, səbəb ödənişlərlə bağlı deyil:

«PROBLEM ÖDƏNİŞLƏ BAĞLI DEYİL»

- Bu problemin yaranması ödənişlə bağlı deyil. 5 gün yox, 2 gündür havanın birdən-birə soyuması nəticəsində belə alındı, bununla əlaqədar müvafiq tədbirlər gördük. Təzyiqi qaztənzimləyicilərlə artırdıq. Şəhərə gələn 2-ci xəttdə qazın təzyiqini artırdıq.

Şubay Nəsibov deyir ki, bir neçə saat əvvəl problem aradan qalxıb, küçəyə qazın verilməsi bərpa olunub.

Ancaq sakinlərlə bir daha əlaqə saxlayanda dedilər ki, hələ də qaz yanmır.

Şübay Nəsibov onu da bildirdi ki, şəhər üzrə əhalinin pul ödəmə faizi aşağıdır. Təkcə yanvar ayı üzrə mexaniki sayğaclardan istifadə edən 25 min abonentin 15 mini pul ödəməyib ki, bu da təxminən 450 min manat məbləğində qaz sərfiyyatı deməkdir.

Gəncədə 65 min 267 qaz abonenti var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG