Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:54

«Mənə demişdilər ki, Rəhim Qazıyevgili öldürəcəklər»


Məmmədəli Əliyev məhkəmədə MTN təcridxanasından qaçış epizoduna aydınlıq gətirib
Məmmədəli Əliyev məhkəmədə MTN təcridxanasından qaçış epizoduna aydınlıq gətirib
Yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyevin məhkəməsi davam edib. Məhkəmə prosesinə hakim Kəramət Əliyev sədrlik edir.

Keçmiş polis rəisinə qarşı irəli sürülən ittihama görə o, Hacımurad Sadəddinov və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında növbə üzrə köməkçi işləmiş Faiq Mirzəyevlə cinayət əlaqəsinə girərək 1994-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə təcridxanadan qaçmış Rəhim Qazıyev, Əlikram Hümbətov, Baba Nəzərli və Arif Paşayevin gizlənmələrini təmin edib. Digər ittihama görə o, 1996-cı ildə Ayaz Mütəllibov, Şahin Musayev, Rəhim Qazıyev, «OMON»nun Qazax rayon bölməsinin rəisi Elçin Əmiraslanov və digər şəxslərlə cinayət əlaqəsinə girərək prezident Heydər Əliyevi öldürməklə hakimiyyəti ələ keçirmək üçün terror planlarının hazırlanmasında fəal iştirak edib.

«ONA «İLİN KİŞİSİ» ADI DA VERİLMİŞDİ»

Məmmədəli Əliyev məhkəmədə MTN təcridxanasından qaçış epizoduna aydınlıq gətirib:

«Müdafiə Nazirliyinin ticarət idarəsinin sabiq rəisi Hacımurad Sadəddinov qayınatamın bağ qonşusu olub. 1994-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə MTN-in təcridxanasından qaçırılanlardan yalnız Rəhim Qazıyevi tanıyırdım. Bilirdim ki, cəbhə hakimiyyəti vaxtı müdafiə naziri olub. Baba Nəzərlini, Arif Paşayevi, Əlikram Hümbətovu isə tanımamışam. Həmin gecə onların təcridxanadan qaçırılmasında ona görə iştirak etmişəm ki, o vaxt MTN-də işləyən Faiq adlı şəxs demişdi ki, Rəhimi və o birilərini öldürəcəklər. Mən Rəhim Qazıyevi normal qabiliyyətli şəxs kimi tanıyırdım. Müdafiə naziri olanda 32 kəndi ermənilərdən geri aldığına görə, ona «ilin kişisi» adı da verilmişdi. Ona görə də bu işə əl qoymağa razılıq verdim».

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Rəhim Qazıyevgilin təcridxanadan qaçışı baş tutandan sonra onları yük maşınında Xaçmaz istiqamətindən Rusiyaya keçiriblər. Əlikram Hümbətovun tutulduğunu eşidəndə vəziyyətin gərgin olduğunu başa düşərək həbs olunmamaq üçün ölkədən qaçıb.

«MƏNİM BAĞIMDA RAKET OLMAYIB»

Keçmiş polis rəisi Müdafiə Nazirliyinin 130 saylı hərbi hissəsindən oğurlanan raketlərin onun bağından çıxması ittihamına da aydınlıq gətirib:
«Mənim bağımda raket olmayıb. Bu ittiham qondarmadır».

Keçmiş polis rəisi 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 5, hazırkı Cinayət Məcəlləsinin isə 6 maddəsi ilə mühakimə olunur.
Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyev 2009-cu ilə həbs olunub.
XS
SM
MD
LG