Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 11:25

Azərbaycanda hərbi təlim meydançasında partlayış baş verib, iki nəfər ölüb


Azərbaycanın Abşeron rayonunda yerləşən hərbi təlim meydançasında partlayış baş verib, iki nəfər ölüb. Bu barədə APA-ya Abşeron rayon Prokurorluğundan məlumat verilib.

Hadisə ötən gecə, rayonun Çaylı kəndi ərazisində yerləşən fermanın yaxınlığında, hərbi təlim meydançasında qeydə alınıb. Quba rayon sakinləri, 1965-ci il təvəllüdlü Asəf Şahverdiyev və onun 11 yaşlı oğlu Əsbala Şahverdiyev mal-qara otaran zaman təlim meydançasından partlayıcı qurğu tapıblar. Onların tapdığı qurğu qəflətən partlayıb, nəticədə ata və oğul hadisə yerindəcə dünyasını dəyişib.

Hadisəni araşdıran Abşeron rayon Prokurorluğunun istintaq qrupu ərazidən tapılan partlayıcı qurğunun tank əleyhinə minanın alışdırıcısı olduğunu müəyyənləşdirib. Hadisə baş verməzdən iki gün əvvəl sözügedən meydançada hərbçilər təlim keçib. Həmin qurğunun da o vaxt ərazidə qaldığı ehtimal olunur.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG