Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:53

«Bizi tikintidə işlədəndən sonra it damına bağlayırdılar»


Rusiyada miqrant fəhlələr, 29 avqust 2008
Rusiyada miqrant fəhlələr, 29 avqust 2008
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Zamin Kərimov və Şahin Fətəliyev adlı şəxslər mühakimə olunub.

Hər iki şəxs Ucar rayon sakinləri Babayev Elşad Fərhad oğlunu, Cəlilov Hilal Səmid oğlunu, Əsgərov Ramil Əsgər oğlunu, İsmayılov Mahmudəli Əhməd oğlunu, Xasıyev Rəfail Xası oğlunu, Bağırov Emin Əlövsət oğlunu, İsrafilov Vüqar Mehman oğlunu, Rəhimov Səbuhi Mürsəl oğlunu, Məmişov Hidayyəddin Batil oğlunu və Abdullayev Kamil Nadirşah oğlunu Samara şəhərinə apararaq orada istismar və təhqir etməkdə təqsirləndirilib.

YÜKSƏK MAAŞ VƏDİNƏ ALDANANLAR

Ucar sakinləri istintaq tərəfindən zərərçəkmiş qismində tanınıblar. Onlar məhkəmə ifadələrində göstəriblər ki, 2008-ci ilin mart ayında Zamin Kərimov və Şahin Fətəliyev onlara Samara şəhərində yüksək maaşla tikintidə işləməyi təklif edib. Onlara sənəd düzəldilməsində köməklik də göstəriblər. Zərərçəkmişlər məhkəmənin nəzərinə çatdırıblar ki, Samara şəhərində Şahin Fətəliyevin qardaşı Aris Fətəliyevin evində yerləşdiriliblər. Bir müddət tikintidə işlədikdən sonra başa düşüblər ki, onlara işlədiklərinə görə pul verilməyəcək və Ucara qayıtmaq qərarına gəliblər. Lakin Şahin Fətəliyev, Zamin Kərimov və sonuncuların Samarada yaşayan tanışları onların sənədlərini əllərindən alıb. Vəziyyəti belə görən fəhlələr qaçmaq məcburiyyətində qalıblar.

«BİRİMİZİ İT DAMINA, BİRİMİZİ QARAJDAKI YAMAYA, O BİRİMİZİ HƏYƏTDƏKİ QUYUYA...»

Zərərçəkmiş Ramil Əsgərov məhkəmə ifadəsində bunları deyib: «Tikintidə işləyərkən Mahmudəli, Emil, mən və bir nəfər də başqa fəhlə sözü bir yerə qoyduq ki, qaçaq. Samaranın Kinel qəsəbəsinə gəldik, orada yaşayan Ruslan adlı azərbaycanlının evində gecələdik ki, səhər başımıza çarə tapaq. Ancaq imkan tapmadıq, çünki Şahin Fətəliyevgil yerimizi müəyyənləşdirmişdilər. Şahin Fətəliyev on nəfər qohumu ilə gəldi, bizi döyə-döyə Şahinin qardaşının evinə apardılar. Həmin gündən bizi nəzarət altında işlədirdilər. İşdən sonra birimizi it damına, birimizi zirzəmiyə, o birimizi maşın qarajındakı çalaya bağlayırdılar ki, qaçmayaq. Ölümlə hədələyirdilər».

Digər zərərçəkmişlər də məhkəmədə eyni məzmunlu ifadələr veriblər. Hadisənin üstünün açılmasına səbəb fəhlələrdən birinin sənədini əldə edərək Azərbaycana qayıtması olub. Həmin fəhlənin şikayətlərindən sonra işə Azərbaycanın hüquq-mühafizə orqanları qarışıb. Fəhlələr girovluqdan azad edilib, onlara işgəncə verənlərdən ikisi – Şahin Fətəliyev və Zamin Kərimov həbs olunaraq Azərbaycana gətirilib.

«ONLAR İŞLƏMƏK İSTƏMİRDİLƏR»

Şahin Fətəliyev və Zamin Kərimov məhkəmə ifadələrində təqsirlərini etiraf ediblər. Şahin Fətəliyev ifadəsində göstərib ki, onun qardaşları Fəzail, Rahis və Aris 20 ildən artıqdır ki, Samara şəhərində yaşayırlar. Qardaşı Fəzail Samarada «Blaqo» tikinti şirkətinin rəhbəridir. O, fəhlələri döymələrini və sənədlərini əllərindən almalarını məhkəməyə belə izah edib:

«Tikintidən qaçmışdılar, biz də onları yaxınlıqdakı qəsəbələrdən birindən tapıb geri qaytardıq».

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, fəhlələri tapandan sonra qardaşının evində əvvəlcə onları döyüblər, sonra isə maşın yamasına salıblar. Emil adlı fəhləni isə döyəndən sonra həyətdəki quyuya salıblar.

Məhkəmənin hökmü ilə Zamin Kərimov 3 il 2 ay, Şahin Fətəliyev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG