Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:14

BDU-nun yataqxanalarındakı qaçqınlar köçürdüləcək?


Bakı Dövlət Universitetinin yataqxanalarında məcburi köçkünləri yenidən qeydiyyata alıblar
Bakı Dövlət Universitetinin yataqxanalarında məcburi köçkünləri yenidən qeydiyyata alıblar
«Gəldilər qapı-qapı hamını qeydiyyata aldılar. Ancaq bizə bir şey demədilər. Dedilər qaçqınsınız elə-belə qeydiyyata alırıq».

Bakı Dövlət Universitetinin yataqxanalarında məcburi köçkünləri yenidən qeydiyyata alıblar. Bunun nə üçün edilməsi barədə məlumat verilmədiyindən müxtəlif şayiələr dolaşır. Köçkünlər arasında əsas dolaşan fikir budur ki, onlara yeni tikilən binalarda ev verəcəklər.

7 saylı yataqxanasında məskunlaşan Cəbrayıl rayon qaçqını Gülnaz Əzizova deyir dəqiq bir söz deyilmədiyindən köçürülmədən tutmuş kommunal xərclərin hesablanması və elektrik sayğaclarının quraşdırılacağı və s. məsələlərlə bağlı müxtəlif söz-söhbətlər gəzir.

«BİRİ DEYİR EV VERƏCƏKLƏR, DİGƏRİ DEYİR SAYĞAC QURAŞDIRACAQLAR».

Füzuli rayonundan olan məcburi köçkün Aminə İsmayılova deyir əgər siyahıyaalma köçürülmə ilə bağlıdırsa, bu çox yaxşıdır, şəraitsiz tələbə yataqxanalarında yaşamaqdan beziblər:
«Yataqxanada qalmaq yaxşı deyil bizə bir yer versinlər gedək qalaq».

Amma Bakı Dövlət Universitetindən tələbə şəhərciyinə qalxan pilləkənlərin üzərində meyvə, göy-göyərti satmaq üçün özünə müəyyən iş yeri düzəldən Füzuli rayonundan olan başqa bir qaçqın Bikə Səlimova isə köçürülmə ilə bağlı yayılan məlumatlardan çox narahatdır:

«Deyirlər ev verəcəyik. Kimi deyir binalarda, kimi də deyir o qaçqınlar üçün salınan Zobucuq qəsəbəsindən bir qədər aşağı yer var ora köçürəcəklər hamını. Bizə bura yaxşıdır, gedib o çöllü biyabanlıqda nə edəcəyik. Heç olmasa burda çörəyi qapımızın ağzından alırıq orda hardan alacayıq».

Bakı Dövlət Universitetinin Yasamal rayonundakı 8 tələbə yataqxanasının hamısında məcburi köçkünlər məskunlaşıb. Yataqxanaların bəzi otaqlarında qaçqınlarla birgə tələbələr də qalır.

PLAN YOXDU…

Amma Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Kömitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov deyir ki, yataqxanalarda məskunlaşan qaçqınların bu il köçürüləcəyilə bağlı hər hansı plan yoxdur. Onun sözlərinə görə, bu il yalnız ölkə üzrə 262 orta məktəbdə məskunlaşan qaçqınlar yeni tikilən və tikilməkdə olan qəsəbələrə köçürüləcəyi planlaşdırılır.

Yataqxanalardan birinin komendantı əvvəlcə siyahıyaalınmanın qaçqın və məcburi köçkünlərin kommunal xərclərinin dəqiqləşdirilməsilə bağlı olduğunu desə də, sonradan dediklərini təkzib elədi və şəhərciyin direktorunun icazəsi olmadan açıqlama verə bilməyəcəyini bildirdi.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov universitetin 90 illiyi ilə bağlı keçirdiyi mətbuat konfransında tələbələrin ən böyük problemi kimi yataqxanaların olmamasını göstərmişdi. Rektor BDU-nun yataqxanalarından məcburi köçkünləri köçürülməsinin vacibliyini demişdi.

«İŞSİZLİKDƏN EVLƏRİNİ QOYUB BAKIYA GEDİBLƏR…»

2003-cü ildən Füzuli rayonunda salınmış «Qayıdış» qəsəbəsinə köçürülən qaçqınlar evlərin normal olduğunu, fasiləsiz elektrik enerjisi verildiyini desələr də, əsas problemin işsizliklə bağlı olduğunu bildirirlər. Məcburi köçkün Əmrah Muradov deyir ki, indi onların yaşadığı qəsəbənin sakinlərinin bir çoxu işsizlikdən evlərini qoyub Bakıya gediblər:

«Bəzi adamlar heyvandarlıqla məşğul olur, bir iki müəllim işləyən var, başqa bir iş yoxdur. Bekarçılıqdır. Bir sözlə ölməmək üçün yaxşıdır, pis deyil».

Sənan Hüseynovun dediyinə görə, indiyə qədər məcburi köçkünlər üçün 63 qəsəbə salınıb. Həmin qəsəbələrdə ümumilikdə 18 mindən artıq məcburi köçkün ailəsi yerləşdirilib. Rəsmi məlumatlara görə, bununla yanaşı hələ də xeyli məcburi köçkün qazmalarda və normal şəraiti olamayan obyektlərdə yaşayan qaçqınlar var. Elə 1000-ə yaxım məcburi köçkün ailəsi hələ də qazmalarda yaşayır.

Rəsmi statistikaya görə, Azərbaycanda 700 minə yaxın məcburi köçkün var. 2009-cu ildə qaçqınların çörəkpulu və kommunal xidmətlərdən güzəştli istifadəsinə və yeni qəsəbələrin salınması üçün dövlət büdcəsindən və Neft Fondundan 250 milyon manat pul xərclənib.
XS
SM
MD
LG