Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:09

«Hər şey nəzarət altındadır»


Tehranda hökumət əleyhinə etirazlar, 27 dekabr 2009
Tehranda hökumət əleyhinə etirazlar, 27 dekabr 2009
«Tehranda və digər fars şəhərlərindəki olaylara görə indi burada demək olar ki, fövqəladə vəziyyətdir. Bunlar xüsusilə Azərbaycandan, Kürdistandan nəsə ehtiyatlanırlar. Ona görə də hər şey nəzarət altındadır. Təhdidlər güclənib, tutulanları döymək, işgəncə vermək vüsət alıb».

Bu Təbrizdən Siyamək Bəxtavərin dedikləridir. Onun sözlərinə görə, son vaxtlar Tehranda baş verən hadisələrin təsiri Təbrizdə də hiss olunmaqdadır. Ölkənin bir sıra bölgələri xüsusi nəzarətə götürülüb. Fövqəladə vəziyyət hiss olunmaqdadır.

Siyamək Bəxtavər İranda milli hüquqlar uğrunda hərəkatın fəallarından biri, bu günlərdə vəfat etmiş Çingiz Bəxtavərin oğludur. İranın təhlükəsizlik qüvvələri onun atasının dəfn və yas mərasimlərinə də ciddi nəzarət edib. Həbslər olub. Siyamək hesab edir ki, indiki vəziyyət davam etsə, atasının vəfatının 40-cı günü də eyni mənzərə müşahidə olunacaq.

«İNQILAB MƏHKƏMƏLƏRİNDƏ ONLARIN DOSYELƏRİ AÇIQ SAXLANILIR»

Urmiyədən jurnalist İsmayıl Cavadi də Tehran hadisələrindən sonra İranın azərbaycanlılar yaşayan şəhərlərində ağır vəziyyət olduğunu, ciddi sıxıntılar yarandığını deyir:

«Azərbaycan fəalları dönə-dönə əmniyyət qüvvələri tərəfindən sorğuya alınırlar və inqilab məhkəmələrində də onların dosyeləri açıq saxlanılır. Heç bir jurnalistimuz, fəalımız nə yaza, nə də hansısa məsələyə diqqət yetərə bilir. Ərdəbildən aldığımız məlumatlar da bunu göstərir. Sulduzda, Urmiyədə də vəziyyət ağırdır».

Xüsusilə İranın paytaxtında son günlər yenidən başlanan kütləvi etiraz aksiyaları, qarşıdurmaların fonunda azərbaycanlıların yaşadıqları şəhərlərə nəzarətin gücləndirilməsini,
Vəfa Quluzadə
hətta Təbrizdə şəraitin fövqəladə vəziyyət halına gətirilməsini siyasi şərhçilər təsadüfi saymırlar.

Politoloq Vəfa Quluzadə deyir ki, İran iqtidarı orada Azərbaycan türklərindən və kürdlərdən narahatdır. Çünki İranda artıq rejim çalxalanır. İlk dəfə ölkədə bu seçkilərdən sonra güclü etiraz aksiyaları olub və artıq belə aksiyalar dəfələrlə təkrarlanıb. Bu, ciddi məsələdir:

«Yəni əgər bu aksiyalar Cənubi Azərbaycanda da baş versə, güclü hərəkət yaransa, bu rejimi yıxa da bilər. Ona görə də sözsüz ki, İran rejimi ehtiyatlanır və fövqəladə vəziyyət yaratmaqla əvvəlcədən tədbir görür. Fövqəladə vəziyyət isə o deməkdir ki, ölkədə vəziyyət qeyri-stabildir və o hər an hərc-mərcliyə keçərək rejimə təhlükə yarada bilər. Bu da İran rəhbərliyini çox narahat edir».

«İRANDA PARTLAYIŞ BAŞ VERƏCƏK»

Politoloq hesab edir ki, baş verənlər İran üçün pis nəticəyə gətirib çıxara bilər. Çünki bu 1 adamın, 5 agentin, yaxud 10-15 Qərbpərəstin işi deyil. Burada İran xalqının, geniş kütlələrin narazılığından söhbət gedir. Vəfa Quluzadəyə görə, əgər bu rejimin ölkəni dini diktaturadan heç olmasa bir qədər dünyəviliyə doğru çevirməyə gücü çatmasa, İranda partlayış baş verəcək. Partlayış isə ölkənin parçalanması ilə də nəticələnə birlər. Politoloqa görə, bunu Tehranda da anlayanlar olmamış deyil. Ağıllı təkliflər o olacaq ki, həm islahatlar aparılsın, həm də parçalanmanın qarşısı alınsın.

İranın parçalanmaq ehtimalının həmişə böyük olduğunu düşünən bəzi siyasi şərhçilər isə bildirirlər ki, indiki halda daha çox ölkənin demokratiya sahəsində müəyyən qədər irəliləyişə nail olmaq şansı yaranıb. Çünki artıq rejimin etiraz aksiyalarını zorla yatırtmaq cəhdləri getdikcə daha çox uğursuzluğa düçar olur.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, artıq İranı iqtisadi və siyasi tənəzzülə uğratmış mövcud iqtidar yaxşı anlayır ki, bu etirazların arxasında kifayət qədər ciddi fiqurlar dayanır. Və onlar rejimə qarşı hələ ki, siyasi vasitələrdən istifadə edirlər. Amma istənilən an etnik amillərin də işə salınma təhlükəsi var.
Ərəstun Oruclu
O ki qaldı İranda guya milli azlıq adlandırılanların yaşadıqları yerlərdə sərt rejimin tətbiq edilməsinə, Ə.Orucluya görə bunun iki səbəbi ola bilər:

«BUNUN İKİ SƏBƏBİ OLA BİLƏR»

«Hakimiyyətdə təmsil olunan ifrat radikallar yaxşı başa düşürlər ki, hələlik onlara qarşı ümumi siyasi amildən istifadə olunur. Amma hansısa mərhələdə onlara qarşı etnik amildən də istifadə oluna bilər. Məhz bu səbəbdən də etnik azlıqların kompakt yaşadıqları ərazilərdə daha sərt rejim tətbiq edirlər. Və eyni zamanda onlar elə özləri də bu millətlərarası münaqişəni qızışdırıb diqqəti vahid cəbhədə aparılan siyasi mübarizədən yayındıra bilərlər».

Ərəstun Oruclu deyir ki, azlıq adlandırılmasına baxmayaraq azərbaycanlılar İranda ən çox sayı olan xalqdır. Bu baxımdan İranı əsasən onlar parçalaya bilərlər. Ancaq onların bunda nə dərəcədə maraqlı olacaqlarını zaman göstərəcək. Çünki nəzərə alınsa ki, təkcə müxalifət lideri yox, həm də İranın dini rəhbəri, eləcə də Müdafiə Nazirliyi adlanan qurumun generallarının böyük bir qismi azərbaycanlılardır, onda onların ölkənin parçalanmasına maraq göstərməyəcəklərini düşünmək olar.

Ərəstun Orucluya görə, qonşu ölkədə səlahiyyət sahibi olan azərbaycanlılar ilk növbədə ölkədə demokratik dəyişikliklərin, milli azlıqların hüquqlarının tanınmasının tərəfində olacaqlar. Təbii ki, bunun üçünsə indiki hakimiyyətin iflası labüddür.
XS
SM
MD
LG