Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:11

İranda dəyişiklik nöqtəsi


Aşura Gününün qanlı nümayişi göstərdi ki, İrandakı hərəkat kifayət qədər dözümlüdür
Aşura Gününün qanlı nümayişi göstərdi ki, İrandakı hərəkat kifayət qədər dözümlüdür
Dekabrın 30-da «Uoll Strit Cornal» qəzeti Stenford Universitetinin İran Tədqiqatları Mərkəzinin direktoru Abbas Milaninin məqaləsini dərc edib. Məqalədə İrandakı son proseslər təhlil edilir.

Müəllif yazır ki, seçkilərdən sonra milyonlarla insan İran küçələrinə axışanda, Qərbdə çoxları tərəddüd edirdi - bu hərəkat gücünü qoruyub saxlaya biləcək, ya yox? İran rejiminin tərəfdarları bu demokratik hərəkatı Qərbləşmiş kiçik ziyalı təbəqəsinin əməlləri kimi qiymətləndirirdilər. Müxalif hərəkatın fəalları «Böyük Şeytanın dostları» adlandırılırdı, hərəkat İranın varlı təbəqəsinin ABŞ-ın dəstəyi ilə «məxməri inqilab» etmək cəhdi kimi yozulurdu. İran hökuməti hətta sinfi məsələləri qabardıb deyirdi ki, hərəkatın məqsədi İrandakı kasıb təbəqənin əldə etdiyi nailiyyətləri pozmaqdır…

Aşura Gününün qanlı nümayişi göstərdi ki, İrandakı hərəkat kifayət qədər dözümlüdür:

«İran hökuməti ilə əlaqədə olan Qərb dövlətləri artıq dərk etməlidirlər ki, rejimlə aparılan istənilən danışıqların üzərində bu demokratik hərəkatın kabusu dolaşır»...

İrili-xırdalı bütün şəhərlərdə İran rejiminə qarşı nümayişlər davam edir. Rəfsəncan şəhərində kütlə hücum çəkərək rejimin edam etməyə hazırlaşdığı iki nəfəri dar ağacından xilas edib. Tehranda küçələrə çıxıb «Bəsic» qoluzorluları ilə üzbəüz gəlməyə cəsarət etməyən insanlar gecələr evlərinin damlarına çıxıb ucadan «Diktatora ölüm!» şüarlarını səsləndirirlər.

Müəllif qeyd edir ki, artıq ABŞ-ın varlı İran icması müxalifətçilərə açıq dəstək verməyə başlayıb. Onlar həm Amerika küçələrində etiraz aksiyaları keçirir, həm də ABŞ Konqresində aktiv lobbiçilik fəaliyyəti aparıb yerli siyasətçilərin diqqətini İranda baş verənlərə cəlb edirlər.

Bir çox təhlilçilər artıq qeyd ediblər ki, İranın demokratik hərəkatı özündə «məxməri inqilab»ın üç əsas xüsusiyyətini əks etdirir - qeyri-zorakılıq, qeyri-utopiklik və populistlik. Bu hərəkatın İnternetdən də bol istifadəsi diqqəti cəlb edir.

Parisdə İran müxalifəti ilə həmrəylik mitinqi, 29 dekabr 2009
Müəllif yazır ki, İranın 75 milyonluq əhalisinin 70 faizinin yaşı 30-dan aşağıdır. Ölkədə aktiv İnternet istifadəçiləri 22 milyondur:

«Mehdi Kərrubi, Mirhüseyn Musəvi və Məhəmməd Xatəmi kimi islahatçıların nominal liderliyi altında minlərlə qrupa və fərdlərə rəhbərlik edən real liderlər yaranıb. Bu qruplar avtonom işləyir və onların strukturu İnternetdəki strukturu təkrar edir».

Məqalədə deyilir ki, İran rejimi küncə sıxıldıqca qəddarlaşır. Bu təzyiqlər altında demokratik hərəkat daha ardıcıl fəaliyyət planı, daha intizamlı liderlik ərsəyə gətirməlidir:

«İran əhalisi siyasi despotizmdən, ideoloji sklerozdan, iqtisadi səriştəsizlik və korrupsiyadan əziyyət çəkir. Son hadisələr onların 30 ildə dözdüklərinin bariz nümunələridir. İranda bütün təbəqələrin əhvalı dəyişib, onlar rejimin de-fakto düşmənlərinə çevriliblər».

«Transparency International» təşkilatı İran iqtisadiyyatını dünyanın ən korrupsiyalaşmış iqtisadiyyatlardan biri sayır:

«Hər il ölkənin ən savadlı əhalisinin 150-180 mini ölkəni tərk edir. Dünya Bankının hesablamalarına əsasən, bu «beyin axını»nın İrana vurduğu zərbə İran-İraq müharibəsinin illik məsrəfinə bərabərdir».

Müəllif yazır ki, neft qiymətlərinin düşməsi zamanı İran büdcəsinə dəyən ziyan da öz işini görüb. Artıq İran hökuməti ölkə daxilində ildə 100 milyard dollar subsidiya xərcləyə bilmir. Yəni, narazı əhalini susdurmaq üçün istifadə etdiyi pulları kəsir.

1979-cu ildə də İran iqtisadiyyatındakı kəskin azalma şah rejiminin yıxılmasını sürətləndirən amillərdən olmuşdu. Hətta hazırkı iqtidarın o vaxt istifadə etdiyi metodlardan (dini mərasimlərdə və ölən fəalların dəfnində etiraz nümayişlərinin təşkili) indi onların özünə qarşı istifadə olunur.
XS
SM
MD
LG