Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:49

Elçin HÜSEYNBƏYLI "Sular Günəşə nəğmə oxuyanda" (HEKAYƏ)


Mən indi inəyəm. Əvvəllər adam idim. Bilmirəm niyə inək oldum. Bəlkə, yaddaşımı itirdiyimə görə?

Yaddaşım qəfil özümə qayıtdı.

Çayın qırağında durub su içirdim. Arxdan çaya tökülən suyun damcıları məni tanıdı. Damcılar atılıb-düşürdülər, məni görəndə gülməyə başladıılar.

Mən də onları tanıdım. Tanıdığıma görə də yaddaşım özümə qayıtdı.

Bəlkə də əksimi suda görüb özümə güldüyümə görə, yaddaşım dirildi.

Adam olanda gözlərim gülürdü, ancaq indi sudan mənə bir cüt qəmli ala göz baxırdı. Elə bil gözlərim qəfil açılmışdı.

Ola bilsin, Səma quşunu görəndə nəyisə xatırladım Bəlkə, əvvəlki həyatımda su olduğum, ya elə balıq olduğum üçün yaddaşım özümə qayıtdı.

Su olanda gözəl idim , yəqin. Gecələr ay işığının altında ipək gəbə kimi parıldayırdım, ay batanda qara rəngli keçəyə oxşayırdım.

Yəqin, suyu sevdiyimə görə balıq olmuşam, uçmağı xoşladığıma görə Səma quşu.

Bəlkə, mən əzan səsini eşidəndə ayılmışam. Xatırlamram. Bircə onu bilirəm ki, yaddaşım özümə qayıdanda sular günəşə nəğmə oxuyurdu.

Günəşin rəngi ağarmışdı. Məni görən kimi güldü:

- Mən səni tanıdım, - dedi - sizin eviniz çayın qırağındaydı. Yanından uzun, dolama yol keçirdi. Ancaq indi çay quruyub. Yollar da yoxdu. Yollar itib.

- Sən ağarmısan, həm də elə bil qocalmısan, nədən?-soruşdum?

- Hamı məndən işıq alır, enerjimi sümürür. Tükənmişəm. İndi 21-ci əsrin ortasıdır. Yatmısan, nədi?

- Bilmirəm,-dedim. Bəlkə yatmışdım. Ancaq bir zamanlar mənim də enerjim, sevgim vardı. Deyirsən ki, onlar tükəndiyinə görə, yaddaşım itdi?

Günəş:

- Nə bilmək olar,- dedi.

Su damcıları isə bir-bir çaya atılır, gülməkdən boğulurdular.

Günəşlə söhbətimiz bu gün olub. İndi isə mən aya baxıram. Ancaq ay məni tanımır, tanısa da susur. Ay heç zaman mənimlə danışmır. Müdrük qocalar kimi başını aşağı salıb gözləyir.

İnək olana qədər mən sizin kimi adam idim. Bunu ona görə təkrarlayıram ki, birdən mənə inanmazsınız.

İnanmazsınız ki, inək danışa bilər, inəyin yaddaşı olar.

Onsuz da inanmayacaqsınız. Ancaq mən özümə təsəlli vermək üçün bunları təkrar eləməliyəm.

Və desəm ki, inək olmaq insan olmaqdan yaxşıdı və böyük xoşbəxtlikdi, inanmazsınız.

Bir məxluqun ki, axırı boğazına bıçaq çəkilməklə qurtara və öz ölümünü gözlərilə görə, o inək olmaq istəməz.

Ancaq insan olmağın əzabını öz həyatımın timsalında sizə anlatsam, mənim inək olmağıma həsəd aparacaqsınız.

Düzü, heç bilmirəm, birinci hansından başlayım. Sizə inək olmağın xoşbəxtliyindən, yoxsa insan olmağın bədbəxtliyindən danışım. Bir qərara gələ bilmədiyimə görə qarışıq danışsam yaxşıdı.

Hələ insan olanda növbələrdən zəhləm gedirdi.

Hamının getdiyi cığırı təkrarlamaq istəmirdim. Bəlkə elə ona görə də insan olmaqdan bezdim, bezdiyimə görə də inək oldum.

Bunu elə belə deyirəm, söz gəlişi. Çünki inək olmasam da, başqa bir şey olacaqdım.

Özümdən asılı deyil ki. Ancaq nədənsə inək oldum. Deyirəm, bəlkə, mən anamın boynunda olanda anam inəyə çox baxıb... Bircə dəyqə, qoy bu mözələyi qovum.

Aha quyruğumla vurub öldürdüm, hər halda yaraladım. Ancaq o saat da yazığım gəldi, bəlkə o da əvvəllər adam olub.

Əgər 12 həyat varsa, ola bilsin, sonuncunu yaşayır.

Ona qarşı diqqətli olmaq lazımdı. Mənsə neçənci həyatı yaşadığımı bilmirəm.

Adam olanda eşitmişdim ki, canlıların hamısının 12 həyatı var, yəni bundan sonra da nəysə olacam.

Bircə eşşək olmaq istəmirəm.

Məsələn, mən sonrakı həyatımda canavar olmaq istəyirəm.

Çünki ondan çox qorxuram. Hərçənd ki, İmran buralarda canavarın olmadığını deyir. İmran mənim sahibimdi. Yaddaşım məni aldatmırsa, o, əvvəllər qohumum olub, indi sahibim.

İmran özü mənə qohum olduğunu bilmir, bilməyə-bilməyə də məni çox istəyir. Çünki mən olanda o yox idi. Onun heç iyi-tozu da gəlmirdi. Ancaq yazıq o qədər əziyyət çəkir ki, hərdən quyruğumla onu sığallamaq istəyirəm. Onun isə bundan xoşu gəlmir.

İmran:

– Sən məni bağışla, - deyir. Bəlkə bu yay səni satdım. Daha doğrusu əlimdən aldılar.

Mən başımla təsdiqləyirəm. O isə mənim başımı sığallayır və dəcəl uşaqlarının, qara günlü arvadının, qoca anasının yanına qayıdır…

Ağcaqanadlar zəhləmi töküb.

- Nə istəyirsiniz?- soruşuram.

- Aha, yaddaşın qayıtdı!-deyirlər və gülürlər.

- Siz kimsiniz ki?

- Biz cəhənnəmdən çıxmışıq, ona görə də belə balacayıq. Hərəmiz bir adamın üzvləriyik. Birimiz qulaqdan, birimiz burundan törəmişik.

- Bəs mən?-soruşuram və iri gözlərimi bərəldirəm.

- Sənin yaddaşın adam yaddaşıdır. Ancaq bədənin başqasınındır.

- Aha! - təccübümdən az qalıram kirli dırnaqlarımı dişləyəm…

Gəlin, sizə bir az adam olan vaxtdan danışım. Mən böyük bir şəhərdə yaşayırdım. Səhərlər hamı kimi dururdum, işə gedirdim, gəlirdim.

Uşqalara çörək pulu qazanırdım. İndi də kimlərçünsə çörək pulu qazanıram.

Ancaq çox əziyyət çəkmirəm. Mənim bu balaca, arıq, sarı balamı görürsünüz də, bəlkə də indi görmürsünüz.

Ancaq bizə qonaq gələndə mütləq baxın. Dədəsinə oxşayır. Adı Semdir. Dədəsi elə o gündən harasa gedib.

Bilirsiz də hansı günü deyirəm. Düzü heç onun özü də mənə lazım deyil. Yoxsa ki, böyür - başıma keçməkdən zəhləmi tökmüşdü.

Mən ekzotik inəyəm. İndiyə kimi beş balam olub. Bu balaca var ha, Semi deyirəm. Bu adı İmran özü ona verib.

Çünki yaman sırtıqdı, məndən əl çəkmir, əmməkdən döşlərimi yara eləyib.

Sahibim bu adı ona təsadüfi verməyib. Çünki Sem adlı birisi bizim günümüzü qara eləyib.

Hər gün gəlib İmranın zəhləsini tökür ki, pulu versin. Dediyinə görə, sahibim nə zamanlarsa, deyəsən, bu əsrin əvvəlində ondan borc alıb və indi qaytarmalıdır.

İşlərin ki, gedişini belə görürəm, sonrakı yüz illiklərdə inəklərin sağ qalacağına inanmıram. Ancaq bizim etiraflarımız həmişə sizə lazımdır. Bu etiraflar olmasa, adam olmaq isməzsiniz…

Semin dədəsindən əvvəlki də avaranın biriydi. Kim olduğunu boynuna almırdı. Gah Quzeydən, gah Güneydən danışırdı, özünü ərəb, fars danası kimi qələmə verirdi. Dedilər ki, Sem (yekə Sem) onu təcrübə keçməyə aparıb. Əhliləşdirmək istəyir.

Ancaq ondan törəyən çox həyasızıydı, lap dədəsinə oxşamışdı. Bir dəfə atılıb, bilirsiz məni neylədi? İndi yadıma düşəndə elə utanıram ki, axı mən əvvəllər kişi olmuşam.

Ancaq indi özüm də bilmədən inəyə çevrilmişəm. Nə olsun ki, siz bilmirsiniz, mən ki, bilirəm əvvəllər kişi olduğumu. Hələ sapsarı, urusa oxşuyan biri də varıydı. Gündə zəhləmi tökürdü. Sem onu kəsib satdı, canavar kimi parçaladı.

Adam olanda mən erkək idim. Ancaq bilmirəm, niyə mən inək olandan sonra cinsim dəyişib? O vaxt mən ataydım, indi ana. Əgər məni bağışlasaydınız deyərdim ki, o zaman kişiydim, indi arvad.

Kişilərdən fərqli olaraq arvad hər yerdə arvaddı. Adam olsun, inək olsun, fərq eləməz. Qəribədir, eləmi? Yəqin texnika inkişaf etdiyinə görə belədi, virtual seks və s.

Bütün bunlar haqqında mən radiodan eşitmişəm. İmran radioya qulaq asmağı sevir. Düzdü, indi radiolar çoxdan dəbdən düşüb. Ancaq İmran köhnə fikirlidir.

Mən adam olanda çox fikirləşməyi sevirdim, fikirlərdən yorulandan sonra mitinqlərə, piketlərə cumurdum. Saatalarla diş həkminin növbəsinə dururdum. Lap yorulub əldən düşəndə isə arvadımın nəvazişləri altında yuxuya gedirdim.

Gözəl arvadım vardı. Adam olan zaman arvadımı tərifləyə bilməmişəm, ayıbdı.

Kişi atını, bir də arvadını təifləməz. Ancaq indi tərifləmək istəyirəm.

Doğurdan gözəl idi. Məni çox istəyirdi. Ancaq hərdən elə əsəbiləşdirirdi ki, az qalırdım, onu boğub öldürəm.

Bunları elə belə dedim. Bunlar əsas deyil. Əsas adamlar idi. Mən onlardan bezirdim.

Boş, mənasız iddialarından, bir-birilərini bəyənməmələrindən, bir-birilərinə nifrətlərindən. Halbuki görüləsi işlər çox idi. İndi fikirləşirəm ki, niyə analar doğduğu, uşaqlığından sevdiyi adamcıqlar sonradan dönüb polis, qatil olurlar.

Bəlkə onlara qarşı uşaqlıqdan sosial ədalət prinspini pozurdular. İndi siz bu "sosial ədalət prinsipi" deilən şeyi qanmazsınız. Bu o zamanlar dəbdəydi. Hər halda mən adamların qeybətindən yoruldum. Yəqin ona görə də inək oldum.

Adam olanda sarı ayaqqabım vardı. Qara bağlarını açıb-bağlamaqdan yorulmurdum Üzüm tüklənəndə qırxırdım. İndi, yəqin sizin üzünüzdə tük yoxdu. Başa düşürəm texnika əsridli. Üz qırxanım evimizin pəncərəsinin qabağındaydı.

İndi XXI əsrin ortasıdı, ancaq inəklər yenə də adamların karına gəlir.. Əslində biz indi çoxdan arxivə atılmalıydıq.

İmran məni təbii üsulla saxlayıb, yekəldib. Onun dediyinə görə, indi heç kim inəyi yemləmir, mənim kimi inəkləri üç həftəyə böyüdürlər, sonra da kəsirlər. Bu kəsilmək sözündən yaman acığım gəlir. Ancaq neyləmək olar mənim də taleyim belədi.

Hə, harda qalmışdım? Bax o Sem adlı birisi bizdən əl çəkmir. Hər gün böyrümə bir təpik ilişdirir. Deyir ki, «inəklə necə davranmağı özüm bilərəm. Çünki inək mənimdir.»

Bax, onda inək olmaqdan bezirəm. Az qalıram ki, ona bir təpik ilişdirəm. Hərdən buynuzumla onu qovuram da…İmran and-aman eləyir ki, yavaş-yavaş borcunu qaytaracaq, uşaqları acından öldürə bilməz, axı…Bir çətən külfəti var. Həm də deyir ki, borcunu çoxdan verib.

Həmin o sırtıq Sem də dirənib ki, bu inək nə qədər var, sahibim ona borcludur. Mən xatırlamıram, ancaq İmranın dediyinə görə, mənim südümdən qonşuların hamısına pay çatıb.

Bu Semin isə yamyaşıl gözləri doymur. İndi də sabah gün çıxana kimi vaxt qoyub ki, pulu verməsə, məni aparacaq, deyir ki, məni kəsəcək, beş-altı yerə pay qoyacaq.

O, belə deyəində bıçağın soyuq tiyəsini boğazımda, öz qanımın tamını burnumda hiss edirəm.

Qanım mis dadı verir. Uşaq vaxtı burnum qanayanda bunu hiss eləmişəm. İndi mən səhəri gözləyirəm, neyləmək olar. İstəsə gəlib aparacaq.

Günəşi çox sevirəm. Ürəyimdə yalvarıram ki, təki o gəlməmiş günəş çıxaydı və mən onu görəydim. Adam olanda günəşə doyunca baxa bilməmişəm, vaxtım olmayıb.

Ancaq indi adamlar məni eşitsəydilər, onlara ürəyimdəkiləri deyərdim. Deyərdim ki, səhərlər yuxudan ayılan kimi günəşə baxmağın özü xoşbəxtlikdir. Mən bunları başa düşməmişəm. İndi isə artıq gecdir.

Əgər o zaman ağlım olsaydı, mışıl-mışıl yatan arvadım yuxudan duran kimi onun toppuş, ağ qulaqlarına pıçıltı ilə «səni sevirəm» deyərdim. Uşaqlarımı boynumdan yerə qoymazdım, onların hər bir arzusunu yerinə yetirərdim.

Səhərlər süd iyi verən nəfəslərini qoxuyardım. Dostlarıma hər səhər salam göndərərdim.

Onlarla söhbətdən doymazdımi. Düşmənlərimə "darıxmayın, döyüş qabaqdadır" deyərdim. Qoca anamı doyunca sevərdim, nökər kimi hüzurunda durardım, cavabını qaytarmazdım.

Adam olanda anamı doyunca sevə bilməmişəm. Sonra dağları, bağları gəzərdim, gülləri, çiçəkləri, daşları sevərdim. İndi siz məni eşidirsinizisə, olduğunuz yerlərin hər qarışını gəzin, dağını, daşını, gülünü, çiçəyini tanıyın.

Onları görəndən sonra düşünməyə başlayacaqsınız, düşünəndən sonra tanıyacaqsınız, tanıyandan sonra sevəcəksiniz…

Aha, eşitdiniz, xoruz banladı!? Bir azdan Günəş çıxacaq. Günəşin adını hər yerdə böyük hərflə yazın!

Günəş çıxan kimi mən ona baxıb sevinəcəm. Əgər Sem gəlsə, mən onu görməyəcəm, ancaq xatırlayacam və düşünəndə ki, Günəş arxda axan suda çiməcək, su ona nəğmə oxuyacaq, atılıb-düşən damcılar sevincindən çırtlayacaq, bax onda təsəlli tapıram.

Ona görə də Günəş hələ çıxmamış arzularımı suya deyəcəm…

Nə bilmək olar, bəlkə nə zamansa, dönüb yenidən adam olacam…Günəşi, anamı, vətənimi və hamını-hamını doyunca sevmək üçün…

Ey, eşidirsiniz? Sular Günəşə nəğmə oxuyur! Vətənin nəğməsini!

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG