Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

Mafiyanı "dəli eləyən" yazıçı


2006-cı ildə kitab satışa çıxarılandan sonra mafiya bosları müəllifin ölümünə "fitva verdilər". Konkret desək Kamorra - Neapolun nüfuzlu mafiya qruplaşması.

Kitab məhz Kamorranın əhatə dairəsi və onun nəzarətində olan biznes strukturları haqdadır. Əsərin müəllifi yazıçı, jurnalist Roberto Savianonun indi 30 yaşı var.

Onun "Kamorra" adlı bədii-publisistik kitabı axır 3 ildə həm vətəni İtaliyada, həm də dünyada səs-küy doğurub.

Təkcə İtaliyada əsərin 2 milyon nüsxəsi satılıb. Kitab 42 dilə tərcümə edilib.

Savianonun bu cəsarətinə görə dünya şöhrəli İtaliya yazıçısı

UMBERTO EKO ONU "MİLLİ QƏHRƏMAN" ADLANDIRIB

Savianonun özü də Neapolda doğulub. Ali təhsilini doğma şəhərində alıb, fəlsəfə fakültəsini bitirib və jurnalist işləməyə başlayıb. Kitabına material toplamaq üçün o hətta mafiyanın nəzarətində olan tikinti şirkətində və toxuculuq fabrikində bir müddət işləyib də.

Əsərdə mafiyanın reket, narkotik qaçaqmalçılığı və başqa sahələrdəki fəaliyyətindən də söz açılır.

Neapol polisinin araşdırmalarından sonra İtaliyanın Daxili İşlər Nazirliyi xüsusi cangüdən ayırdı ki, yazıçını şəhərdən çıxarsın.

Çünki 2008-ci ildə Kazalezi klanının həbsdə olan bossu Françesko Skiavoninin yaxın qohumu polisə xəbər verir ki, klan yazıçını öldürmək planı hazırlayıb və plana görə Milad bayramına qədər Saviano aradan götürülməlidir.

Mafiya onu və cangüdənini Romaya gedən magistral yolda bomba ilə öldürmək istəyir. Həmin dövrdə yazıçı İtaliyanı tərk etmək qərarı verir.

İtaliya polisinin Turində mütəşəkkil cinayətkar qruplaşmalara qarşı keçiridiyi reyd zamanı ələ keçirilən qumbaralar. 27 aprel 2001
Keçən il oktyabrın 20-də altı Nobel mükafatçısı və intellektual (Orhan Pamuk, Dario Fo, Rita Levi Montalçini, Dezmond Tutu, Günter Qrass və Mixail Qorbaçov) məqalə çap etdirərək Savianoya qahmar çıxdıqlarını və Kamorranı pislədiklərini bəyan etdilər.

Onlar hesab edirlər ki, İtaliyada mafiya təkcə insanların təhlükəsizliyi üçün yox, həm də

DEMOKRATİYA ÜÇÜN BÖYÜK PROBLEMDİR

Məqalə müəllifləri İtaliya hökumətini çağrıırdı ki, yazıçının təhlükəsizliyini və normal həyat yaşamasını təmin etsin.

Kitab əsasında çəkilən film isə "Kann" və bir sıra başqa nüfuzlu film festivallarında mükafata layiq görüldü.

Keçən həftənin sonu Barselonada “Euronews” telekanalına müsahibə verən Saviano deyib ki, o, ölümdən qorxmur. Medianın diqqəti və adi insanların Kamorranın cinayətləri haqda məlumatlanması onu ruhlandırır.

“Mafiya məni məhv etmək üçün ilk növbədə qalmaqalın, beynəlxalq medianın mənə yonələn diqqətinin zəifləməsini gözləyəcək. Hətta Skiavoni mətbuata bildirib ki, bəlkə də mənim populyarlığımın azalmasını gözləməlidir.

ONLARIN TAKTİKASI MƏNƏ MƏLUMDUR

Onlar sənin dediklərinin təsirini azaltmaq üçün elə təsəvvür yaratmağa çalışırlar ki, guya sən yalançısan, dəlisən, yaxud da klounsan. Mənə münasibətdə də bunu etmək istəyirlər, əgər onlar bu mesajı beyinlərə yeridə bilsələr, bax onda mənə gücləri çata biləcək”.

Saviano mafiyanın bir kitaba görə niyə qəzəbləndiyinin də səbəbini açıqlayıb. “İndi onlar diqqət mərkəzindədirlər.

İtaliya karabinerləri Palermoda həbs edilən 36 mafiya bossu Enriko Skalavinonun şəklini göstərir. 2 oktyabr 2007
Ona görə də mənə nifrət edirlər. Ona görə ki, milyonlarla adam bu kitabı oxuyub, yaxud onun əsasında çəkilən filmə baxıb. Bu səbəbdən mafiaya heç zaman olmayan səviyyədə diqqət mərkəzindədir.

Digər tərədfən hökumət də bununla bağlı nə isə tədbir görməlidir. Çünki artıq bu qalmaqaldan sonra onlar uzun illər etdikləri kimi problemi palaz altında gizlədə bilməzlər”.

- Siz deyirsiz ki, mafiya çirkli pulları yumaq üçün tikinti və bank sektorundan istifadə edir. Onlar indiki qlobal maliyyə böhranını öhdəsindən necə gəlirlər?

- Heç nə dəyişməyib,

QLOBAL MALİYYƏ BÖHRANI MAFİYANI DAHA DA GÜCLƏNDİRİB

BMT-nin narkotika alveri ilə bağlı araşdırmalarına görə, böyük mafiya klanları böyük beynəlxalq banlklara girişiblər.

Çünki indiki maliyyə böhranına görə, banklar müflis olmamaq üçün, duruş gətirmək üçün hətta mənbəyi bilinməyən pulları da qəbul etməyə hazırdılar.

Bu çox pis tendensiyadır. Ona görə yox ki, çirkli pullar bank sektoruna yol tapıb. Bu onsuz da həmişə belə olub.

Sadəcə indi onlar nüfuz dairələrini artırmaqla siyasətə təsir edə bilərlər. Məsələn kimi maliyyələşdirmək, kimə borc vermək, kimi müflis olmaqdan xilas etmək və s. Bu bizim gələcəyimiz üçün çox təhlükəlidir. Mafiya bu gün öz gələcəyi üçün çalışır.

- Sizcə, bunun qarşısını necə almaq, Kamorra sistemini necə dağıtmaq olar?

- Əgər geciksək, sonra bu cinayətkar qrupları məğlub etmək üçün daha çox vaxt tələb olunacaq. İtaliyada indi bu problemin kökünü kəsmək üçün iradə yoxdu. Başqa problemlər var. Məsələn, iş yerləri, pensiya. Hökumət düşünür ki, mafiya minlərlə problemdən biridir. Amma yox. Bu, əsas problemdir.

- Mütəşəkkil cinayətkarlıq İtaliyaya nə dərəcədə sirayət edib?

- İndi mütəşəkkil cinayətkarlıq bütün Avropaya sirayət edib.

90-cı illərdə onların İtaliya iqtisadiyyatına təsiri əhəmiyyətli dərəcədə artıb.

İndi alman, ispan, ingilis iqtisadiyyatları da mütəşəkkil cinayətkarlıqla müəyyən formada bağlıdır. Və heç bir hökumət bilmir ki, bütün bunlar insanların həyatına necə təsir edir.

Hesab edirəm ki,

ÇOX KEÇMƏYƏCƏK AVROPA MAFİYANIN İNDİKİ FƏALİYYƏTİNİN ALTINI ÇƏKƏCƏK

İtaliya - Siciliya polisi Palermoda mətbuat konfransı keçirir və Lo Pikkolo qruplaşmasının üzvlərinin şəkillərini nümayiş etdirir. 3 noyabr 2007
Hökumətlər problemin miqyasını dərk edəndə çox gec olacaq. Necə ki artıq İtaliyada gecdir.

- Siz bir neçə dəfə demisiz ki, nəticəsinin belə olacağını bilsəydiniz kitaba başlamazdınız. Çünki kitabın girovuna çevrilmisiz...

- Bir tərəfdən mən bunu bir daha edərdim, çünki bu əsər kitab dünyasında bir fenomenə çevrilib. Onu o qədər adam oxuyub ki... O cümlədən o adamlar ki, heç vaxt kitabxanaya, yaxud kitab dükanına getmirlər.

Amma şəxsi həyatıma gəldikdə, bəli, kaş ki bu kitabı yazmağa başlamazdım. Mənim həyatım tamamilə dəyişib. Sanki altı üstünə çevrilib. Bu gün mən bu kitaba nifrət edirəm. Kitaba az da olsa simpatiyam yoxdu...

- Gələcəyinizi necə görürsüz? Ölkəni tərk etmisiz, yeni kitab yazmaq planınız varmı?

- Bəzi planlarım var. Bir dəfə veteran italyan jurnalisti Enzo Biyaci mənə dedi ki, İtaliya səni heç vaxt bağışlamayacaq.

Çünki İtaliya insanların belə şeylər yazmasını xoşlamır. Film yarananda tənqid atəşləri altında qaldım. Bu, kənardan sarsaq bir şey kimi gırünə bilər.

Amerikalı, yaxud ispan bu tənqidləri ağlasığmaz saya bilər. Amma bu, İtaliyaya xas bir cəhətdir, bunu hamı bilir, hətta siyasətçilər də. Bir sözlə, belə şeylərin haqqında ucadan danışılmasına pis baxırlar - yəni evin sirri evdə qalmalıdır, öz aramızda.

Açığı mən gələcək haqda çox düşünmürəm. Mən onu heç təsəvvür də edə bilmirəm.

Həmçinin bax

Berluskoni yazıçıları boğmaq istərdi

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG