Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 15:25

«Ədəbiyyat ilham pərisinin hesabına yaranmır»


Zahir Əzəmət
Zahir Əzəmət
«Ədəbiyyat ilham pərisinin hesabına yaranmır. Bunun üçün bir ortam olmalıdır. Onların müzakirəsi olmalıdır. Sonra bu məhsulun yeriməsi üçün onun sənayesi olmalıdır. Tənqid olmalıdır, tərcümə institutu olmalıdır. Bu çoxşaxəli bir sistemdir. Və bu «olmalıdır»ları xeyli uzatmaqmaq olar».

«Kult.Az» mədəniyyət portalının rəhbəri, yazar Zahir Əzəmət «İşdən sonra»da belə deyib. O bildirir ki, Azərbaycan balaca bir ölkədir. Burada bir kitabın satışı üzərində yazıçı özünü dolandıra bilməz:

«Buna hakimiyyətin yox, dövlətin mütləq və mütləq dəstəyi olmalıdır. Ancpaq bu dəstək indiki formada yox, tutaq ki, açıq tenderlər vasitəsilə, nəşriyyat sektoruna dəstək vasitəsilə, kitab mağazalarının açılmasına uzunmüddətli faizsiz kreditlər verilməsi və digər yollarla edilməlidir».

Zahir Əzəmət deyir ki, yəni, bunun üçün inzibati deyil hüquqi sistem yaradılmalıdır:

«Yazıçının təbii iddiasının zamanla doğrulması üçün həmin o mühitin, ortamın yaradılması vacibdir. Yəni, bu mühit ayrıca fərdin yox, ümumən ədəbiyyatın inkişafı üçün yaradılmalıdır. Müstəqil dövlətin bu gününün və sabahının dəyərlərini bu insanlar yaratmalıdır. Mövcud inzibati metod sistemi isə artıq yerimədiyindən həmin sistemi idarə edənlərin özləri də şikayətlənirlər. Müstəqil Azərbaycan müstəqil dövrün yazıçılarını yaratmalıdır. Öz özünə, təbii yolla da olsa bu proses gedir və gec–tez oturuşmuş bir sistemə çevriləcək. Ancaq dövlət tərəfindən təkan olmalıdır ki, bu iş zamanın ümidinə qalmasın».
XS
SM
MD
LG