Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:15

Süni mayalanmada qadağa


Sevinc Sevdimalıyeva
Sevinc Sevdimalıyeva
İndiyə qədər Azərbaycanda da həkimə gedib oğlan, ya da qız sifariş vermək mümkün idi. Süni yolla mayalanma embrionun cinsini əvvəlcədən seçməyə şans yaradırdı. Amma parlamentdə müzakirə olunan «Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında» qanun layihəsi cinsi əvvəlcədən seçməyə qadağa qoyur.

Ailə Planlaşdırma Mərkəzinin süni mayalanma üzrə mütəxəssisi Sevinc Sevdimalıyeva bu qadağa haqqında sualları cavablandırır:

- Belə bir qadağaya nə ehtiyac var idi, axı yəqin ki, süni mayalanmaya müraciət edən adam üçün oğlan, qız fərqi olmur...


- Bu qadağa əvvəlcədən cins seçiminin qarşısını almaq üçündür. Bəli, 99 faiz hallarda uşağın cinsinin ailə üçün fərqi yoxdur. Amma çox imkanlı ailələr var ki, süni mayalanmaya məhz cinsə görə müraciət edirlər. Qeyd edim ki, süni mayalanma çox bahalı prosedurdur. Belə hal isə ölkədə gender balansının pozulmasına gətirib çıxara bilər. Bu həm də Allahın işinə qarışmaqdır.

- Bəs irsi xəstəliklərlə bağlı istisna nədən ibarətdir?

- Bəzi irsi xəstəliklər yalnız kişilərdə, bəziləri yalnız qadınlarda olur. Məsələn, bir ailədə doğulmuş oğlan uşaqları hamısı hemofiliya xəstəsidirsə, bu zaman ailə süni mayalanma yolu ilə qız uşağına sahib ola bilər. Bu istisnanı qanun nəzərə alır.

- Yaxşı bəs bir ailənin yeddi oğlu varsa, amma o, qız övladına sahib olmaq istəyirsə necə? Ona belə seçim etməyə qadağa qoymaq hüququnu pozmaq deyilmi?

- Deyil, qız, ya oğlan seçiminin qoyulması əslində dünyaya gəlməmiş uşağın hüququnu pozmaqdır. Belə ayrı-seçkilik salanlara qarşı təbliğat aparmaq lazımdır, həmin adama başa salmaq lazımdır ki, oğlan, ya da qız övladını seçmək düzgün deyil.

- Dünyada varmı belə qadağalar?

- Əlbəttə, Türkiyədə, bir çox Avropa ölkələrində, o cümlədən, Böyük Britaniyada süni mayalanma zamanı cins seçiminə qadağa var.

- Belə bir ittiham da səslənir ki, Azərbaycanın beynəlxalq korrupsiya reytinqi aşağıdır və qadağanın qoyulması yeni korrupsiya mənbəyi yarada bilər.


- Həkimləri korrupsiyada günahlandırmaq düzgün deyil. Onlar heç vaxt korrupsiya mənbəyi deyillər.

- Parlamentin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, ölkədə gender balansı pozulub, bu il doğulan uşaqların 60 faizi oğlanlar, 40 faizi qızlardır, qız uşaqlarının abortunun qarşısını almaq üçün təbii yolla yaranan dölün cinsi haqda informasiya yaymağa həkimlərə qadağa qoyulmalıdır. Sizin bu təklifə münasibətiniz necədir?


- Məncə, bu qadağa doğru deyil, təbii yolla mayalanma halları süni mayalanma halları ilə müqayisə olunmaz dərəcədə çoxdur. Qadına demək olmaz ki, sən öz bətnindəki uşağın cinsini öyrənə bilməzsən. Süni mayalanma vaxtı isə hələ ki, bətndə heç nə yoxdur, valideynə əvvəlcədən cins seçimi etmək qadağan olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG