Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:39

Haaqa Məhkəməsi Kosovonun müstəqilliyinin qanuniliyi məsələsini araşdırır


Haaqa Məhkəməsi Kosovonun Serbiyadan ayrılmasının qanuniliyini araşdırır
Haaqa Məhkəməsi Kosovonun Serbiyadan ayrılmasının qanuniliyini araşdırır
Haaqa Məhkəməsi bu gündən Serbiyanın müraciəti əsasında Kosovonun Serbiyadan ayrılmasının qanuniliyi məsələsini araşdırmağa başlayıb. Dinləmələr 9 gün davam edəcək. Kosovonun, Serbiyanın və 29 ölkənin arqumentləri dinləniləcək. Daha sonra məhkəmə qərarını çıxartmaq üçün müzakirələrə başlayacaq. Müzakirələr bir neçə ay çəkəcək.

«HAKİMLƏRİN HƏRƏSİNİN ÖZ FİKRİ VAR»

AzadlıqRadiosunun Balkan xidmətinin müxbiri Draqan Stavlianin Haaqadan xəbər verir :

«Bütün prosedur bir neçə ay davam edəcək. Gözlənilir ki, məhkəmə gələn ilin birinci yarısında qərarını bildirsin. Belə fikir var ki, məhkəmə qəti qərar verməyə bilər. Məhkəmənin sədri, hakim Hisaşi Ovada deyib ki, məhkəmə dəqiq cavab verməyəcək. Məhkəmənin rəyi 30 səhifəlik materialdan ibarət olacaq. Çünki hakimlərin hərəsinin öz fikri var».

Rəsmi Belqrad BMT-nin Baş Assambleyasına müraciət edərək dinləmələr keçirməyə çağırıb. Assambleya da Haaqa Məhkəməsinə müraciət edib ki, müəyyən etsin görək Priştina Kosovonun müstəqilliyini elan edəndə beynəlxalq hüququ pozub, yoxsa, yox?

Serbiyanın Xarici İşlər naziri Vuk Yeremiç Haaqada, 1 dekabr 2009
Serbiyanın Xarici İşlər naziri Vuk Yeremiç deyir ki, Belqrad ümid edir ki, məhkəmə elə bir qərar qəbul edəcək ki, bu, Kosovonun müstəqilliyinin tanınması prosesinə son qoyacaq. Onu da deyib ki, Belqrad istəyir ki, məhkəmənin qərarı Priştinanı Kosovonun taleyi ilə bağlı yenidən danışıqlara başlamağa məcbur etsin. Yenə Draqan Stavlianin danışır:

«BƏZİ ÖLKƏLƏR MƏHKƏMƏNİN QƏRARINI GÖZLƏYİRLƏR»

«Kosovo müstəqilliyini elan edəndən 63 ölkə onun müstəqilliyini tanıyıb. Ancaq hələ də qeyri-müəyyən fikirdə olan ölkələr var. Həmin ölkələr bu məhkəmənin qərarını gözləyirlər. Baxmayaraq ki, məhkəmənin qərarı məcburi yox, tövsiyə xarakterli olacaq. Hər halda bu qərar Kosovonu tanıyıb-tanımamaq barədə qərar qəbul etməyən ölkələrin mövqeyinə bu və ya digər şəkildə təsir edəcək. Xüsusilə, Asiya, Afrika, Cənubi Amerika ölkələrinin mövqeyinə».

Rusiya Qərbin Kosovonun müstəqilliyini dəstəkləməsindən məyus olduğunu açıq-aşkar bildirib. Moskva Belqradın bu arqumentini dəstəkləyir ki, Kosovonun birtərəfli addımı destabilizasiyaya xidmət edir və beynəlxalq hüququ pozur.

Rusiyanın baş naziri Putin Qərbin Kosovonun müstəqilliyini dəstəkləməsini qanunsuz və qeyri-əxlaqı rəftar kimi qiymətləndirib.
Kosovo albanları Priştinada müstəqilliyin birinci ildönümünü qeyd edirlər, 17 fevral 2009
Deyib ki, Qərbin bu addımı dünyanın müxtəlif yerlərində separatçıları müstəqilliyə ruhlandırır.

KOSOVONUN MÜSTƏQİLLİYİ UNİKAL HADİSƏDİR

Kosovo və Qərb ölkələrinin əksəriyyəti, o cümlədən ABŞ, Britaniya, Fransa, Almaniya isə bildirirlər ki, Kosovonun müstəqilliyi unikal bir hadisədir, başqa etnik münaqişələr üçün presedent ola bilməz. Onu da deyirlər ki, Yuqoslaviyanın dağılmasından sonra serb qüvvələrinin Kosovoda etnik təmizləmələr və qətliamlar törətməsindən sonra Serbiya hakimiyyətinin Kosovonu idarə etməyə heç bir etik və hüquqi əsası qalmayıb.

Məhkəmədə rəyi öyrəniləcək 29 ölkədən 15-i Kosovonun müstəqilliyini, 14-ü isə Belqradın mövqeyini dəstəkləyir.

Kosovo müstəqilliyini 2008-ci ilin fevralında elan edib. 1999-cu ilin iyunundan NATO qüvvələri Kosovoya daxil olublar. Müstəqilliyini elan edənə qədər Kosovo BMT-nin idarəçiliyi altında olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG