«Hazırkı vəziyyətdə Azərbaycanın manevr etməsi üçün çox az imkan var. Azərbaycanı məcbur etsələr, güc tətbiq etməsi tamamilə mümkündür». Politoloq İlqar Vəlizadə «Qafqaz Qovşağı» verilişində belə deyib. Politoloq hesab edir ki, prezident İlham Əliyevin Münhen görüşündən əvvəl Goranboyda verdiyi bəyanat «tam yalan» deyil. İlham Əliyev bildirmişdi ki, bu dəfə də danışıqlar nəticə verməsə, Azərbaycan müzakirələri dayandıra bilər. Verilişə Yerevandan qoşulan «Region» Araşdırma Mərkəzinin direktoru Laura Boqdasaryan deyir ki, İlham Əliyevin və daha sonra Yerevanın Dağlıq Qarabağın müstəqilliyini tanıya biləcəyi haqda bəyanatları ilk deyil. Politoloq hesab edir ki, bu kimi bəyanatlar danışıqlar prosesində böhran yaranan zaman verilir: «Məni bəyanatların ritorikası təəccübləndirmir, daha çox bəyanatların hansı fonda verilməsi diqqətimi çəkir. Hazırda bu fon Türkiyə-Ermənistan prosesidir və bu fondda bütün məsələlər tamamilə fərqli qəbul olunur». Gürcüstanlı siyasi-analitik Konstantin Jqenti isə bəyanatların çətin vaxtlarda verildiyi fikri ilə razılaşmır, torpağının 20 faizi işğal altında olan bir dövlət başçısının bəyanatlarını normal qarşılayır: «Nəzəri cəhətdən danışıqlar heç bir nəticə verməsə, münaqişənin hərbi yolla həlli də mümkündür. Amma yalnız münaqişə tərəfləri yox, həm də maraqlı tərəflər məsələnin dinc yolla həllinə nail olmağa çalışmalıdırlar…». MÜZAKİRƏLƏRİ ƏTRAFLI AUDİODA DİNLƏYƏ BİLƏRSİNİZ |