Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:34

QHT-lər niyə sıradan çıxır?


QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev
- QHT-lərə Dövlət Dəstəyi Şurası bizi adı olub, özü olmayan QHT-lər sırasına salıb. Ancaq biz varıq və təkcə Salyanda deyil, bu bölgədə işləyən ən fəal QHT-lərdən biriyik.

ADIMIZ «YOX» OLSA DA, ÖZÜMÜZ «VAR»IQ

Bu sözləri söyləyən Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin başçısı Emil Məmmədovdur. O deyir ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının siyahısında rəhbərlik etdiyi qurumun adını fəaliyyət göstərməyən QHT-lər sırasında görəndə təəccüblənməyib. Dediyinə görə, səbəb, Şuranın daha çox hakimiyyətə yaxın bir qrup QHT ilə işbirliyi quraraq digər vətəndaş cəmiyyəti institutlarını tanımamasından xəbərdar olmasıdır:

- Bölgələrdə vətəndaş cəmiyyəti institutlarının durumu paytaxtdakından daha ağırdır. Dövlət Dəstəyi Şurası ancaq rayon rəhbərliyinə, bölgədən seçilən deputata yaxın olan insanların yaratdığı qurumlarla işləyir. Biz dəfələrlə layihə təqdim etməyimizə baxmayaraq onların heç biri müsabiqədən keçməyib. Heç müsabiqədən hansı səbəbdən keçməməyimizi bizə bildirməyi özlərinə rəva da görməyiblər.

E.Məmmədov deyir ki, bu səbəbdən ancaq xarici donorlarla işbirliyi qururlar.

QHT-LƏR İKİYƏ BÖLÜNÜB

Demokratik Jurnalistlər Məktəbi adlı QHT-nin başçısı Rövşən Hacıbəyli də deyir ki, Azərbaycanda artıq bir neçə ildir ki, QHT sektoru ikiyə bölünüb – hakimiyyətə yaxın olanlar və xarici donorlardan maliyyələşənlər. Onun sözlərinə görə, hakimiyyət beynəlxalq birliyə ölkədə qeyri-hökumət sektorunu inkişaf etdirmək görüntüsü yaratmaq üçün QHT-lərə maliyyələr ayırır. Ancaq bu məbləğdən 1 qəpik də olsa, hakimiyyətin siyasətini tənqid edənlərə çatmır. O, sıradan çıxan QHT-lərin müxalif mövqeyi ilə tanınanlar olduğuna əminliyini bildirir:

- Hökumət yalnız onun sözünü deyən QHT-lərə dəstək verir. Qalanlarını isə bütün mümkün vasitələrlə sıradan çıxarmağa çalışır. Azərbaycanda insan haqları, söz azadlığı, demokratik dəyərlərin vətəndaşların həyat tərzinə çevrilməsinə çalışan heç bir QHT-yə Dövlət Dəstəyi Şurası qrant ayırmır. Heç ayrılan qrantların hansı layihələrə verildiyi də bəlli olmur. Sadəcə, yazılır ki, filan QHT Dövlət Dəstəyi Şurasının qrant layihəsinin qalibi olub. Hər il də eyni siyahılar, eyni adlar. Əslində, QHT sektorunda bu gərginliyi hakimiyyət özü yaradıb. Bir zamanlar bu sektorun cəmyyətdə nüfuzunun artmasından qayğılanan hakimiyyət özünə bağlı olan çoxsaylı QHT-lərini yaratdı. Sıxlıq və xaos yaradılmasının məqəsdi isə sektora ictimai marağı öldürmək idi.

Rövşən Hacıbəyli deyir ki, beynəlxalq donorlar isə daha çox təcrübəli qurumlarla işləməyə üstünlük verdiyindən ölkədə QHT sektorunda adı olub özü olmayan qurumlar çoxalıb.

QHT YARATMA KAMPANİYASI ARTIQ BİTİB

Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyinin təmsilçisi Tofiq Türkel də deyir ki, bir zamanlar QHT-lərin qeydiyyatdan keçməsi ciddi problem idi. Daha sonra isə beynəlxalq birliyin tələbi ilə bu prosedur sadələşdirildi. Prosedurun sadələşməsi və həmin vaxta qədər işləyən bir sıra QHT-lərin böyük məbləğdə maliyyə vəsaitləri əldə etməsi bu sahəyə diqqəti artırdı:

- Düzdür, burada böyük pullar var. Ancaq bu pulların arxasında iş dayanmalıdır. Yoxsa, həmin QHT bu sektorda uzun müddət qala bilməz. Şura ancaq hakimiyyətin birbaşa nəzarətində olan qurumlarla işləyir. İndiyə qədər onlar bir təşkilatın belə, azad seçki, söz azadlığının müdafiəsi üzrə layihələrinə qrant ayırmayıblar.

ŞƏFFAF ŞURA

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə qurumla bağlı deyilən iradları qəbul etmir. Onun sözlərinə görə, Şuranın fəaliyyəti şəffafdır:

- Doğrudan da Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 1000-dən artıq QHT haqda heç bir bilgi əldə etmək mümkün deyil. Bizim bu siyahını dərc etməyimiz həm də xoşməramlı bir xəbərdarlıqdır. Əgər bu siyahıya adı düşən qurumlardan fəaliyyətdə olanları varsa, onlar adlarını bildirsinlər və biz onların adını QHT-lərin kataloquna salaq. Şuraya dəfələrlə müraciət edən qurumların qrant ala bilməməsinə gəlincə isə, bu, yalnız layihələrin tələblərə cavab verməməsilə bağlı ola bilər. Biz bütün qurumlara layihələrinin hansı səbəbdən müsabiqədən keçməməsi ilə bağlı yazılı açıqlama da veririk.

Azay Quliyev deyir ki, dövlət vətəndaş cəmiyyətinin inkişafı üzrə layihələrini bundan sonra da davam etdirəcək. Onun sözlərinə görə, 2010-cu ildə bu sahə üzrə yeni qaydalar qüvvədə olacaq. Yeni qaydalara görə, hətta müsabiqələrdən keçməyən layihələr onları təqdim edən QHT-lərə qaytarılacaq.
XS
SM
MD
LG