Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:43

«Əsl kişi qadına və uşağa əl qaldırmaz»


«Mən hamilə olanda da o məni döyürdü. Üstəlik, qaynanam da məni döyürdü. Uşağım doğulmamışdan 10 gün əvvəl də döyülmüşdüm».

«BİR DAHA AİLƏ QURMAYACAM»

20 yaşlı Mehriban belə deyir. O bildirir ki, onu tez-tez döyən həyat yoldaşı ilə 3 il bir yerdə yaşayıb. Ərinin onu iş yerində döyməsindən sonra isə həyat yoldaşını tərk edib. İndi Azərbaycanın ucqar rayonlarının birində insan hüquqları ilə məşğul olur. Fransız dili öyrənir və ispan dili kursuna yazılmağa hazırlaşır. Mehriban hazırda oğluyla bir yerdə yaşayır. Deyir ki, bir daha ailə qurmayacaq.

Azərbaycanda qadınlar həyatın bütün sahələrində zorakılığa məruz qalırlar. Ən çoxsa ailədə. Bunu yerli hüquq müdafiəçiləri deyirlər. «Qadın, Məsləhət və Profilaktika» Mərkəzinin rəhbəri Fəridə Əsgərova deyir ki, rəhbərlik etdiyi quruma zorakılıqla bağlı onlara qadın müraciət edir. Bu müraciətlərdən görünür ki, ailədaxili zorakılıq Azərbaycan ailələrinin çoxu üçün xarakterikdir.

Azərbaycanda qadınlara qarşı hansı zorakılıq növlərindən istifadə olunması, zorakılıqdan hər il neçə qadının əziyyət çəkməsinin rəsmi statistikası aparılmır.

HƏR ÜÇ QADINDAN BİRİ DÖYÜLÜR

Noyabrın 25-i dünyada Qadınlara Qarşı Zorakılığın Ləğvi Günü kimi qeyd olunur. BMT-nin Qadınlar üçün İnkişaf Fondunun hesablamalarına görə, hər üç qadından biri döyülür, bu və ya digər şəkildə cinsi istismara məruz qalır, təhqir olunur. Qurum qadınlara qarşı zorakılığı ən geniş yayılmış hüquq pozuntusu kimi qiymətləndirir. Bildirir ki, bir qadının ailədaxili zorakılıq nəticəsində ölmək və əlil olmaq riski xərçəng, avtomobil qəzası, müharibə və malyariya nəticəsində ölmə riskindən daha çoxdur.

«BUNU NƏ UNUDA, NƏ DƏ BAĞIŞLAYA BİLƏRƏM»

35 yaşlı Olyona Kiyevdə yaşayır. Bolqarıstandan olan həyat yoldaşı ilə 10 il bir yerdə yaşayıb. Deyir ki, ilk övladları doğulandan sonra ərinin ona olan münasibəti kəskin dəyişib. Tez-tez içməyə, onu döyməyə başlayıb:

«Oğlumun ilk ad günündə o məni elə döydü ki, qabırğa sınığı, ciyərin zədələnməsi, bədənimdə çoxlu qançırlar diaqnozu ilə xəstəxanalıq oldum. Bunu nə unuda, nə də bağışlaya bilərəm. Ancaq uşağıma görə onunla birgə yaşamalı idim. Düzdür, indi birgə yaşamırıq. Ancaq o oğlumu əlimdən alacağı ilə hədələyir».

Moldovada ailə zorakılığına məruz qalan qadınların sığınacaq kimi istifadə etdiyi evdə yaşayan 5 yaşlı qızın anası isə deyir ki, onu və uşağını döyən ərindən canını güclə qurtarıb bura gəlib:

«Hara gedə bilərdim ki…Polis çağırardım? Polis gəlib izahat alacaqdı, bir az cərimə edib «yola gedin» deyəndən sonra gedəcəkdi. Ondan sonra ərim məni daha pis döyəcəkdi».

34 QADIN AİLƏDAXİLİ ZORAKILIQ NƏTİCƏSİNDƏ ÖLÜB

Avrop Birliyinə üzvlüyə namizəd olan Xorvatiyada 2006-cı ildən bu yana 34 qadın ailədaxili zorakılıq nəticəsində ölüb. Bu rəqəmin getdikcə artdığı bildirilir.

Qadınlara qarşı zorakılıq probleminə diqqəti yönəltməyin bir yolu da «ağ lent» kampaniyasıdır. Zorakılığa qarşı olan kişilər yaxalarına ağ lent taxmaqla öz etirazlarını bildirirlər. Kanadadan başlayan bu aksiya indi dünyanın 50 ölkəsinə yayılıb.

Bu günlə bağlı müraciətində BMT-nn Baş katibi Ban Ki Mun deyib ki, əsl kişi qadına və uşağa əl qaldırmaz.
XS
SM
MD
LG