Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:12

«Məni şalvarının kəməri ilə döyürdü…»


anun layihəsində zorakılığa məruz qalanlar üçün sığınacaqlar və mühafizə orderi nəzərdə tutulur
«Məişət zorakılığına qarşı qanun layihəsinə hava-su kimi ehtiyac var». Qadın Hüquqşünaslar Assosiasiyasından Xalisə Şahverdiyeva bu fikirdədir.

«AZƏRBAYCAN QADINLARININ 80 %-İ ZORAKILIĞIN QURBANIDIR»

O deyir ki, QHT-lərin apardığı araşdırmalara görə, Azərbaycan qadınlarının 80 faizi ailədaxili zorakılığın qurbanıdır: «Rəsmi rəqəmlərə də göz yetirsək, o da böyükdür».

Gənclərin Elmi Mədəni İnkişafı İctimai Birliyinin sədri Sərdar Yusifoğlu deyir ki, bu qanun layihəsində göstərilən bəzi məsələlər onsuz da Ailə Məcəlləsində, Cinayət Məcəlləsində öz əksini tapıb:

«Ailələr düzgün münasibətlər əsasında qurulmayanda bu problemlər yaranır. Bugünkü mediaya baxsaq, ailə mənəviyyatı ilə bağlı verilişlər, diskussiyalar çox azdır. Ona görə də bu cür qanunların qəbulunun əhəmiyyəti olmayacaq. Mən təklif edirəm ki, mənəvi dəyərlər təbliğ olunsun. Mənəvi əlaqələr olmayandan sonra bu cür minlərlə qanun qəbul olunsa da, xeyri yoxdur».

«İSRAİLƏ GETMƏDİM... ACIĞA ƏRƏ GETDİM…»

«Azadlıq» radiosunun «14-24» proqramının digər qonağı Mehriban isə ailədaxili zorakılığın qurbanlarındandır. O deyir ki, ilk olaraq psixoloji zorakılığa məruz qalıb. Məcburən ailə qurub.

«Universiteti təzə bitirmişdim, əlimdə də vizam vardı, İsrailə təhsilimi davam etdirməyə gedəcəkdim. Anam rayondan Bakıya gəldi və ağlamağa başladı ki, kənddə hərə bir söz deyir ki, «oxuyub, niyə ərə getmir», «24 yaşı var», «onu kim alacaq?» və s. Getmədim İsrailə. Əvəzində acığa ərə getdim ki, kimlərəsə nə isə sübut edim. Halbuki oxusaydım, elmlər namizədi olmuşdum. İki il nişanlı oldum, o müddətdə tanıdım onu və nişanı qaytardım. Amma o gəlib anama dedi ki, öldürəcəyəm qızını. Atam, qardaşım yox idi, anam qorxdu ki, o, məni öldürə bilər. Dayılarım da dedi ki, nişan qaytarmaq söhbəti olmayacaq».

Mehriban deyir ki, ailə qurandan sonra günü döyülməklə keçirdi: «Şalvarının kəməri ilə döyürdü. Səbəb yox idi. Deyirdi ki, sənə filankəs salam verdi, sən işıq idarəsinə zəng vurub kişi ilə danışdın, sənə baxan həkim niyə kişi idi və s. Uşağımızın doğulmağı da heç nəyi dəyişmədi. Bir dəfə də içib iş yerimdə məni döydü. İşçilərimin qarşısında. Səbəb də o oldu ki, niyə mənim tanımadığım taksiyə minmisən?! Mən utandığımdan işə gedə bilmirdim və boşanmağa qərar verdim».

Mehriban indi özünü daha faydalı hiss etdiyini deyir: «Xarici dillər öyrənirəm. Regionlarda qadınlara gender zorakılığından treninqlər keçirəm».

POLİS AİLƏ MƏSƏLƏSİNƏ QARIŞA BİLƏRMİ?

Məişət zorakılığı ilə bağlı qanun layihəsinin ictimai müzakirələrində ona qarşı müxtəlif arqumentlər səsləndirilib: ailə institutunun dağılması, mentalitetə zidd olması və s...

Hüquqşünas Xalisə Şahverdiyeva bu arqumentləri əsassız sayır: «Biz qonşumuza, yaxud küçədən keçənə bir sillə vursaq, xəsarət yetirsək, dərhal hüquq-mühafizə orqanları işə düşür, müvafiq tədbirlər görülür. Amma ailə daxilində zorakılığın müxtəlif formaları ilə bağlı heç bir tədbirlər görülmür. Əsas da o olur ki, bu, ailə işidir, biz buna qarışa bilmərik. Ailənin bir üzvünün digər üzvündən şikayət etməsini mentalitetə zidd hesab edib, qanun qəbuluna qarşı çıxırlar».

Hüquqşünas deyir ki, eyniadlı qanun Gürcüstanda bir neçə il öncə qəbul edilib: «Orada təkcə qanun qəbul edilməsinin özü, heç bir icra olmadan, ailədaxili zorakılıq faktlarının 30 faiz qarşısını alıb».

Qanun layihəsində zorakılığa məruz qalanlar üçün sığınacaqlar və mühafizə orderi nəzərdə tutulur. Xalisə Şahverdiyeva deyir ki, narazılıq elə bu maddələrlə bağlıdır: «Parlamentin əksər üzvləri, xüsusən də kişilər təklif ediblər ki, bu iki bənd çıxarılsa, layihə müzakirə edilə bilər. Halbuki layihənin mahiyyəti də bundadır. Sığınacaqların yaradılması qurbanların müdafiəsi üçün ən vacib məsələdir».

Buna da bax:

XS
SM
MD
LG