Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:28

Yoluxucu xəstəliyə tutulanların sayını yenə gizlədirlər?


Səhiyyə Nazirliyindən bildirirlər ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət sabitdir
Səhiyyə Nazirliyindən bildirirlər ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət sabitdir
«QRİP ƏVƏZİNƏ ZƏHƏRLƏNMƏ YAZIRLAR»

- Bu yaxınlarda uşağın möhkəm qızdırması vardı, öskürürdü, qrip olmuşdu. Həkim çağırdıq, gəlib baxdı. Məktəbə də «spravka» vermək lazım idi ki, uşaq məktəbə getməyəcək. Amma qoymadı, «spravka»ya başqa şey yazdı ki, olmaz, icazə vermirlər yazılsın ki, hamı qrip olub. Başa düşmədim səhiyyədən icazə vermirlər, ya poliklinikadan.

Özünü Arzu kimi təqdim edən vətəndaş belə deyir. O bildirir ki, poliklinikadan gələn həkim məktəbə veriləcək arayışda qrip əvəzinə uşağın qarnının ağrıdığını, yeməkdən zəhərləndiyini yazıb. Amma valideyn qripin gizlədilən yeganə xəstəlik olmadığını əlavə edir. Belə ki, ötən il də suçiçəyi faktı həkimlərin «senzurası»ndan keçməyib:

- Uşaq suçiçəyi çıxarmışdı, sinifdəki uşaqdan keçmişdi. Ondan bir başqasına keçdi. Elə oldu ki, bütün sinif suçiçəyi çıxardı. İcazə vermədilər açılsın-ağardılsın ki, nə oldu sinifdə bütün şagirdlər suçiçəyi olub deyəcəklər.

HƏKİM DƏ TƏSDİQLƏYİR

Adının çəkilməsini istəməyən, şərti adı Mənzər olan həkim isə deyir ki, onlara xəbərdarlıq ediblər ki, sahələrində 10 yoluxucu xəstəlik çıxsa, onun yalnız birini verə bilərlər:

- Bütün bir sinif az qala «svinka» olmuşdu. Gəldik baş həkimin müavininin yanına, o da «Sanepstansiya»ya zəng etdi, dedi ki, xəstəlik var, çoxdur, həkimlər Sanitar Epidemioloji Stansiyaya xəbər etsinlərmi? Dedilər ki, mümkün qədər az.

İNFEKSİON XƏSTƏLİKLƏRİN GİZLƏDİLMƏSİ SOVET DÖVRÜNDƏN VAR


Azərbaycanda yoluxucu xəstəliklərin gizlədilməsi təcrübəsi Sovet dövründən qalıb. Bir sıra səhiyyə ekspertləri bu fikirdədir. «Sağlamlığa Çağırış» QHT Alyansının rəhbəri Süleyman Cəbrayılov deyir ki, gizlədilən xəstəliklər çox vaxt xüsusi təhlükəli yoluxucu xəstəliklər olmur. Paytaxt və regionlarda əsasən malyariya, «svinka» adlandırılan epidemik parotit, qrip kimi infeksion xəstəliklərin sayı ya az göstərilir, ya da gizlədilir. Bu ənənə isə bürokratik amillərlə bağlıdır. S.Cəbrayılov deyir ki, Səhiyyə Nazirliyi xəstəliklərin gizlədilməsində yox, azaldılmasında maraqlı ola bilər:

- O xəstəlikləri ki, yerindəcə müalicə etmək olur, onda həmin məlumatı vermirlər. Çünki bir sıra bürokratik proseduralar yerinə yetirilməlidir, tibb müəssisəsində arzuolunmaz məmurlar peyda ola bilər və s. Bu baxımdan belə ənənə var.

EPİDEMİOLOJİ VƏZİYYƏT SABİTDİR

Səhiyyə Nazirliyindən isə bildirdilər ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət sabitdir. Nazirliyin sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov deyir ki, mövsümi qrip də epidemioloji həddən yüksək deyil, digər yoluxucu xəstəliklər üzrə göstəricilər isə sabitdir. Məsələn, ötən il qızılca xəstəliyi ümumiyyətlə qeydə alınmayıb, difteriya ilə bağlı 1-2 hadisə olub:

- Kimsə narazıdırsa, biz aydınlaşdıra bilərik. Bizə də bəzən müraciət edirlər ki, məndə «donuz qripi» var. Axı laboratoriya bunu təsdiq eləməsə, o diaqnozu qoymaq olmaz.

Bəzi həkimlər hazırda Azərbaycanda ən çox yayılmış yoluxucu xəstəliklərin suçiçəyi, qrip və mədə-bağırsaq xəstəlikləri olduğunu deyirlər.
XS
SM
MD
LG