Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:40

«Hərdən Novellaya deyirəm ki, əgər hüquq müdafiəçisi olmasaydıq…»


Səidə Qocamanlı ilə söhbət, 28 oktyabr 2009
Səidə Qocamanlı ilə söhbət, 28 oktyabr 2009
Səidə Qocamanlı Bakıda anadan olub. 30 il paytaxtın 124 saylı ora məktəbində kimyadan dərs deyib. Ötən əsrin sonlarında Azərbaycanda başlayan xalq hərəkatının iştirakçısıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə insan hüquqlarının qorunmasında fəal iştirak edənlərdən biri sayılır. İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri, hüquq müdafiəçisidir.

- Səidə xanım, başqalarını günəşli havada evdən çıxartmaq mümkün olmadığı halda, sizi yağışlı gündə də axtarıb tapmaq mümkündür.

- Mən ümumiyyətlə yağışlı havanı daha çox sevirəm. Gəncliyimdən məndə var bu sevgi. Yağışlı havada, çətirin altında Bakının küçələrində gəzib dolaşmaq, özünlə qalmaq, daxili dünyana qapılmaq…Bu, mənə rahatlıq verir. Belə havada özümü daha da rahat hiss edirəm.

«MƏN ÖZÜM DAHA ÇOX BELƏ HALLARA MƏRUZ QALMIŞAM»

- Bəlkə bu havanı, bu yağışı sizə xatırladan başqa bir səbəb də var, əgər gənclikdən söhbət düşdüsə?

- Olub, əlbəttə olub. İnstitut illərində öz dostlarımla belə yağışlı havada qaçıb girmişik o zamankı Kommunist küçəsindəki kafeyə. Orada yağışın kəsməsini gözləyərək çörək yemişik, söhbətlər eləmişik. Bilirsiniz mənim gəncliyim çox böyük insani dəyərlərin mövcud olduğu bir zamana təsadüf edib. Dostluğa, sevgiyə, məhəbbətə başqa bir yanaşma var idi. Mən fəxr edirəm ki, o zamankı dostlarım indi də həyatımda mənimlə birgə addımlayırlar. Allah onların canını sağ eləsin və mənə də çox görməsin onları. Çünki bu zaman kəsiyində həmin o 40-45 ilin dostları ən etibarlı dostlar olduqlarını artıq göstəriblər. Ondan sonra gələnlər, gedənlər, bivəfalar, satanlar, arxa çevirənlər çox olub mənim həyatımda.

- Sizin özünüz necə, kiməsə arxa çevirdinizmi, kimisə satdığınız olubmu?

- Etiraf edim ki, mən özüm daha çox belə hallara məruz qalmışam. Mən horoskopla xərçəngəm. Xərçənglər isə etibarlı olur. Mən o etibarı həmişə saxlamışam. Mən məsələn, dostuma görə çox şeyləri qurban verə bilərəm.

- Bir yerə dəvət olunanda evdən tez çıxıb mümkün qədər piyada getməyiniz də var. Belə hallarda ev sizi çölə itələyir, ya daha çox çöl özünə çəkir?

- Bu, mənim əhvalımdan asılı olur. Məsələn, elə günlər olur ki, heç evdən çölə çıxmaq istəmirəm. Çalışıram kompyuterin arxasında işlərimi görüm, kitab oxuyum.

- Niyə məhz kompyuterin arxasında, bəlkə deyək ki, mətbəxdə iş görmək?


- Mətbəx mənim ən sevimli yerimdir. Mən orada həm kompyuterlə məşğul oluram, həm kitab oxuyuram, həm də xörək bişirirəm. Mən o biri otaqları o qədər də özümə rahat saymıram. Amma mətbəx, səhər ora girirəm və bütün işlərimlə orada məşğul oluram. Çünki ailə elə bir şeydir ki, evdə gərək hər gün hansısa bir xörək, hansısa taamlar hazırlansın. Özü də mənim evim çox qonaq-qaralı evdir. Hər gün kimsə gəlir.

«GÖR AZƏRBAYCANDA NƏLƏR EDƏRDİK»

- Yaxşı tort bişirməyiniz də var.

- Siz hardan bilirsiniz bunu? (Gülür –İ.R.) Hə, yaxşı tort bişirirəm və bu işi çox sevirəm. Mən uşaq olanda anam çox gözəl piroqlar, pirojnalar bişirirdi. Biz bayram günlərində səhər yuxudan qalxanda görürdük ki, otaq artıq bəzənib, masanın üzərindəki vazanın içinə həmin o cürbəcür gözəl taamlar yığılıb. O şirniyyatın, o bişmişin qoxusu, o ab-hava o qədər adamın canına hopurdu ki, mən onun aludəçisi olmuşdum. Ailə qurandan sonra artıq övladlarım üçün özüm həmin işləri görməyə başladım. Ən azı uşaqlar səhər məktəbə gedəndə orada yemək üçün çantalarına nə isə qoymalı idim. Beləcə başladım bişirməyə. İndi artıq mənim böyük bir dəftərim var. Və o dəftərdə çox gözəl tort reseptləri var. Qızım ailə qurub Azərbaycandan gedəndə həmin dəftərin bir surətini özü ilə aparıb.
Mənim əziz dostum Novella xanım da (Novella Cəfəroğlu - hüquq müdafiəçisi - İ.R.) çox gözəl yeməklər bişirir. Mən hərdən ona deyirəm ki, əgər biz hüquq müdafiəçisi olmasaydıq, kulinariya sahəsində böyük bir bomba partladardıq. Sən gözəl yeməklərinlə, mən də şirin taamlarla gör Azərbaycanda nələr edərdik.

«MƏN İŞDƏN ÇIXARTDILAR»

- 30 ilə qədər orta məktəbdə dərs demisiniz.

- Bəli. Elə bir gün olmur ki, nisgillə həmin günləri xatırlamayım və ora qayıtmaq, yenidən dərs demək arzusunda olmayım. Çünki ora mənim yerim idi.

- Bəs nə oldu, niyə çıxdınız məktəbdən?


- Mən çıxmadım, çıxartdılar. Siyasi baxışlarıma görə elə bir mühit yaratdılar ki, getməyə məcbur oldum. Amma sonradan keçmiş şagirdlərimin məni xoş xatirələrlə yad eləmələri, rastlaşanda bunu dilə gətirmələri göstərir ki, mən o ömrü elə-belə yaşamamışam.

- Bəs o ömrün içində ən kəskin təzyiq nə vaxt olub sizə?


- 1990-cı illərin əvvəllərində. Sovetlər dağılmışdı. Biz hamımız hərəkata qoşulmuşduq. 20 yanvar gecəsində yaralılara yardım eləmişik. Artıq o zamandan təzyiqlər başlamışdı. Mitinqlər keçirirdik. Biz o zaman Dubinyakın yanına da getmişdik (General Dubinyak 1990-cı il 20 yanvar hadisələri zamanı Bakının komendantı olub - İ.R.). Həmin görüşdə o bizim cavanlar haqqında çox təhqiramiz söz dedi. Mən də onun cavabını verdim. Dedim o dediyiniz siz özünüzsünüz. Sizi bura heç kim dəvət etməyib. Özünüz gəlmisiniz və bizi qırırsınız…

Buna da bax:

XS
SM
MD
LG