Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

«Neftlə çirklənmiş ərazilərin təmizlənməsinə ayrılan pullar mənimsənilib»


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı
Üç il əvvəl prezident İlham Əliyev Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planının təsdiq edilməsi barədə sərəncam verib. Bundan başqa, prezident 2010-cu ilin ətraf mühitin mühafizəsi ili élan edilməsi təşəbbüsü ilə də çıxış edib.

«XEYLİ İŞLƏR GÖRÜLÜB»

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) hesab edirlər ki, bu tədbirlər planıyla bağlı xeyli işlər görülüb. Nazirliyin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə deyir ki, planda daha çox diqqət neftlə çirklənmiş Abşeron yarmadasına yetirilib və xeyli də işlər görülüb. Şöbə müdiri ekoloji vəziyyətlə bağlı ölkədə görülən işləri və bu sahəyə ayrılan vəsaiti də yetərli sayır:

- Başqa tədbirlərdən fərqli olaraq bu işlər büdcə və daxili investisiyalar vasitəsilə həyata keçirilir.

«VƏSAİT MƏNİMSƏNİLİB»

Amma neftlə çirklənmiş ərazilərlə bağlı monitorinq aparan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı idda edir ki, bu işlər ayrılan pula uyğun keyfiyyətlə görülməyib. Onun sözlərinə görə, Bibiheybət ərazisində neftlə çirklənmiş ərazilərdə əkilən ağacların hamısı quruyub. Komitə rəhbəri bunu görülən işlərin keyfiyyətsizliyi və ayrılan pulların müəyyən hissəsinin mənimsənilməsilə izah edir:

- Bu işləri qeyri-mütəxəsislər aparıb, buna görə xeyli pullar silinib. İndi həmin torpaqda heç nə bitmir. Əkilən 30-40 ağacdan bir-ikisi tutub, ya tutmayıb. Kağız üzərində xeyli qanunlar, proqramlar qəbul edilir, amma yerinə yetirilmirsə, bunun heç bir mənası yoxdur.

M.Qəhrəmanlı hesab edir ki, neftlə çirklənmiş əraziləri təmizləmək istəyirlərsə, onda bütün avadanlıqlar yenilənməlidir.

ETSN-in Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə Bibiheybət ərazisində ağacların qurumasını görülən işin bir faizi hesab edir. O deyir ki, Abşeronda neftlə çirklənmiş 10 min hektardan çox ərazinin tam təmizlənməsinə bəlkə də ABŞ-ın 100 illik büdcəsi lazımdır.

«MƏN ÜMİD EDİRDİM Kİ, DAHA ÇOX İŞLƏR GÖRÜLƏCƏK»

Aparılan ekoloji tədbirlərdən Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova da razı deyil. Hərəkat rəhbərinə görə, ekoloji vəziyyət o vaxt yaxşılaşardı ki, məişət tullantılarının təkrar emalı üçün zavodlar tikilərdi, kiçik müəssisələrin ətrafa axıtdığı çirkab suların qarşısı alınardı:

- Mən ümid edirdim ki, daha çox işlər görüləcək. Məsələn, məişət tullantıları çeşid-çeşid yığılacaq, kənd təsərrüfatı istehsalı sahələrində təmiz istehsala keçiləcək. Amma heç bir yerdə bununla bağlı iş getmir. Təəssüflər olsun ki, biznes qurulub, amma ekoloji cəhətdən daha əlverişli texnologiyalardan istifadə olunmasıyla bağlı hər hansı bir iş görülməyib.

F.Hüseynova deyir ki, qanunvericilikdə də istehsal müəssisələrinə imtiyazlar verəcək hər hansı bir bənd yoxdur.

Hərəkət rəhbəri hesab edir ki, əlavə xərcə düşmək istəməyən istehsal müəssisələri ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün xərc çəkmək istəmirlər.

DEPUTAT: «ELƏ BİR CİDDİ İŞ GÖRÜLMƏYİB»

Milli Məclisin Təbii Ehtiyyatlar və Ekologiya Komitəsinin üzvü İkram İsrafilov da ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulan əsas işlərin görülmədiyini deyir. Onun sözlərinə görə, Sumqayıt şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən işlərin görülməsi nəzərdə tutulsa da, elə bir ciddi iş görülməyib.

ETSN-in şöbə müdiri Rasim Səttarzadə isə deyir ki, sovet dövründə Sumqayıt şəhərində olan çirklənmənin heç 10-dan biri qalmayıb. O bunu bir tərəfdən sovet dövründəki zavodların əksəriyyətinin fəaliyyətini dayandırılmasıyla, digər tərəfdən isə sonradan aparılan işlərlə əlaqələndirir. Deyir ki, yeni müəssisələr müasir texnoloji əsaslarla qurulub, keçmişdən qalan tullantıların hamısı təmizlənib:

- Sumqayıtın ətraf mühitinə ən çox təsir edən 300 min tona yaxın civə tərkibli toksik tullantılar son bir neçə ildə tamamilə yığılaraq təhlükəli tullantılar poliqonunda basdırılıb.

Amma deputat İkram İsrafilov Sumqayıtdan Xəzərə çirkli suların hələ də axıdıldığını deyir. Onun sözlərinə görə, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı müəyyən müsbət işlər başlanılsa da, bu, sona çatdırılmır. Deputat buna bəzi magistral yollar boyunca meşə zolaqlarının salınmasını missal çəkir.

Deyir ki, həmin yaşıllıqların salınması yaxşı olsa da, sonradan xeyli hissəsi baxımsızlıqdan üzundən quruyur ki, bu da görülən işin effektini heçə endirir.
Bu baxımdan da İkram İsrafilov Azərbaycanda ekoloji sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu bildirir. Qaldı ki, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına ayrılan vəsaitin yetərli olub-olmamasına, millət vəkili hesab edir ki, əsas məsələ ayrılan pulun öz ünvanına çatmasıdır. İ.İsrafil deyir ki, əgər ayrılan pullar mənimsənilməyib, tam sərf olunsaydı, ölkədə ekoloji baxımdan xeyli müsbət dəyişikliklər olar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG