Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:10

Azərbaycan rəsmilərinin «sirr mədəniyyəti»


Natali Leskott
Natali Leskott
Mərkəzi qərargahı Böyük Britaniyada yerləşən «Artikl 19» təşkilatı Azərbaycanda informasiya hüququnun təmin olunması ilə bağlı araşdırmalar üzrə hesabat açıqlayıb. «Artikl 19»un proqram rəhbəri Natali Leskott deyir ki, araşdırmalar Azərbaycanda hüquqi baza olmasına baxmayaraq, vətəndaşların informasiya almaq azadlıqlarının yetərincə məhdud olduğunu üzə çıxarıb:

QANUN İCRA OLUNMUR

- Araşdırmalar göstərir ki, qanunvericilikdə ciddi problem yoxdur. Əksinə qanun dövlət orqanlarının üzərinə vətəndaşların onlara ünvanlanan sorğularına cavab vermək məsuliyyəti qoyur. Ancaq praktika bunu göstərir ki, vətəndaşlar dövlət orqanlarından çox az hallarda sorğularına cavab ala bilirlər. Monitorinq dövründə dövlət orqanlarına ünvanladığımız çoxsaylı şikayətlərdən yalnız 1-nə cavab aldıq. Novxanı bələdiyyəsinə göndərilən sənədə yazılı olmasa da şifahi cavab verildi. Çox təəssüf ki, vətəndaşlar sorğularına cavab almayaraq məhkəmələrə üz tutmağa məcbur olurlar. Ancaq bu yol da effektli deyil. Belə demək mümkünsə, Azərbaycanın rəsmi qurumlarında «sirr mədəniyyəti» formalaşıb.

MEDİA OMBUDSMANI NİYƏ YOXDUR?

Natali Leskott deyir ki, məsələ ilə bağlı ən problemli məqam qanunun tələbinə baxmayaraq, hələ də ölkədə media üzrə müvəkkilin - ombudsmanın təyin olunmamasıdır. ABŞ-ın IREX təşkilatının eksperti Ələsgər Məmmədli də bu fikirləri bölüşür:

- Qanun qüvvəyə mindikdən 6 ay sonra dövlət başçısı media ombudsmanı təyin etməliydi. Belə çıxır ki, indi prezident özü imzaladığı qanunu pozub. Azərbaycanda Ombudsman Aparatı o qədər də effektli işləmir. İnanmaq çətindir ki, media ombudsmanı təyin olunan kimi çoxsaylı problemlər ard-arda çözüləcək. Ancaq bütün hallarda bu olmalıdır. Hətta ombudsman görməli olduğu işlərin 20 faizini görsə, bu, artıq nəticə deməkdir.

PORNOLARA XƏRCLƏNƏN PULLAR BÜDCƏYƏ QAYITDI

Media Müxtəlifliyi İnstitutunun təmsilçisi Nik Hagent isə media ombudsmanı ilə bağlı Britaniya təcrübəsini bölüşüb. Onun sözlərinə görə, Birləşmiş Krallıqda da insanların informasiya almaları bəzən çətinləşir. Ancaq media ombudsmanı institutu xeyli problemi çözə bilir:

- Britaniyada vətəndaşlar dövlət büdcəsi vəsaitlərinin xərclənməsi ilə bağlı sorğular vermişdi. Sorğularda bəlli olmuşdu ki, büdcə vəsaitlərinin bir hissəsi pornofilmlərin alınması və daha bir neçə önəmsiz məsələyə xərclənib. Vətəndaşlar bu informasiyaları çox çətinliklə əldə edə bildilər. Ancaq bu məsələdə vətəndaşlara media ombudsmanı olduqca ciddi yardım göstərdi. Sonda isə büdcə vəsaitlərini belə önəmsiz məsələlərə sərf eləyən bir nazir işdən çıxarıldı, bu sənədə səs verən Britaniya parlamenti üzvləri isə həmin vəsaiti büdcəyə qaytarmalı oldular.

Rəşid Hacılı
Nik Hagent Azərbaycanın media təmsilçilərinə informasiya əldə etmək üzrə bütün imkanlardan, o cümlədən beynəlxalq məhkəmələrə müraciət etmək hüququndan yararlanmağı məsləhət gördü.

AZƏRBAYCANDA REYESTR YOXDUR

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı da o fikirdədir ki, Azərbaycanda «İnformasiya əldə etmək haqqında» qanun tələbləri ən çox pozulan sənədlər sırasındadır:

- Burada ən böyük problem həm də odur ki, Azərbaycanda sənədlərin normal uçotu yoxdur. Nazirliklərdən hər hansı informasiyanı tələb edəndə bu işə məsul şəxslər bilmirlər ki, o sənədi hardan tapa bilərlər. Qanun sənədlərin aydın, dəqiq reyestrinin olmasını tələb edir. Qanuna görə, bunun həm də elektron variantı olmalıdır. Ancaq aparılan araşdırmalar göstərir ki, rəsmi qurumların İnternet saytlarında tələb olunan informasiyanın yalnız 20 faizi yerləşdirilib. Baxmayaraq ki, Azərbaycanda yalnız «İnformasiya əldə etmək haqqında» qanun 1 il ərzində nazirliklərin saytlarının bütünlüklə yeniləşdirilməsini və orada bütün informasiyaların yerləşdirilməsini tələb edir.

QANUNUN GƏRƏKSİZ HİSSƏSİ

«Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov isə düşünür ki, media ombudsmanı qanunun tələbi olsa da, bu o qədər də vacib deyil:

- Bu institutun funksiyalarını vətəndaşlar üçün insan haqları müvəkkili, media nümayəndələri üçün Mətbuat Şurası həyata keçirir. İndi yeni bir institut yaradıb funksiyalarda qarışıqlıq yaratmağa heç bir ehtiyac yoxdur.
XS
SM
MD
LG