Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Rəsmi saytları təzələyən varmı?..


Prezident saytı
Prezident saytı
Artıq onlarla dövlət qurumunun veb-saytı var. www.state.gov.az ünvanında əksər dövlət qurumlarının saytını tapmaq olar. Amma bu saytlar məlumatlarla nə qədər zəngindir, bunu sayt ziyarətçiləri bilər. Biz isə bir neçə saatlıq müşahidəmizi bölüşək.

PREZİDENT SON DƏFƏ ÖTƏN İLİN AVQUSTDA DANIŞIB?

İlk ziyarətimiz prezidentin saytınadır. Son məlumat dövlət başçısı İlham Əliyevin Rumıniyaya axırıncı səfəriylə bağlıdır. «Prirotetlər» bölümündəki ayrı-ayrı sahələri əhatə edən keçidlərdə isə İlham Əliyevin çıxışları verilib. Amma ən yeni çıxış 2008-ci ilin avqust ayında yenilənib. Belə bir təəssürat yaranır ki, ya prezident bundan sonra heç bir yerdə çıxış etməyib, ya da növbəti çıxışları təkrar olduğu üçün sayta məsuliyyət daşıyanlar bu çıxışları yeniləməyə ehtiyac görməyiblər.

Tez-tez hansısa müğənninin, deputatın prezidentin onlara ev verməsiylə bağlı açıqlamasını oxuyuruq, amma bununla bağlı prezident sərəncamlarına bu saytda rast gəlmək olmur.

NAZİRLİKLƏR MALİYYƏ XƏBƏRLƏRİNİ SEVMİRLƏR

Nazirlər Kabinetinin saytındakı məlumatlar o qədər kasıbdır ki, çətin hansısa tədqiqatçının və ya hökumətin işiylə maraqlanan hansısa vətəndaşı qane edə.

Səhiyyə Nazirliyində son məlumat elə bu gün yenilənib, burda pulsuz dərmanların siyahısından tutmuş boş iş yerlərinə qədər məlumat tapmaq olar. Amma məsələn, səhiyyə sahəsinə dövlət büdcəsindən nə qədər vəsait ayrıldığı və bu vəsaitin təyinatları, o cümlədən investisiya xərcləri barədə məlumatlar yoxdur.

Eyni sözləri Təhsil Nazirliyinin də saytı haqqında demək olar. Düzdür, ötən illərdə nazirlik tikdiyi məktəblərin siyahısını və onların neçə başa gəlməsini əks etdirən cədvəllər yerləşdirmişdi. Amma İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi bu rəqəmləri saf-çürük edəndən sonra məktəb tikintisində şəffaflıq sualı xeyli media araşdırmalarına səbəb oldu. Nəticədə artıq nazirliyin harda, neçəyə məktəb tikməsindən xəbərsiz qalmalı olduq. Çünki saytdan bu məlumatlar yığışdırıldı və deyəsən, bu tipli informasiyaların cəmiyyətə açıqlanması məsləhət bilinmədi.

AVTOMATLAŞDIRILMIŞ SAYT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı isə bir ildir ki, bağlıdır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərlinin sözlərinə görə, sayta giriş bu ilin sonuna qədər də bağlı olacaq. Çünki sayt yenidən qurulur, daha doğrusu, avtomatlaşdırılır. Elnur Kələntərli yeni saytın elektron xidmətlə zəngin olacağını deyir.

Lent.az portalının müxbiri Elxan Salahlı deyir ki, o, heç də hər dəfə lazım olan məlumatları dövlət qurumlarının saytlarından ala bilir:

«İstifadə edirk, amma bir çox məlumatı tapmırıq. Bəzən o qədər də ictimai əhəmiyyətli məlumatlar olmur. Hətta bəzən xəbəri bir neçə gün sonra qoyurlar».

«Yeni Müsavat» qəzetinin kriminal xəbərlər üzrə müxbiri Elşən Balaxanlı isə güc strukturlarının operativliyindən narazıdır.

Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin internet saytında isə sonuncu məlumat bu il iyulun 9-da yerləşdirilib: «Nadir hallarda kömək olur. Məsələn, hadisə olur, bir məlumat alırıq, işləyirik. Sonra baxırıq rəsmi saytın məlumatına. Görürük ki, bizim bildiyimiz məlumatlar heç orda öz əksini tapmayıb».

SAYTDA AFİŞASIZ TEATR

Əgər paytaxt teatrlarında bu gün hansı tamaşanın olacağını öyrənmək ümidiylə kimsə Mədəniyyət və Turizm Nazirliyinin saytındakı afişa bölümünə baxsa, əliboş qalar. Çünki bu bölümdə tamaşa salonlarına aid müxtəlif keçidlər olsa da, burda heç bir məlumat yoxdur.

HƏR KƏSİN ÖZ MƏKANI

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi Rüfət Gülməmmədov deyir ki, hər bir nazirlik öz saytında məlumatları yeniləməyə özü cavabdehdir:

«İnformasiya əldə etmək haqqında olan qanuna görə hər bir qurumun saytı olmalıdır. Burda da dövlət qurumunun 95 faizini saytı var. Orda indi məlumatlar nə dərəcə yerləşdirilir və ya yenilənir, buna da qurum özü cavabdehdir. Konkret nəzarət yoxdur».

Rəsmi saytların monitorinqinin artıq yekunlaşdırdıqlarını deyən «Multimedia» Mərkəzinin rəhbəri Osman Gündüz isə deyir ki, vəziyyət əvvəlki illərə nisbətən yaxşılaşıb:

«Yəni 3 il qabaq informasiya açıqlığı göstəricisi 17 faiz olmuşdusa, ötən il bu 27 faiz oldu. Bu ilki biz ümumiləşdirməmişik, amma deyim ki, əvvəlkindən bir az yaxşıdı. Dövlət qurumları iformasiyaları yerləşdirməyə cəhd edirlər».

Osman Gündüzün sözlərinə görə, 32 adda informasiya var ki, rəsmi sayt bunu əhatə eləməlidir. Amma ən yaxşı halda təxminən 15-17 adda informasiya yerləşdirən sayta rast gəlmək olar ki, onların da sayı 2-3-dən çox deyil.
XS
SM
MD
LG