Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:41

Polis = (pensiyaçı + həkim + ...)


2010-cu ilin dövlət büdcəsindən hüquq-mühafizə orqanlarına 625 milyon manat ayrılıb
2010-cu ilin dövlət büdcəsindən hüquq-mühafizə orqanlarına 625 milyon manat ayrılıb
Gələn ilin büdcəsində sosial xərclər azalsa da, hökumət polis orqanlarına ayırdığı pulda əlini qısmayıb.

2010-cu ilin dövlət büdcəsindən hüquq-mühafizə orqanlarına, sosial müdafiə xərclərinə ayrılan puldan təqribən iki dəfə yarım çox, bütövlükdə səhiyyənin büdcəsindən isə 200 milyon manata qədər artıq vəsait ayırılıb-təqribən 625 milyon manat.

Bu pul daha çox Daxili İşlər Nazirliyi, Gömrük Komitəsi və Ədliyyə Nazirliyinin saxlanması üçündür.

HALBUKİ, POLİS ORQANLARI HƏLƏ BU İLİN PULUNU XƏRCLƏYİB QURTARMAYIB


Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Zöhrab İsmayıl deyir ki, hüquq –mühafizə orqanlarına bu qədər vəsait ayırmağa ehtiyac yox idi, bu sahə hələ 2009-cu ildə ona ayrılan pulu xərcləyib qurtara bilməyib:

«2009-cu ildə hüquq-mühafizə orqanlarına ayrılan büdcə tam icra olunmayıb. Bunu nəzərdə alanda, başqa xərclərlə müqayisədə bu sahəyə ayrılan vəsaitdə kəskin artım var».

BÜDCƏNİN ƏZİZ-XƏLƏFİ?

Zöhrab İsmayıl
Büdcə layihəsini təhlil edən ekspertlər deyirlər ki, bir neçə ildir ki, bu tendensiya davam edir, hüquq-mühafizə orqanları yeganə sahədir ki, büdcəsi hər il artır.

Halbuki, gələn il üçün təhsil və səhiyyə xərcləri orta hesabla 5 faiz azalıb.

Bəzi müstəqil ekspertlər deyirlər ki, bu, siyasi səbəblə bağlıdır, iqtidar hakimiyyətdə qalmaq üçün güc strukturlarından istifadə edir.

POLİSƏ 500 MANAT, MÜƏLLİMƏ 150...


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda Çevik Polis Alayının orta hesabla 10 il iş stajı olan polis çavuşu orta hesabla ayda 500 manat maaş alır.

Təqribən elə bu qədər stajı olan bir stavkalıq dərs deyən orta məktəb müəlliminin maaşı isə 150 manat civarındadır.

MÜƏLLİM TOYA GEDƏ BİLMİR

Ana dili və ədəbiyyat müəlliməsi Arzu Hüseynova hökumətin büdcə pulunu belə bölməyindən narazı qalıb:

«Müəllim yaşamır, sürünür, pulu ancaq bir-iki ərzağa çatır, bir də coraba-filana. Bir-iki toya çağıranda heç ona da çatmır».

«HAKİMİYYƏT GƏLƏN İLKİ SEÇKİYƏ HAZIRLIQ GÖRÜR»

Ərəstun Oruclu
Politoloq Ərəstun Oruclu deyir ki, hökumətin hüquq-mühafizə orqanlarına bu qədər vəsaitin ayırması siyasi səbəblə bağlıdır:

«Bu hakimiyyət müəlliminə, həkiminə, sıradan vətəndaşına güvənmir, ancaq özünün polisinə güvənir. Gələn il də parlament seçkisidir, hakimiyyət güc vasitələrini bir az da gücləndirməkdə maraqlıdır».

YAP ÜZVÜ: «POLİS ƏLƏBAXAN OLMAMALIDIR»

Gələn ilin büdcəsini hökumət tərtib edib, prezident də təsdiqləyib parlamentə göndərib, hələ ki, Milli Məclisdə müzakirəyə qoyulmayıb. Parlamentin İqtisadi Siyasət Komitəsinin hakim Yeni Azərbaycan Partiyasından olan üzvü Nazim Məmmədov bu fikirlə qəti razılaşmır ki, onun partiyası polisdən hakimiyyətdə qalmaq üçün istifadə edir:

«Büdcədən maliyyələşən bu təbəqənin maaşını ona görə artırmaq lazımdır ki, onlar iqtisadi cəhətdən müstəqil olsunlar və adamların əlinə baxmasınlar. «Avtoritar rejim»ə meyllilik fikri məncə, gülüncdür».

Bununla belə, Nazim Məmmədov əlavə edir ki, güc strukturlarının fəaliyyəti üzərində ictimai nəzarət təmin olunmalıdır. Maaşların arasında fərqə gəlincə, deputat bildirir ki, təhsil

sahəsində islahatlar başa çatandan və bu sektora ayrılan büdcə pullarının ünvanlılığı təmin ediləndən sonra təhsil işçilərinin də əmək haqları arzuolunan səviyyəyə çatdırılacaq.


BƏS DÜNYA POLİSİ?

Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Zöhrab İsmayıl deyir ki, dünya təcrübəsində hökumət büdcədən maaş alanların arasında sosial ədaləti təmin etməyə çalışır, məmur maaşlarının məbləği bir-birinə uyğunlaşdırılır, fərq belə kəskin olmur.
XS
SM
MD
LG