Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:06

A.Abdulla nazirlər və seçki komissiyası rəhbərinin istefasını tələb edir


Əfqanıstanın indiki prezidentinin əsas rəqibi olan Abdulla Abdulla przident seçkisinin ikinci turunun keçirilməsi üçün ölkədə seçki komissiyasının bir neçə rəhbərinin işdən kənarlaşdırılmasını tələb edib. O, bu gün keçirdiyi mətbuat konfransında deyib ki, yalnız həmin adamların prosesdən uzaqlaşdırılması ilə noyabrın 7-ə təyin olunmuş seçki üçün minimum şərait yaranacaq.

Abdulla Abdulla xüsusilə də Müstəqil Seçki Komissiyasının rəhbəri Əziziullah Lodinə etibar olmadığını, onun mümkün qədər tez başqa biri ilə əvəzlənməsini tələb edib. Prezidentliyə namizəd Lodinin indiki prezidentin keçmiş müşaviri olduğunu, indiki komissiya üzvlərinin çoxunu da prezident Karzayinin təyin etdiyini deyib.

Abdulla Abdulla daxili işlər, təhsil və din işləri nazirlərinin də vəzifələrindən azad edilməsini tələb edir. O, həmin nazirləri dövlət aparatından və pulundan Karzayinin seçilməsi üçün istifadə etməkdə günahlandırıb.

Hazırkı prezident Həmid Karzay rəqibinin tələblərini rədd edib. Prezidentin ofisindən yayılan yazılı cavabda Abdulla Abdullanın ittiham etdiyi nazirlərin və seçki rəsmilərinin heç birinin qanunsuz iş görmədikləri qedy edilib.

BMT-nin rəhbərliyində xüsusi komissiya avqustun 20-də keçirilmiş prezident seçkisinin nəticələrinin yenidən sayılmasından sonra Əfqanıstanda birinci turda namizədlərdən heç birinin qalib gəlmədiyi qənaətinə gələrək noyabrın 7-ə ikinci tur təyin edib.
XS
SM
MD
LG