Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:54

Novruzəli Məmmədovun ailəsinin iddiasına baxılıb


Oktyabrın 21-də Nəsimi rayon məhkəməsində Məryəm Məmmədova və Emil Məmmədovun «Tolişi – Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü ilə bağlı Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə çıxış edən cavabdeh 15 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Malik Şirməmmədov bildirib ki, Novruzəli Məmmədovun istər cəzaçəkmə müəssisəsində, istərsə də cərimə təcridxanasında saxlanma şəraitinin pis olması ilə bağlı səslənən fikirlərlə razı deyil. O, həmçinin qeyd edib ki, N. Məmmədov cərimə təcridxanasına salınma ilə bağlı qərarla razı olduğunu yazılı formada bildirib.

İddiaçıların vəkili Ramiz Məmmədov isə bildirib ki, cərimə təcridxanasında N. Məmmədovun eynəyi əlindən alınıb və qərarla razı olduğu ilə bağlı sənədə aldadılaraq qol çəkdirilib: «Novruzəli Məmmədova bildiriblər ki, bu, isti paltarla təmin olunmaq üçün rəisin adına yazılmış ərizədir. Novruzəli Məmmədov yalnız bundan sonra həmin ərizəni imzalayıb».

Növbəti proses 22 oktyabr saat 15:30-a təyin edilib.

«Tolışi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib.

N. Məmmədov 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG