Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:48

Şəmkirdə hasar davası


Fermerlər hərbi şəhərciyə bitişik ərazidə ferma saxlayırlar

«Əgər davamlı yağışlar olsa, hasarın dibinə yığılan su rayonu basa bilər».

Bunu şəmkirli fermer İbrahim İbrahimov deyir. Hasarı isə əsgərlər çəkib. İ.İbrahimov bildirir ki, Şəmkirdə, Ağdağın dibində, «Mərkəzi Kolxoz» bazarının üstündə onların bazaları var.

HASAR FERMERLƏRƏ PROBLEM YARADIR


Rayondakı «N» saylı hərbi hissənin korpusu bazanın təxminən 1 kilometrliyində yerləşir. Amma hərbi hissənin rəhbərliyi onların ərazisinin yanından hasar çəkib, bu da fermerlərə problem yaradıb:

- Fermamız, texnikamız var. Hasar isə elə çəkilib ki, biz bazadan istifadə edə bilmirik. Əgər yağışlar olsa, bizim ferma, texnika su altında qalacaq. Hələ üstəlik, sel rayonu da basa bilər.

İ.İbrahimov deyir ki, hərbi hissə icarəyə götürülmüş ərazidən qeyri-qanuni hasar çəkib:

- Bura həm də adamların gediş-gəliş yoludur. Biz əvvəllər dəfələrlə hərbi hissə rəhbərliyinə demişik ki, qonşuluq hasarı çəkək, heç kəsə mane olmasın, lap biz də kömək edək.

«MALIN İYİNDƏN ORDA DAYANMAQ OLMUR»

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə deyir ki, fermerlər hərbi şəhərciyə bitişik ərazidə ferma saxlayırlar:

- Malın iyindən orda dayanmaq olmur. Əksinə, hərbi hissə onlardan şikayətçi olmalıdır, nəinki onlar.

- Fermerlər hərbi hissənin ərazisindəmi ferma saxlayırlar?

- Xeyr, şəhərciyin o biri tərəfində. Hərbi hissənin içində necə ferma saxlaya bilərlər?

- Amma rayon yerində mal-qara saxlanması təbiidir.

- Fermerlər 15-dən çox quruma şikayət eləyiblər. Bizim də nəzarətdədir. Yəqin ki, əlaqədar orqanlar məsələnin müsbət həll olunması üçün tədbirlər görəcək.

HÜQUQŞÜNAS RƏYİ

Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, əgər hərbi hissə başqasının ərazisinə giribsə, bunun üçün məsuliyyət daşıyır:

- Əgər hərbi obyekt tikmək üçün ehtiyac var idisə, qanuna müvafiq şəkildə dövlət ehtiyacları üçün torpağın alınması üçün vəsatət qaldırılmalıydı.

Yeri gəlmişkən, Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə də deyir ki, əgər fermerlərlə hərbi hissə arasında narazılıq yaranıbsa, onlar problemi məhkəmədə həll eləyə bilərlər:

- Hasarın sökülməsiylə bağlı məhkəməyə müraciət eləyə bilərlər. Amma məhkəmə nə qərar verəcək, bu, sonranın söhbətidir.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.
XS
SM
MD
LG