«Biz Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda keçirdikləri son görüşü konstruktiv adlandıra bilmərik. Ermənistan tərəfi birdən-birə hələ iki-üç il əvvəl razılaşdırılmış məsələləri müzakirə etməyə başlayıb». Bunu «Trend News»a Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. «Biz başa düşürük, qayda var ki, hər şey razılaşdırılmamış, heç nə razılaşdırılmayıb. Amma geri qayıdıb ən azı iki-üç il əvvəl razılaşdırılmış məsələləri yenidən müzakirə etməklə irəliləmək olmaz. Əlbəttə, bu da məyusluq yaradır». Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan oktyabrın 9-da Kişinyovda görüşüblər. Bu, dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli edilməsi üzrə sayca yeddinci görüşü olub. E.Məmmədyarov hesab edir ki, Ermənistan tərəfinin bu addımı Türkiyə-Ermənistan yaxınlaşması ilə əlaqədardır: «Yəqin Ermənistan tərəfi belə hesab edir ki, əgər onlarda bu istiqamətdə proses gedirsə, onda başqa prosesləri dondurmaq lazımdır». E.Məmmədyarov deyir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın sonu-noyabrın əvvəllərində regiona gəlməlidirlər: «Onlar Kişinyovda eşitdiklərini başa düşməli və tədqiq edilən obyektiv dinamikanı necə dəstəkləmək barədə düşünməlidirlər. Ən əsası isə Ermənistana artıq qəbul olunmuş məsələləri yenidən qaldırmamağı başa salmaq üçün düzgün arqumentlər tapmalıdırlar. Əks halda bu, sonsuz bir proses olacaq». |
Buna da bax:
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.
Azadlıq Trend
1