Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:14

Xankəndində Azərbaycan dilində radio


Stansiyanın işçiləri Qarabağ münaqişəsindən əvvəl və münaqişə dövrü Azərbaycandan gələnlərdən ibarətdir

15 il ərzində Dağlıq Qarabağın cəbhə xətti boyunca azərbaycanlılar və ermənilər bir-birlərinə inamsızlıqla baxıblar. Amma ermənilərdən ibarət kiçik bir qrup bu vəziyyəti dəyişməyə çalışır.

Böyük Britaniyanın «Müharibə və Sülh İcmalları İnstitutu» (IWPR) yazır ki, 1997-ci ildən bəri Xankəndində Azərbaycan dilində « Ədalətin Səsi» adlı radio fəaliyyət göstərir. Azərbaycanlılara düşündüklərini çatdırmağı nəzərdə tutan bu radio həftədə 4 dəfə, yarım saat olmaqla yayımlanır.

Bununla belə, radionun təsirinin az olduğu deyilir. Bakıdakı məmurlar radionun sadəcə təbliğat apardığını, IWPR -ın dindirdiyi qaçqınlar isə radionu dinləməyəcəklərini və onun reportajlarının obyektiv olmadığını deyirlər.

«AZƏRBAYCAN DİLİ ÇOX GÖZƏLDİR»

«Biz sadəcə azərbaycanlılara göstərməyə çalışırıq ki, yeni müharibə insanlara ancaq ziyan verə bilər. Baxmayaraq ki, Azərbaycanın bugünkü siyasəti münaqişənin həllinin qarşısını alır, biz inanırıq ki, son söz bizim xalqların olacaq», - deyə radiostansiyanın direktoru Mikael Hacıyan deyir.

Hacıyan dilçidir, Bakıda təhsil alıb və Azərbaycan dilində təmiz danışır:

«Azərbaycan dili çox gözəldir, özünəməxsus bir sıra xüsusiyyətləri var və bu, erməni dilinə bənzəyir».

Stansiyanın işçiləri Qarabağ münaqişəsindən əvvəl və münaqişə dövrü Azərbaycandan gələnlərdən ibarətdir. Onlar hər gün xəbər hazırlayır və onları yeniləməyə çalışırlar.

«XALQI HEÇ VAXT…»


İWPR qeyd edir ki, bir dəfə AzadlıqRadiosunun efirində azərbaycanlı uşaq Qarabağdakı həmyaşıdlarının da müharibə əleyhinə danışmasını istəyib. Hacıyan deyir ki, radioları dərhal bu çağırışa reaksiya verərək, Qarabağdakı uşaqlardan verilişlər hazırlayıblar, uşaqlar müharibənin mənfi tərəfləri barədə təcrübələrini bölüşüblər:

«Azərbaycanlılar haqda heç vaxt pis söz eşidə bilməzsiniz.
Xankəndi, 2008-ci il
Biz bəzən prezident Əliyevi və hazırkı hökuməti tənqid edirik, lakin xalqı heç vaxt. Əgər jurnalist mənfi xarakterli material hazırlayıbsa, onun dərhal silindiyinə əmin oluram və bununla fəxr edirəm».

Bu stansiya Sovet İttifaqı dağılandan sonra diplomatik əlaqəsi olmayan 2 ölkə arasında mövcud olan nadir bağlardandır. Dağlıq Qarabağa nəzarət uğrunda mübarizə hətta kommunist rejimi devrilməzdən əvvəl başlayıb.

Cəbhə xətti boyunca baş verən atışma isə yerli sakinlərin həyatı üçün təhlükəli olmaqda davam edir. 1994-cü ildə atəşkəs əldə ediləndən bəri Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə davam edən sülh prosesində bir o qədər də irəliləyiş olmayıb. Minlərlə qaçqın hələ də acınacaqlı vəziyyətdədir.

«ONLAR AZƏRBAYCAN ƏLEYHİNƏ SEPARATÇI İDEYALARI TƏBLİĞ EDİRLƏR»

Stansiyanın ötürücüləri o qədər güclü deyil ki, onu Bakıda da eşitmək mümkün olsun. Ancaq Bakıdakı məmurlar bu məsələyə Ermənistanın təbliğat mənbəyi kimi ciddi baxırlar.

Azərbaycanın Milli Televiziya və Radio Şurası sədrinin köməkçisi Toğrul Məmmədov deyib ki, «Ədalətin Səsi» tək deyil. İrandan yayımlanan radiolar da var, onlar Azərbaycan əleyhinə separatçı ideyaları təbliğ edirlər».

MTRŞ rəsmisi prezident İlham Əliyevin Azərbaycanın televiziya və radio efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi haqda fərman imzaladığını da xatırladıb.

Stansiyanın verilişləri məmurlara yönəlməsə də, IWPR-ın jurnalistləri ölkənin qərbində yaşayan qaçqınlarla əlaqə yaradaraq, ermənilərin yayımladığı bu verilişi dinləyib-dinləmədiklərini öyrənmək istəyiblər.

İki qaçqın indiyə kimi «Ədalətin Səsi»ni eşitmədiyini, biri isə radionun onu cəlb etmədiyini bildirib:

«Bir neçə il əvvəl «Ədalətin Səsi» radiosunun xəbərini dinləmişəm. Mən radionun məzmunun bəyənmədim, onların sözlərindən elə çıxırdı ki, azərbaycanlılar Qarabağın tarixini saxtalaşdırırlar», - deyə Şuşadan olan qaçqın, jurnalist Kərim Kərimli deyib:

«Ondan sonra bir daha dinləmədim».
XS
SM
MD
LG