Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:35

Sahibkarın müəmmalı ölümü


Yerli qəzetlər Qaşqay Həsənovun cibindən məktub çıxdığını yazırlar
Yerli qəzetlər Qaşqay Həsənovun cibindən məktub çıxdığını yazırlar
«Bu qədər tikintilər gedir, kim tikir - hamısı öz adamları, öz ətraflarıdır. Təhsil Nazirliyi, Qaçqınkom ev tikir - hamısı öz adamlarıdır. Məndə olan texnika bəlkə də ev tikənlərin heç birində yoxdur. Sənədləri qaldırıb baxılsın, hansı fəhlə tikib o evləri, həmin təşkilatlar bir müdir, bir də mühasibdən ibarətdir».

Bu, oktyabrın 14-də iş otağında müəmmalı şəkildə intihar edən «Oray» MMC-nin rəhbəri Qaşqay Həsənovun hələ 9 ay əvvəl AzadlıqRadiosunda etdiyi çıxışındandır. O həmin vaxt gileylənirdi ki, xeyli texnikası və tikinti aparmaq gücü olsa da, iştirak etdiyi tenderlərin heç birində qalib ola bilmir.

HÜQUQ-MÜHAFİZƏ ORQANLARI HEÇ KİMİ HADİSƏ YERİNƏ BURAXMAYIBLAR


Sahibkarı ötən gün dəfn ediblər. Biz onun yas mərasimində iştirak edib yaxınları ilə hadisənin hansı səbəbdən baş verdiyini aydınlaşdırmağa çalışdıq. Amma bu barədə danışan olmadı.

Sahibkarın yaxınlarından biri məlumatların təhrif oluna biləcəyini, birtərəfli yazılacağını əsas gətirərək heç bir şey danışmaq istəmədiyi bildirdi. Yerli qəzetlərsə Qaşqay Həsənovun cibindən məktub çıxdığını yazırlar. Hətta həmin məktubda sahibkarın ondan hansısa məmurun rüşvət istədiyi barədə məlumatların olduğu da bildirilir. Amma yaxınları bu məsələlərdən xəbərsiz olduqlarını deyirlər.

Yaxınlarından birinin bizə dediyinə görə, hüquq-mühafizə orqanları heç kimi hadisə yerinə buraxmayıblar.
Sahibkar Eldar Qəhrəmanov. O, rüşvət istənilməsinə etiraz olaraq iyulda özünü yandırmışdı
Bəzi iddialar da səslənir ki, həmin sahibkarın kredit formasında banklara 270 min manat borcu var imiş və intiharın bir səbəbi də bununla bağlı ola bilər.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, nə qədər də inkar olunsa, Azərbaycanda iqtisadi böhranın nəticələri özünü biruzə verməkdədir:

- Yəqin həmin sahibkar biznes-plan qurubmuş və hesab edirmiş ki, tikintiylə bağlı tenderlərdə qalib gəlib həmin kreditləri qaytara biləcək. Amma məni maraqlandıran odur ki, məgər Qaşqay Həsənov tenderlə bağlı yazılan qanunlardan başqa, həm də yazılmayan qanunların olduğunu bilmirdi ki?

MÜSTƏNTİQ SUSUR

Binəqədi rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırmalar davam edir. İşi aparan müstəntiq Elşən Məmmədov hadisə ilə bağlı bəzi adamların dindirilməkdə olduğunu bildirib, əlavə məlumat vermədi.

Respublika Prokurorluğundan isə hadisə ilə bağlı yaxın günlərdə məlumat verəcəklərinin dedilər.

QARA ƏNƏNƏ

Bu, Azərbaycanda ilk sahibkar intiharı deyil. Son üç ayda daha üç sahibkar intihara cəhd edib. Onlardan biri Kənan Nağıyev metronun «Gənclik» stansiyası yaxınlığında «Vinçester» silahı ilə özünə atəş açıb. Onun ürəyinə tuşladığı güllə yan keçib və sahibkar döş qəfəsinin aşağısından yaralanıb.

Qohumlarının AzadlıqRadiosuna dediyinə görə, Nağıyevin özünü öldürmək istəməsi külli miqdarda borcu ilə bağlı olub. Bundan başqa, daha iki sahibkar rüşvət istənildiyinə və malik olduğu obyekt heç bir kompensasiya verilmədən söküldüyünə görə özünü yandırıb. Hər iki sahibkar ağır yanıq alıb və uzun müddət xəstəxanada müalicə olunublar.

Göyçay rayonunda isə sahibkar Çingiz Mayılov həbs edilib.

Ç.Mayılov həbsindən əvvəl rayon polisinin hər ay ondan külli miqdarda pul tələb etdiyi barədə məlumat yayıb. Onun Bakıda aksiya keçirən yaxınlarının dediyinə görə, elə sahibkarı istənilən rüşvəti vermədiyinə və bu barədə hər yerə məlumat yaydığına görə həbs ediblər. Hüquq-mühafizə orqanları isə Mayılovun polisə müqavimət göstərdiyinə görə həbs edildiyini bildirmişdi. Ç.Mayılov bir müddət həbsdə saxlanılandan sonra sərbəst buraxılıb.
XS
SM
MD
LG