Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

Yeraltı keçid diplomatiyası


İlham Əliyevin andiçmə mərasimi, 24 oktyabr 2008
İlham Əliyevin andiçmə mərasimi, 24 oktyabr 2008
AZƏRBAYCAN MODERNLƏŞMƏK YERİNƏ AVTORİTARLAŞIB

Son bir ildə Güney Qafqaz regionunda baş verən adi olmayan situasiya – Rusiya-Gürcüstan münasibətlərindəki gərginlik, Ermənistan-Türkiyə yaxınlaşması prezidentdən çox ciddi səylər və ölkənin xeyrinə işləyən siyasi iradə tələb edir.

Bu fikirləri politoloq Zəfər Quliyev deyir. Onun sözlərinə görə, bunun üçün ən başlıca şərt İlham Əliyevin prezident seçilərkən açıqladığı platformanın dəqiqlə yerinə yetrilməsidir:

Zəfər Quliyev
- Sənəddə açıq mətnlə yazılıb ki, ikinci prezidentlik dönəmi Azərbaycanın modernləşməsi və demokratikləşməsi dönəmi olacaq, Azərbayan Avropaya inteqrasiya proseslərini sürətləndirəcək. Ancaq ötən bir ildə bu hiss edilmədi. Əksinə, azad sözə qarşı basqılar, böyük populyarlıq qazanan xarici radiostansiyaların tezliklərinin alınması, bloqqerlərə qarşı aparılan məhkəmə prosesləri göstərir ki, demokratiya sahəsində ciddi geriləmə var. Azərbaycanın artıq köhnə problemləri – kütləvi korrupsiya, inhisarçılıq isə qalmaqda və çiçəklənməkdə davam edir.

6 İLİN BÖYÜK UĞURLARI

Rəsmilər isə deyilən fikirləri bölüşmür. Hakim YAP-a yaxın mətbuat İlham Əliyevin hakimiyyətdə olduğu illəri Azərbaycanın yüksəliş illəri kimi xarakterizə edib. Hakimiyyətyönlü mətbuat yazır ki, neft gəlirlərinin imkanlarından yararlanmaqla hakimiyyət son illər bütün ölkədə infrastrukturun inkişafı üzrə böyük işlər görüb, ölkədə 800 minə yaxın iş yeri açılıb, paytaxt Bakıda aparılan tikinti-quruculuq işləri nəticəsində Bakı Avropa paytaxtları ilə yarışacaq şəhərə çevrilib.

Regionların iqtisadi inkişafı üzrə dövlət proqramının icrası ilə bağlı hökumətin toplantısında prezident İlham Əliyev özü də bildirib ki, aparılan düzgün iqtisadi siyasət nəticəsində
İlham Əliyevin Qusara səfəri, 28 iyul 2005
qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib, milli valyuta öz məzənnəsini qoruya bilib:

- Son 5 ildə Azərbaycanda iqtisadi artım 2,5 dəfəyə çatıb, adambaşına düşən gəlir 5,5 min dollar, sənayenin istehsalı 2,5 dəfə artıb, 766 min yeni iş yeri açılıb, onlardan 547 mini daimi iş yerləridir, yoxsulluğun səviyyəsi kəskin şəkildə azalaraq 49 faizdən 13,2 faizə düşüb.

Hakimiyyətin siyasi rəqibləri isə fərqli düşünür. İlham Əliyevin ikinci prezidentlik dönəminin birinci ilinin yekunlarına qiymət verən Müsavat başqanı İsa Qəmbər deyir ki, İlham Əliyevin hakimiyyətdə olduğu 6 il Azərbaycan üçün itirilmiş illər, itirilmiş imkanlardır:

İTİRİLMİŞ İLLƏR

- Problemlər həll edilməyib, problemlərin çözümü üçün yaranan imkanların çoxu əldən verilib. İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan tam avtoritar ölkəyə çevrilib.

Azərbaycan Demokrat Partiyasının (ADP) lideri Sərdar Cəlaloğlu isə hesab edir ki, İlham Əliyevin birinci prezidentlik dönəmi son bir illə müqayisədə daha aktiv idi.
Sərdar Cəlaloğlu
ADP sədrinin sözlərinə görə, əgər bir neçə il öncə İlham Əliyevi regionlarda, vətəndaşlar arasında görmək mümkün idisə, son bir ildə bu təmaslar da gözə dəymir:

YERALTI KEÇİD DİPLOMATİYASI

- İlham Əliyevin keçirdiyi görüşlərdə məmurlardan ibarət kiçik bir qrup olur. O, son bir ildə ancaq prezident üçün o qədər də məqbul olmayan ən xırda – yeraltı keçidlərin açılması, hansısa binaya üzlük çəklməsi kimi önəmsiz məhəlli məsələlərlə bağlı ekranlarda görünür. Ona görə də son bir ili Azərbaycan üçün tam durğunluq ili kimi dəyərləndirirəm.

Cəlaloğlunun fikrincə, hakimiyyətin bu fəaliyyətsizliyi Azərbaycanın regionda baş verən proseslərə müdaxiləsi imkanlarını zəiflədib. Onun sözlərinə görə, regionda Türkiyə-Ermənistan dialoqunun yaranması ilə Azərbaycan xarici siyasətinin qarşılaşdığı böyük uğursuzluq dövlət başçısından çevik siyasət tələb edir.

Ancaq bu çətin situasiyadan Azərbaycanın uduşla olmasa da, itkisiz çıxacağı böyük sual altındadır.

Müsavat başqanı İsa Qəmbərin fikrincə isə, bu durğunluq uzun müddət davam etməyəcək və hakimiyyət ictimai və sosial problemlər məngənəsində sıxılan vətəndaşların ciddi müqavimətilə üzləşəcək.
XS
SM
MD
LG